Orta İxtisas Polis Məktəbinin birinci buraxılış mərasimi keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin birinci buraxılış mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov qeyd edib ki, Orta İxtisas Polis Məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılıb. Böyük uzaqgörənliklə yaradılmış məktəb muxtar respublikanın hüquq mühafizə orqanlarının kadr təminatının həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir. Məktəbin məzunları təkcə daxili işlər orqanlarında deyil, həm də digər güc strukturlarında orta rəis heyətinin komplektləşməsinə töhfə verəcək. Eyni zamanda məktəb gənclərin ixtisaslı kadr kimi yetişərək muxtar respublikanın inkişafında, sabitliyin və əmin-amanlığın təmin olunmasında yaxından iştirakına şərait yaradır.
Bildirilib ki, Orta İxtisas Polis Məktəbi subbakalavr diplomu verir. Qanunvericiliyə əsasən məktəbi yüksək nəticələrlə bitirən məzunlar müvafiq ali məktəblərə imtahansız qəbul oluna və təhsillərini davam etdirə, digərləri isə polis və digər hüquq-mühafizə orqanlarında işləyə bilərlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri, general-leytenant Fazil Ələkbərov məzunları buraxılış mərasimi münasibətilə təbrik edərək deyib ki, bu gün məzun olan 25 gənc zabit daxili işlər orqanlarının müxtəlif xidmət sahələrində vəzifələrinin icrasına başlayacaqlar.
Qeyd olunub ki, daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini qarşıya qoyulan vəzifələri bundan sonra da tam həcmdə yerinə yetirəcək.
Tədbirdə polis kiçik leytenantı Miribrahim Qasımov çıxış edərək onlar üçün yaradılan şəraitdən danışıb, gələcəkdə asayişin və ictimai sabitliyin qorunmasında yaxından iştirak edəcəklərinə söz verib.
Orta İxtisas Polis Məktəbini bitirənlərə diplomlar təqdim olunub.
Polis kiçik leytenantı Tural Səfərli lövhəni xatirə kötüyünə vurub.
Sonra Orta İxtisas Polis Məktəbinin marşı ifa olunduqdan sonra şəxsi heyət təntənəli keçidlə tribunanın önündən keçib.
Sonda məzunlarla xatirə şəkli çəkdirilib, tədbir iştirakçıları üçün nahar verilib.
Turab Hacızadə