Muxtar respublikada su təminatının yaxşılaşdırılması davam etdirilir

A- A A+

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, əkin sahələrinin suya olan tələbatını ödəmək üçün iyun ayında bir sıra tədbirlər görülüb, su istifadəçilərinə 50,2 milyon kubmetr su verilib, bunun müqabilində 41 min 998 hektar torpaq sahəsi suvarılıb, 8 kilometr beton və torpaq kanal, 24 kilometr ara arxlar və 6 kilometr kollektor lildən təmizlənib, 11 kilometr uzunluğunda yeni suvarma boru xətti çəkilibdir. Qeyd olunan dövrdə Şərur, Babək və Sədərək rayonlarında, ümumilikdə, 153,7 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.

Mütərəqqi suvarma şəbəkələrinin qurulması və yeni su xətlərinin çəkilməsi sahəsində görülən işlər ötən ay da diqqətdə saxlanılıb, Kəngərli rayonunun Böyükdüz kəndinin 339 hektar ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 10,5 kilometr suvarma xətti çəkilib, 150 hovuz və hidrant quraşdırılıb.

Muxtar respublikada su təminatının həyata keçirilməsində subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə olunur. Qeyd olunan dövrdə 103 subartezian quyusunda təmir-bərpa işləri aparılıb, 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilib.

İyun ayında həyata keçirilən tədbirlər sırasında əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması da diqqətdə saxlanılıb, 520 metr yeni içməli su xətti çəkilib. Bu dövrdə “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində, Kəngərli rayonunun Qarabağlar və Yurdçu kəndlərində tikinti işləri davam etdirilib, Xok kəndində 6,9 kilometr yeni içməli su xətti çəkilib, 232 evin içməli su xəttinə birləşməsi aparılıb, 300 su sayğacı quraşdırılıb. Həmçinin Sədərək rayonunun Dəmirçi kəndində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikinti işləri davam etdirilib, 19,4 kilometr müxtəlif borularla su xətti quraşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: