“Naxçıvan” Universitetində “Şərq qapısı”nın yubileyi qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Univeritetində “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə universitetin rektoru, dosent Nurlana Əliyeva “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki rolundan bəhs edib.
Rektor deyib ki, 1921-ci il noyabrın 9-da nəşrə başlayan qəzet Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr verib, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynayıb. Ötən əsrin 70-80-ci illərində Ümummilli lider Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilib, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görüb, 50 illik yubileyi qeyd olunub. 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırıb, informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olub.
Rektor qeyd edib ki, qəzet bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir.
“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında 100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, milli mətbuatımıza göstərilən diqqət və qayğıdan, “Naxçıvan” Universiteti əməkdaşlarının da ziyalı kimi qəzetdə müxəlif yazılarının dərc olunmasından danışıb. Bildirilib ki, qəzet keçmişdə olduğu kimi, bu gün də muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verir.
Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, "Şərq qapısı” qəzetinin məsul katibinin müavini Məhəbbət Mirzəyeva, “Naxçıvan” Univeritetinin əməkdaşları - elmi katib, dosent Əli Həşimli, dosent Nüşabə Məmmədova, dosent Əli Cabbarov çıxış edərək “Şərq qapısı” qəzetinin Naxçıvanın ictimai-siyasi, mədəni, sosial həyatında, milli mətbuatımızın inkişafında və jurnalist kadrların hazırlanmasındakı rolundan bəhs ediblər.
Sonda qəzetdə məqalələrlə mütəmadi çıxış edən universitet əməkdaşlarına “Şərq qapısı” qəzeti redaksiyası adından mükafatlar, “Naxçıvan” Univeriteti tərəfindən isə qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Səriyyə Alməmmədova