Hər şey oradan başladı. Ağcabədi rayonun Haramı düzündən. Yusifcanlı kəndi istiqamətində yerləşən mövqelərdən. Hansı ki həmin yerdə düşmən postları ilə onların mövqelərini cəmi 20 metr məsafə ayırırdı.
Qədim diyar Naxçıvanın igidlər yurdu Şərur rayonun tarixi kəndi Yengicədə böyüyüb boya-başa çatan Orxan Əkbərov qəhrəman Azərbaycan Ordusunun zabiti kimi həqiqi hərbi xidmətə gəlmişdi. Naxçıvandan uzanan yol Ağcabədi rayonun ucsuz-bucaqsız Haramı düzündə bitmişdi. O buraya birillik xidmət üçün gəlsə də gördükləri, yaşadıqları həyatını hərbçi kimi şərəfli bir peşəyə həsr etməyə sövq etmişdi onu. Torpağın iki metr dərinliyində yatır, yemək yeyir, düşmənin beş on metrliyində xidmət etsə də günlərini saymır əksinə, hərbi formanı sevir, onu üzərində daşıdığı üçün qürur duyurdu. 2001-ci ildən bu günə kimi bir an belə, nə o ayağındakı çəkmələrin əziyyətindən, nə də ki yayın istisində, qışın soyuğunda üstündə daşıdığı formanın, silahın ağırlığından danışmadı. 2004-cü ildə ilk dəfə onun səsində həyəcanla qarışıq sevinc və kədər duydum. Bunun səbəbi isə Yusifcanlı əməliyyatında yaxın dostu olan Daşqının şəhid olması idi. Həmin gün and içdi bu yolun sonuna kimi gedəcəyinə. Hansı ki həmin gün bir neçə ay sonra dünyaya gələcək övladını görmədən yaxın dostunun qollarında gözlərini yumub, alın qisasımızı oğullarımıza qalmasın demişdi qisasımız Daşqın. Yol uzun çox keçməkeşli olsa da Vətən uğrunda candan, sağlamlıqdan keçməyə dəyərdi.
O, 2008-ci ilə kimi Ağcabədi rayonun N hərbi hissələrinin düşmənə yaxın mövqelərində xidmətini davam etdirdi. Həmin ilin avqustunda xidməti vəzifənin davamı üçün Beyləqan şəhərinə köçürüldükdən iki il sonra həmin hərbi hissəni tərkibindəki bir taqım sərhədin müdafiəsinin daha yaxşılaşdırılması planına əsasən Füzuli rayonun Alxanlı kəndinə köçürüldü. Hərbçi ailəsi olmaq çətindi, amma şərəfi, qüruru ondan çoxdur. Zobucuq qəsəbəsində salınan qəsəbədə yaşayırdıq, o isə Alxanlıda xidmətini edirdi. Evə çox gec-gec gələrdi, üzünü görəndə də, ancaq əsgərlərinin şücaətindən və ermənilərin bizim torpaqlarımızda var-gəl etməsinin onları təngə gətirməsindən danışardı. Səbri daşır insanın deyərdi cənnət kimi torpağımızda o mənfurları görəndə Füzuli rayonundan sonrakı ünvanımız Goranboy rayonun Ağcakənd qəsəbəsi oldu. Hər xidmət yeri dəyişdikcə rütbə və vəzifə də dəyişsə də, xidmətin tək ünvanı Vətən idi onun üçün. Əsgərləri öz balası kimi görürdü. Hər bayramda, əziz günlərdə əsgərləri üçün öz maaşı ilə süfrə açar, yeməkləri sən bişir qoy analarının əlim dadını hiss etsinlər deyərdi. Ağcakənd qəsəbəsində yaşasaq da, o, Meşəli kəndində yerləşən taborda xidmət edirdi. Xidmətinin 15-ci ilində arzuladığı gün gəlmişdi. Bir aprel səhəri igid əsgərlərimizin atəş səsi ilə açıldı sabahımız. Elə bir günəş doğuldu ki, həmin günü səbirsizliklə gözləyən bütün hərbçilər torpağın bir qarışını azad etmək üçün irəli atıldı. İllər sonra atəş əmrinin verilməsi onun kimi yüzlərlə zabitin sevincinə səbəb olmuşdu. Dörd gün davam edən döyüşün hər anı bir əsrə bərabər oldu. Əvvəllər adi yüngül bir silahdan atılan