Yayın dadlı və faydalı bitkisi - Pərpərən - FOTOLAR

A- A A+

Təbiətimiz müxtəlif dərman bitkiləri ilə zəngindir. Elə bitkilər var ki, həyətlərdə, bağ-bağçalarda bitir, lakin bir çoxları onların faydalarını bilmədiyi üçün alaqlayır. Belə bitkilərdən biri də pərpərəndir. Hələ orta  əsrlərdə “bəzəkli bitki” adlandırılan pərpərənlə ilan sancmasını, yuxusuzluq və müxtəlif yaraları müalicə ediblər.  Təsadüfi deyil ki, ərəb təbibi İbn Sina bu bitkini ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirib. Yayda bağ və bostanlarda yabanı halda geniş yayılan pərpərənin tərkibi vitaminlər, üzvi turşular, zülallar və digər faydalı maddələrlə zəngindir. Həkimlərin dediyinə görə, dərman vasitəsi kimi təzə yarpaqları və toxumları da faydalıdır.

Yerə sərilən balaca gövdəli, yarpaqlı ətirli ot bitkisinin çiçəkləri xırda sarı, qırmızı rəngdə olur, tək-tək və ya topa halda gövdə yarpaqlarının qoltuğunda yerləşir. Qumabənzər toxumları isə tünd bozumtul və yaxud qara rəngdədir. Qida vasitəsi kimi bitkinin cavan zoğlarından və yarpaqlarından geniş istifadə olunur. Mülayim yandırıcı və turşməzə dadı var. Pərpərən mədə-bağırsaq, əsəb gərginliyi, zəiflik əleyhinə, zob, qaraciyər xəstəlikləri, beynin inkişafı, göz zəifliyi üçün istifadə oluna bilən bir nemət, həm də gözəl dadı olan qida vasitəsidir. Tərkibində başqa bitkilərdə nadir rast gəlinən noradrenalin olduğundan insanda yaranan yüksək qan təzyiqini aşağı salır. Yay fəslində bol-bol yeyildikdə bədəndə toplanmış artıq xolesterini yandırır. Tərkibi omeqa 3-lə də zəngin olan pərpərən uşaqlarda beynin inkişafı üçün olduqca faydalıdır. Kənd yerlərində yaşayanlar, əkinlə məşğul olanlar bu alaq bitkisini çox yaxşı tanıyırlar. Yayda ən çox sevilən qidalardan biri də qatıqlı pərpərəndir. Pərpərəni çiy olaraq salatlara qarışdırıb yemək daha faydalıdır. Bu yabanı qida bitkisindən  çox dadlı turşu da hazırlanır.

                                                                  “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: