Naxçıvanda daha 29 ailə özünüməşğulluq proqramına cəlb olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində daha 29 sosial qayğıya ehtiyacı olan ailəyə aktivlər təqdim olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Culfa rayon Məşğulluq Mərkəzinin direktoru Ülvi Rzayev ötən dövr ərzində proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.
Tədbirdə aktiv verilən ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Özünüməşğulluq proqramına cəlb olunan vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilən aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iyun ayında həyata keçirilən özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib. Ailələrdən 19-nun hər birinə 2 baş iribuynuzlu, 4-nə 20 baş xırdabuynuzlu, 2-nə mini yerşumlayan aqreqat, 2-nə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1-nə otbiçən aqreqat, 1-nə isə mebel təmiri və üzlənməsi üçün avadanlıq və ləvazimatlar verilib. Özünüməşğulluğu təmin edilən şəxslərdən 2-si şəhid ailəsi, 2-si müharibə veteranı, 4-nün isə ailə üzvləri arasında qazi olan şəxslər təşkil edib.
Özünüməşğulluq proqramına cəlb edilən ailələrdən biri təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona arpa-buğda qıran aqreqat verilib.
Qeyd edək ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada əhalinin səmərəli məşğulluğuna yönəldilən tədbirlərin davam etdirilməsi, özünüməşğulluq proqramı üzrə görülən işlərin nəticəli olmasına çalışılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıqlar verib.
Novruz Məmmədov