Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nəbatat bağında becərilən ekoloji təmiz, saf meyvələrin, eləcə də digər məhsulların sovqat verilməsi, satışı, müxtəlif növ meyvə məhsullarının tədarükü, hazırlanan bitki ekstraktları və yağların tərkibinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Hazırda Bölmənin Ordubad rayonunun Əylis kəndi ərazisində yerləşən Biokimyəvi tədqiqatlar laboratoriyasında müxtəlif tipli məhsulların – meyvə şirəsi, kompot, mürəbbə, cem, bəkməz və standartlara uyğun meyvə quruları istehsal olunur. Məişətdə geniş istifadə olunan gülab, sağlamlıq üçün olduqca faydalı bitki yağları və ekstraktlar hazırlanır.
Həmçinin Bölmədə istehsal olunan müxtəlif tipli məhsulların yarmarkalarda festivallarda satışı təmin olunur. Burada becərilən meyvələrdən əsgərlərə sovqat da aparılır.
Qeyd edək ki, Bölmənin “Yaşıl aptek”ində müalicəvi əhəmiyyətə malik qatqısız istehsal məhsullarının uyğun qiymətlərlə satışı da təmin edilib.