Bolqarıstan mətbuatı Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi barədə yazıb - FOTOLAR
Bolqarıstanın aparıcı “Fokus” və “Cross” xəbər agentlikləri, nüfuzlu “24 Saat” və “Standart” qəzetləri Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi barədə silsilə məqalələr yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalələrdə aparılmış təhlillər nəticəsində Oxçuçayın Ermənistan ərazisində kəskin çirklənməyə məruz qaldığı bildirilir. Çayın dağ-mədən sənayesinin tullantıları ilə hədsiz çirkləndiyi, onun sanki sənaye tullantılarının kollektoru rolunu oynadığı, çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olduğu üçün su ehtiyatlarının Azərbaycan ərazisində istifadəsini yararsız etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür, Araz çayı isə Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır.
Yazılarda Ermənistanın iri mədən müəssisələrinin Oxçuçayın mənbəyində yerləşməsinin onun çirklənməsinin əsas səbəbi olduğu bildirilir. Vurğulanır ki, ağır metalların tullantılarının çaya axıdılması təkcə onun canlı aləmini və ekosistemini məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükə yaradır.