Akademik İsa Həbibbəyli Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən VII beynəlxalq Altay topluluqları konfransında təmsil olunub.

AMEA-dan NUHÇIXAN-a bildiriblər ki, Türkiyə Altay Topluluqları Qurumunun Monqolustan Elmlər Akademiyası və Monqolustan Texnologiya İnstitutu ilə birgə təşkil etdiyi konfransda Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Qazaxıstan, Vyetnam və Qırğızıstanın görkəmli alimləri elmi məruzələrlə çıxış ediblər.

Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Gəmiqaya-Qobustan qayaüstü rəsmlərindən Orxon yazılarınadək” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Gəmiqaya-Qobustan qayaüstü rəsmlərindəki piktoqraflar və damğaların ümumtürk yazı mədəniyyətinin formalaşmasındakı rolundan, Orxon abidələrində Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə səsləşən motivlərdən bəhs olunub.

Monqolustan Elmlər Akademiyasında keçirilən görüşdə AMEA ilə əlaqələrə dair məsələlər müzakirə edilib. Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdelin iştirakı ilə aparılan müzakirələrdə qarşılıqlı elmi əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Qarşıdakı dövrdə Azərbaycan və Monqolustan alimlərinin iştirakı ilə Bakıda və Ulan-Batorda Orxon yazılı abidələrinə və ortaq tarixi problemlərə həsr olunmuş birgə elmi tədbirlərin keçirilməsi barədə razılıq əldə olunub.

Akademik İsa Həbibbəyli Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib.

Monqolustanda keçirilən tədbirlər çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Monqolustan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrə dair müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Monqolustan tərəfdən isə Dil və Ədəbiyyat İnstitutunun direktoru, professor Gaaadamba Bilquudei imzalayıblar.

Professor Gaaadamba Bilquudei Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi tədbirlərinə dəvət olunub.

İsa Həbibbəyli tanınmış monqol şairi və ədəbiyyatşünası, professor Dojooqiyn Sedevlə görüşüb. Monqolustan Yazıçılar İttifaqının sədri kimi 1973-cü ildə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 500 illik yubileyi tədbirlərində iştirak və çıxış etmiş Dojooqiyn Sedev ölkəmiz haqqında, “Neft Daşları”na və Qobustana səfərləri, Xalq Şairi Səməd Vurğunun ev-muzeyində olması, Xalq Yazıçısı Mirzə İbrahimovla görüşləri barədə xoş təəssüratlarını bölüşüb. Bildirilib ki, görkəmli monqol şairinin xatirələrinin Azərbaycan mətbuatında çap olunması təmin ediləcək.

AMEA-nın vitse-prezidenti VII beynəlxalq Altay topluluqları konfransına qatılan Türkiyənin İstanbul Maltəpə Universitetinin dekanı, professor Ramazan Qorxmaz və Monqolustan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Çulanla birlikdə bu ölkədəki məşhur Bilgə Kağan, Gültegin və Tonyukuq məzarüstü Orxon yazılı abidələrini ziyarət ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: