Muxtar respublikada informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası yaradılacaq
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci il 28 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”nı təsdiq edib. Qanunvericiliyə uyğun olaraq informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Naxçıvan Muxtar Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya qanunvericiliyə uyğun olaraq ekspertin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur.
“Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası, Mədəniyyət Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya məhsulunun mövzusu, janrı, məzmunu, bədii tərtibatı, eyni zamanda uşaqların sağlamlığının və fiziki, psixi, əxlaqi inkafına zərər vurma ehtimalını nəzərə almaqla, informasiya məhsulunun işarələnmədiyi və yaxud qanunvericiliyin tələblərini pozmaqla işarələndiyi hallarda müstəqil şəkildə həmin informasiya məhsulunun ekspertizasını təşkil edə bilər. Qanunvericiliyə əsasən, informasiya məhsulunun ekspertizasının sifarişi 30 gündən çox olmaması şərti ilə ekspert təşkilatı ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Ekspertizanın nəticələrini əks etdirən ekspert rəyi qanunvericilikdə göstərilən tələblərə uyğun olaraq ekspertizanı sifariş edən şəxsə təqdim edilməlidir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi” də təsdiq edilib. Əsasnamə Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının fəaliyyətini tənzimləyir. Qanunvericiliyə əsasən, Ekspert Şurası informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert rəyindən razı olmayan hüquqi və ya fiziki şəxslərin şikayətlərinə baxır və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün tədbirlər görür. Əsasnaməyə uyğun olaraq, Ekspert Şurası Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılır və tərkibinə 3 müstəqil ekspert, eləcə də Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası, Mədəniyyət Nazirliyi, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri daxildir. Şuranın tərkibinə seçilmiş müstəqil ekspertlər pedeqogika, psixologiya və ya uşaq psixiatriyası sahəsində ali təhsilə malik olmalıdırlar. Şura öz işini qanunçuluq, kollegiyalıq və qərəzsizlik prinsipləri əsasında qurur və ictimai əsaslarla fəaliyyət göstərir. Onun qəbul etdiyi qərar həmin andan qüvvəyə minmiş hesab edilir. Bu qərardan məhkəmə qaydasında şikayət edilməsi qanunvericiliklə mümkündür.
Ekspert şurasına seçilmiş ekspertlər müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslərdir. Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasını aparan şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs - yəni, ekspert təşkilatı bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcəkdir.
Ekspert Şurasında təmsil olunmaq istəyən şəxslər Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi informasiya saytında (aqupdk.nakhchivan.az) və rəsmi sosial medya hesablarında yerləşdirilən elandan ətraflı məlumat əldə edə bilərlər.