Ana təbiətlə daim vəhdətdə olmuş ulularımız ətrafda baş verən prosesləri yaxından müşahidə edər, fəsillər üzrə havanın, temperaturun dəyişməsi əsasında həyatlarını qurardılar. Xüsusilə də soyuq qış günlərinə hazırlıq diqqətdə saxlanılar, yazın ilk günlərindən payızın son günlərinə kimi lazımi işlər görülər, soyuq günlərin azuqəsi isti günlərdə tədarük edilərdi.
Azərbaycan etnoqrafiyasında, xalq həyatında mövcud olan məişət adət-ənənələrinin başında qışa hazırlıqla bağlı görülən işlər xüsusi yer tutur. Hələ qədim dövrlərdən etibarən ulularımız yazın gəlişi ilə əkin-biçin işlərinə girişir, torpağı əkib becərir, yabanı bitkiləri toplayaraq qurudur, bağ-bağatdan meyvələri dərərək qax halında, yaxud da qablaşdıraraq qışa saxlayırdılar. Bu müddətdə işləyən, tərtökən zəhmətkeş insanlar yaxşıca anlayırdılar ki, əziyyətlərinin bəhrəsini qış aylarında görəcək, həm özləri, həm də ailə üzvləri rahat olacaq, xoşbəxt ömür sürə biləcəklər. Xalqımızın soyuq, şaxtalı qış aylarına dərbədirrik etdiyi, hazırlıq gördüyü ilin bu dövrü əcdadlarımız tərəfindən “dirrik ayı” adlandırılıb. Ən qədim dövrlərdən bəri yaşadılan bu ənənələr bu gün də davam edir.
“Dirrik ayı”nda görülən işlərin başında taxılçılıq sahəsində həyata keçirilən tədbirlər xüsusi yer tutur. Belə ki, erkən yazdan etibarən zəmilərə çıxan, toprağı şumlayan zəhmətkeş insanlar özlərinə məxsus sahələrdə müxtəlif əkinlər həyata keçirir, onu suvarır, böyüdüb boya-başa çatdırırlar. “Dirrik ayı” müddətində isə zəmilərdən bol məhsul tədarük olunur. Aylarla hər bir zəhmətə qatlaşan əkinçi əldə etdiyi məhsulla özünün dolanışığını təmin edir, bir hissəsini isə qış azuqəsi olaraq saxlayır.
Xalq təqviminin “dirrik ayı” dövründə qışa hazırlıqla bağlı görülən işlərdən biri də bitkilərin, müalicəvi əhəmiyyətli otların yığılması və qurudulması hesab olunur. Erkən yazdan başlayaraq dağlarda, dərələrdə bitən bu yabanı bitkilər toplanılır, gün altında, qapalı yerlərdə təmizlənərək qurudulur, “dirrik ayı” müddətində isə həmin qurudulmuş bitkilər təmizlənir, ot-alafdan ayırd edilir. Daha sonra bu bitkilər torbalara, məxsusi qablara yığılaraq saxlanılır və soyuq qış aylarında həm dərman kimi, həm də ərzaq halında istifadə edilir.
“Dirrik ayı” ərzində yerinə yetirilən işlərin başında bağ-bağatdan dərilən meyvələrdən kompotların, mürəbbələrin, eləcə də bostan-tərəvəz bitkilərindən ərsəyə gətirilən turşuların hazırlanması və qış aylarına saxlanılması da var. Belə ki, yığılan meyvələrin bir hissəsi qurudulur, qax edilir, digər bir hissəsindən isə kompotlar, doşablar hazırlanır, mürəbbələr bişirilir. Bostan-tərəvəz bitkilərindən, həmçinin bəzi meyvələrdən həm də gözəl turşular qoyulur, soyuq qış günlərinə tədarük edilir.
Yazın gəlişi ilə başlanılan yem tədarükü xüsusilə “dirrik ayı”nda daha da intensiv hal alır. Bu müddətdə zəmilərdən əldə edilən saman, yonca və ot preslənir, buğda, arpa çuvallara yığılaraq saxlanılır, qış aylarına tədarük edilir. Ümumiyyətlə, xalq həyatında, məişətində soyuq, qarlı-qadalı qış aylarına hazırlıq xüsusi yer tutur. Bu baxımdan “dirrik ayı” kəndlinin ən çox çalışdığı aylardandır.
Keçmiş zamanlardan deyərdilər ki, ilin bu dövrü ərzində görülən işlər kəndlinin qışdan necə çıxacağını təxmin etməyə imkan verir. Məhz buna görə xalq təqvimində “dirrik ayı” öz əhəmiyyəti ilə seçilir.
Anar Qasımov
“Yeni Həyat” qəzeti