güllə, partlayan mina səsi cəbhə bölgəsindəki insanları təşvişə salırdısa, həmin günlərdə ətrafa yayılan yaylım atəşləri, top mərmilərinin səsləri heç bir qorxuya səbəb olmurdu. Sakinlər yaşadığı kəndi tərk etmək istəmirdi, qadın, uşaq, ağsaqqal, ağbirçək başlarının üstündən gurultu ilə keçən mərmilərdən qorxmayıb onların – düşmənin mövqelərini sərrast vurmağını gözləyirdilər. Düşmən mövqeyinə hər düzgün atılan mərmi cəbhədəki əhali tərəfindən sevinclə, alqışla qarşılanırdı. Hər kəsin ürəyi cəbhədə, səngərdə döyündü. 4 gün gecə-gündüz cəbhəboyu bütün Azərbaycan heç kim gözünü bir an belə yummadı. Həmin günlərdə Azərbaycanın hər evi səngərə, hər vətəndaşı əsgərə çevrildi. Və illərdir gözlədiyimiz qələbə xəbəri gəldi ilk qələbə Talış və Lələtəpə yüksəkliyi düşməndən azad edilmişdi. Sevinci sonsuz idi çünki o indiyə kimi xidmət etdiyi bütün cəbhəboyu zonalarda düşməni hər gördükcə bu günü arzulamışdı. Sevinci dolu idi gözləri, kədəri isə əziz dostu qardaşı komandiri olan səngərdə çiyin-çiyinə döyüşdüyü Raquf Orucovu və onun kimi dəyərli Vətən oğullarını itirməsi idi. Onlar bu qələbə üçün canlarından keçmişdi. Aprel zəfərindən sonra bir çox hərbçi mükafatlandırıldı bizim ailənin hədiyyəsi isə Naxçıvanımıza köçürülmək qərarı oldu. Naxçıvan şəhərindəki xidmətimizdən sonrakı ünvan isə Gəncə-Göygöl rayonu oldu. Vətən müharibəsi başlayandan bir neçə gün sonra Cəbrayıl, Füzuli, Qubadlıya düşdü yolu. Hər kənd, hər rayon düşməndən azad olduqca sevincimin həddi-hüdudu olmurdu. Mən onun harada, hansı kənddə döyüşdüyünü bilməzdim deməzdi heç nəyi. Bir o vaxta kimi ki, müharibədə ağır beyin travması alaraq günlərdi hospitalda olduğunu hərbçi yoldaşları deyənə kimi. Sonradan öyrənirəm ki, Cəbrayıl rayonu azad ediləndə səhhəti pisləşsə də, hospitala getməkdən imtina edib Qubadlı, Füzuli uğrunda gedən döyüşlərə qatılıb.
Müharibə artıq 7 aya yaxın bir müddətdir ki, bitib neçə-neçə igidlər canından, neçələri isə sağlamlığından keçdi yurdumuz Vətənimizə qovuşsun deyə. Onlar canından, sağlamlığından keçdi ki, bu od balalarımızı yandırmasın. Öz canları ilə söndürdülər illərdir alovlanan dərdimizi.
Bu gün ürəyimdən keçənləri ağ vərəqə köçürməyə qərar verməyimin səbəbi Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərəncamları oldu. Hansı ki həmin sərəncamlarda adı çəkilənlərdən Zəngilan və Cəbrayılın azad edilməsinə görə medalı ilə təltif olunanlardan biri də Vətənə 20 illik xidmətinin 17 ilini mənimlə bölüşən həyat yoldaşım Orxan Əkbərovdur. Onun səngərdə mənim isə övladlarımla bərabər səngərlərə ən yaxın kəndlərdə illərlə çəkdiyimiz zəhmətin bəhrəsi Vətənə xidmənin ən gözəl mükafatıdır bu medallar. Düzdür, qüsursuz keçən 20 illik xidməti dövründə fəxri fərmanlar, medallar çox gəlmişdi evimizə, amma bunların Qələbə münasibətilə gələnlərin yeri tam başqadır ailəmiz üçün. Bu gün çox qürurluyam, 20 ildir ki, Vətən borcunu cəbhədə, səngərdə yerinə yetirən və müzəffər Ordunun zabitinin yoldaşı kimi şərəfli adı daşıyıram. Və çox sevinirəm ki, böyük qələbə də bizim də ailəmizin bir fərdinin əməyi var.
Ramiyyə Əkbərova