NUHÇIXAN-ın məlumatına görə, bir neçə gündür ki, İrəvan Apellyasiya Məhkəməsi Robert Koçaryanın həbs qətimkan tədbirini dəyişmək haqqında şikayətini müzakirə edir. Bu arada, Ermənistan KİV-ləri Nikol Paşinyanı ölkədə demokratiyanı boğmaqda günahlandırır. Şirakda isə Şirak Universitetinin prorektoru Anait Fərmanyan axtarışa verilib. O, böyük fırıldaqçılıqda ittiham olunur.
İrəvan Apellyasiya Məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirini dəyişmək haqqında şikayəti ilə bağlı dinləmələr davam edir. Sabiq prezident barəsində birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirini dəyişmək haqqında vəsatətin araşdırılması prosesi 9 avqustda başlanıb. İlk məhkəmə gününün sonunda Koçaryanın vəkili Hayk Alumyan bildirib ki, bunun səbəbi ittihamçı və müdafiə tərəflərinin arqumentlərini tam təqdim etməyə vaxtın çatışmamasıdır. Məhkəmə prosesi qapalı rejimdə keçirilir. Proses saat 12-də başlayıb, vəkillər jurnalistlərin suallarına məhkəmədən sonra cavab verməyi vəd ediblər. Apellyasiya Məhkəməsinə 2 vəsatət təqdim edilib. Biri ilə birinci instansiya məhkəməsinin qərarını ləğv edib Robert Koçaryanın azad edilməsi, ikinci vəsatətlə isə həbs tədbirin girovla azadlığa buraxılması təklif olunur. Çərşənbə günü Ermənistan Baş Prokurorluğu 40-dan çox deputatın eks-prezident Robert Koçaryanın həbs qətimkan tədbirini dəyişmək haqqında zaminliyini qəbul etməyib. Robert Koçaryan “1 mart 2008-ci il” cinayət işi üzrə “konstitusiya quruluşunu dəyişmək, güclə hakimiyyəti ələ keçirməkdə” ittiham olunur. Bu ittihama görə, 15 ilədək həbs cəzası nəzərdə tutulur. İrəvan birinci instansiya məhkəməsinin qərarı ilə Robert Koçaryan iyulun 27-də iki ay müddətinə həbs olunub. Robert Koçaryan və vəkilləri onun siyasi təqibə məruz qaldığını deyirlər. Ermənistan bütün baş verənləri şok içində izləyir. Baş nazirin əmri ilə hökumət iclaslarının jurnalistlərin üzünə bağlanması isə işğalçı ölkədə demokratiyanın və “məxməri inqilab”ın lider kimi Paşinyanın özünün intiharı kimi dəyərləndirilib. Ermənistan KİV-ləri Siyasətə jurnalistikadan gəlmiş, hələ də “Haykakan jamanak” qəzetinin təsisçisi olan Nikol Paşinyanın təhlükəsizlik bəhanəsi adı altında demokratiyanı boğmasını başa düşə bilmirlər. Jurnalist Tevos Arşakyan bununla bağlı “ArmenianReport”da yazır: “Bu, demokratiya üçün həyəcan təbilidir. Keçmişə qayıdış başlayıb və hələ dünənə kimi heyran qaldığımız, Ermənistanın taleyini həvalə etdiyimiz Nikol Paşinyan 100 gün arxaya baxsa, özünün demokratiya şüarı altında üzərlərində qələbə qazandığı sələflərinin sonunun necə olduğunu görsə idi, yaxşı olardı”,- deyə Tevos Arşakyan vurğulayıb. Paşinyanı isə indi yalnız 2019-cu ilin yazına təyin edilmiş növbədənkənar parlament seçkilərində qalib gəlmək maraqlandır. Bu istiqamətdə 17 avqusta təyin etdiyi mitinqə ciddi hazırlaşır və maksimum çox adam cəlb edərək güclü görünmək istəyir. Şirak vilayətində isə Şirak universitetinin prorektoru Anait Fərmanyan axtarışa verilib. O, deputat Samvel Farmanyanın bacısıdır. Prorektor böyük fırıldaqçılıqda ittiham olunur. Məlumata görə, Anait Fərmanyan 2012-2016-cı illər ərzində 3529 nəfərə saxta diplom vermək üçün 20 milyon drama yaxın pul alıb. Onun barəsində həbs qətiimkan tədbiri seçilsə də prorektorun yerini müəyyənləşdirmək mümkün olmayıb.