30 illik yubileyini qeyd edən "İki sahil" qəzeti illərin sınağından mətanətlə çıxan bir mətbu orqandır. Ən başlıcası isə yarandığı ilk gündən ulu öndər Heydər Əliyevin ideya və fikirlərini həmişə, hətta ən dar məqamlarda belə xalqa çatdıra bilmək cəsarəti göstərmişdir. Qəzetin mövqeyi dövlətçiliyə və milli maraqlara uyğun olduğundan onun məqalələri və təhlilləri qərəzsiz və obyektiv olmuşdur.
Qəzetin fəaliyyətə başladığı 10 iyul 1991-ci il tarixinə diqqət yetirdikdə aydınca görünür ki, bu mətbu orqan ölkəmizin mürəkkəb və çətin anlarında ərsəyə gəlib. Eyni zamanda qəzet fəaliyyətə başladığı gündən görkəmli dövlət və siyasi xadim Heydər Əliyevi Azərbaycanı siyası böhrandan xilas edəcək yeganə şəxsiyyət kimi görərək onun hakimiyyətə qayıtması üçün xalqın bir tribunası rolunu oynamışdır.
Ümumiyyətlə, bu, həmin dövr idi ki, azad sözə, cəsarətli qələmə ehtiyac var idi. Məhz bu missiyanı o dövrdə yeni yaranmış azsaylı qəzetlərdən biri olaraq "İki sahil" öz üzərinə götürdü. Xüsusən, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün narahatlığını, o cümlədən ölkəmizin inkişaf prioritetlərinə dair fikirlərini bu qəzet çəkinmədən dərc edirdi. Heç təsadüfi deyildi ki, Azərbaycanın ən ağır günlərində ölkə ziyalılarının ulu öndər Heydər Əliyevə tarixi müraciətini də (91-lərin məşhur müracəti) ilk dəfə dərc edən qəzetlərdən biri "İki sahil" oldu. Bir sözlə, məhz bu cəsarətli mövqeyinə görə "İki sahil" qısa müddətdə özünə xeyli oxucu auditoriyası və inamı qazandı.
Təsadüfi deyil ki, Ulu Öndər YAP-ın yaranmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində demişdi: "Mən hesab edirəm ki, "İki sahil" qəzeti çox iş görmüşdür. O vaxt bu qəzet çox cəsarətli yazılar verirdi... Hələ Yeni Azərbaycan Partiyası yaranandan xeyli əvvəl Naxçıvanın problemləri, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının fikirlərini dərc etməkdə yaxşı fəaliyyət göstərərdi, indi də göstərir. Mən bunu yüksək qiymətləndirirəm".
Qəzet öz yubileyini qalib Azərbaycanın, qüdrətli Azərbaycanın var olduğu xoş bir dövrdə qeyd edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Zəfər savaşında "İki sahil" də arxa cəbhədə öz sözünü deyirdi. Əslində oxucular üçün o qəzet daha əziz olur ki, orada informasiyalar əsaslanmış və dəqiq şəkildə ictimaiyyətə çatdırılır. Bu mənada, "İki sahil"in oxucuları həmişə öz qəzetlərinə güvəniblər, ondan yalnız informasiya deyil, həm ölkəmizin, həm də öz şəxsi gələcəklərinə dair böyük inam və ümid əldə ediblər.
"İki sahil" qəzeti bu gün də Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli inkişaf qəzetin daimi mövzularındandır. Qəzet dövlətimizin inkişafı üçün həyata keçirilən böyük siyasəti təbliğ eməklə, eyni zamanda Azərbaycanın ən çox informasiyalı və obyektiv qəzeti kimi tanınır. Bəli, bu, bir faktdır ki, qəlbi və ruhu gözəl insanlar gözəlliyi və abadlığı öncə görənlərdir, ondan qürurlanmağı bacaranlardır. Bu mənada, "İki sahil" qəzetinin kollektivi bu xarakterlərini öz yazılarında, dövlətimizə xidmətlərində daha qabarıq göstərirlər.
Yazılarında və informasiyalarında dəqiqliyə və operativliyə önəm verən «İki sahil» qəzeti həmişə dövlətin və millətin maraqlarını qoruyan bir mətbuat orqanı kimi özünü təsdiq edib. Xüsusən harada dövlətçiliyimizə qarşı qərəz və böhtan səslənibsə, qəzetin kollektivi öz yazıları və sözləri ilə sipər olub. Qürur hissi ilə demək olar ki, jurnalist etikası prinsiplərini və peşəkarlığını vəhdət şəklində inkişaf etdirən "İki sahil" yeni nəsil jurnalistikaya örnək olmuşdur. Bir faktı xüsusi olaraq vurğulamaq lazımdır ki, qəzetin çətin bir vaxtda fəaliyyətə başlamasına baxmayaraq mübarizliyini əldən verməmiş, xalqın və ölkəmizin taleyüklü məsələlərinin işıqlandırılmasında kəskin mövqe sərgiləmiş, azad sözün və demokratiyanın inkişafına öz töhfəsini vermişdir.
Qürurverici faktdır ki, "İki sahil" qəzeti hadisələrə təmkinli və obyektiv münasibət sərgiləməklə ötən 30 ildə çoxsaylı qəzetlər ordusu sırasında nəinki itib-batmamış, hətta ciddi nüfuz qazanmışdır. Fəaliyyətə başladığı gündən indiyədək qəzetin daim riayət etdiyi prinsiplərdən biri mətbuatın, hər bir vətəndaşın, jurnalistin mənəvi zənginləşməsinə xidmət edən yazıların dərc edilməsidir.
"İki sahil" qəzeti 30 illik yubileyini qeyd etsə də, onun keçdiyi yola, keşməkeşli dövrlərdəki fəaliyyətinə baxanda 100 yaşlı qocaman bir mətbu orqanını xatırladır. Lakin bununla bərabər, qəzet müasir dövrün tələblərinə uyğun olaraq yeniliklərə açıqdır.
Bu gün "İki sahil" qəzetinin eyniadlı saytı, eyniadlı internet televiziyası diqqətçəkəcək qədər populyardır və həm böyük oxucu, həm də tamaşaçı auditoriyasına sahibdir. Naxçıvan Televiziyası və NUHÇIXAN İnformasiya Agentliyinin əməkdaşları da "İki sahil" qəzetinin kollektivini təbrik edir, daha böyük yaradıcılıq uğurları arzulayır.