Şərur və Ordubad rayonlarında vətəndaşlara səyyar xidmət göstərilib - FOTOLAR
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu 6-7 iyul tarixlərində Şərur və Ordubad Rayon Təhsil şöbələrinin inzibati binasında bu bölgələrdə yaşayan sakinlərə xidmət göstəriblər.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, səyyar xidmət zamanı müəllimlərin dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstərilib.
Xidmətin həyata keçirilməsi zamanı könüllülər təlimlər zamanı əldə etdiyi bilikləri tətbiq edərək mərkəzin əməkdaşının müşayiəti ilə vətəndaşlarla birbaşa ünsiyyətdə olub, onlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edib, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq skan edilmiş surətlərini şəxsi kabinetə yükləyib və qeydiyyatdan keçirərək müsabiqədə iştiraklarını təsdiq ediblər.
İki gün ərzində Şərur və Ordubad rayonlarında yaşayan, ümumilikdə, 52 vətəndaşa səyyar xidmət göstərilib.
Qeyd edək ki, həyata keçirilən səyyar xidmət layihəsinin məqsədi vaxt və maliyyə itkisinin qarşısının alınması, rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət İmtahan Mərkəzinin inzibati binasına gələ bilməyən vətəndaşlara səyyar elektron xidmət göstərməkdir. Səyyar xidmətin təşkili vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırmağa, sənədləşmə işlərinin yerində və qısa zamanda həll edilməsinə imkan yaradır.
Həyata keçirilən xidmət sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən razılıqla qarşılanıb.