Vətənin sərhədini qoruyan kapitan - FOTOLAR
Döyüş meydanında ər oldu, nər oldu. El qədrini canından artıq bildi Elməddin...
Şərur rayonunun Vərməziyar kəndinə, bir şəhidin evinə, ocağına gedirəm. Dəfnində də iştirak etmişdim o şəhidin. Həmin gün el yığıldı onun və onun kimi qəhrəman oğulların əbədiyyət yolçuluğuna. Əllərində bayraqlar, dillərində müqəddəs şüarlarla son mənzillərinə yola saldılar onları. Vətən müharibəsində doğma torpaqlarımız uğrunda canından keçən və Şərur şəhidlər xiyabanında dəfn edilən sərhədçi kapitan Meydanov Elməddin Bahəddin oğlu da 2020-ci ilin oktyabrın 30-u əbədi məskən saldı bu müqəddəs ziyarətgahda.
Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Bəlkə də, orta məktəbdə oxuyarkən əxz etdiyi böyük şair Məmməd Arazın bu nidaları idi onu sərhədçi olmağa ruhlandıran. Uşaq ağlı ilə elə hey “mən komandir olacağam, mənə komandir deyin” dedi. Bu arzu ilə böyüdü. 1989-cu il sentyabrın 11–də Vərməziyar kəndində doğulan Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Vətən müharibəsinin şəhidi Meydanov Elməddin Bahəddin oğlu sərhəddən başlanan vətənin sərhədini göz bəbəyi kimi qorudu on il sərasər. 44 günlük Vətən müharibəsində isə sinəsini bu vətənə, döyüş yoldaşlarına sipər etdi.
O, qəlbən sevdi çətin və şərəfli peşəsini. Məhz bu amalla 7 il hərbi təhsil aldı.
2004-2007-ci illərdə Heydər Əliyev adına Hərbi Liseyi, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə oxudu. Onun 2011-ci ildə leytenant olaraq Cəlilabadın Göytəpə qəsəbəsində N saylı hərbi hissədə başlayan xidməti rayonun ayrı-ayrı zastavalarında baş leytenant, zastava rəisi, kapitan olaraq davam etdi.
Elməddinin doğulub boya-başa çatdığı ata ocağının qapısında məni Sünbül xanım qarşıladı - o qəhrəman qadın, vətən üçün 3 oğul böyüdən ana. Elməddinə necə də bənzəyir. Emin deyərdi kiçik oğluna, sonbeşiyinə. Əziyyətlərlə, arzularla böyütdüyü üç oğlundan birini vətənə, torpağa pay verib.
Oğlunun zabit libasındakı rəsminə baxıb dərin köks ötürən, lakin başını dik tutan şəhid anası bizə ciyərparasından danışır: “Elməddin çox gözəl oxuyurdu, o, savadı ilə başqa sahələrdə də təhsil ala bilərdi. Amma hərbini seçdi. Böyük oğluma toy etdiyimiz gün Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. İki qat sevinc yaşadıq həmin gün. Oxuduğu illərdə ancaq onun haqqında xoş sözlər eşitdik. 2007-ci ildə buradakı Hərbi məktəbi əlaçı kursant kimi qırmızı diplomla qurtardı və təhsilini Bakıda davam etdirdi. Oranı da uğurla bitirib Sərhədi seçdi oğlum. Bacıqızım Səma ilə ailə həyatı qurdu. Həmişə Cəlilabada gedib onlarla bir ay, bir neçə gün qalırdım. Onların sərhədçi həyatını görürdüm. Özü kiçik, ağlı böyük idi. Çox bacarıqlı, işinə, andına, ailəsinə sadiq idi oğlum. Hərbini çox sevirdi. Əsgərləri ilə həm dost, həm komandir idi. Emin vətəni ana bildi. Alnıaçıq, başıuca etdi məni. Elə bir oğul böyütdüyüm üçün qürurluyam.
Son dəfə mənimlə danışanda dedi ki, ana, gəl halallaşaq. Sən bizi vətən üçün dünyaya gətirmisən. Gedirəm təlimə. Müharibədə olduğunu mənə demədi. Sonradan bildim. “Dövlətin bizim kimi qəhrəman oğulları var Yusifin, Əlinin vaxtına qalmayacaq bu qisas. Başını dik tut. Əli (oğlu) xoşbəxtdir ki, atası, əmisi, dayısı döyüş bölgəsindədir” dedi mənə. Oğlum üçün arzularım var idi. Deyirdim kəndə gələ, uşaqlarına kiçik toy edə, bu həyətdə dolana. Oktyabrın 27-si şah damarından vurulub. Əsgərlərini qoruyub, özü şəhid olub. Göz yaşlarını saxlaya bilməyən Sünbül xanım oğlunun şəkillərindən, qəhrəmanlıqlarından, övladlarından təsəlli tapır. Boynu bükülsə də, başını dik tutur hər zaman. Çünki Emin ona son sözündə “ana, başını dik tut, mənimlə fəxr et” demişdi.
Meydanovlar ailəsinin iki oğlu Vətən müharibəsində olub. Biri qazi, biri şəhiddir bu qəhrəman qardaşların. Saleh Hatəmov 2004-cü ildə hərbi xidmətdə olanda Elməddin kursant olmuşdu, zabitliyə ilk addımlarını atmışdı. İllər sonra o, zabit mundirini geymişdi. Elməddinə baxıb Saleh də sonralar hərbini seçdi. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın bütövlüyü uğrunda müharibə başlayanda Saleh Hatəmov da Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi təyinatlısı kimi döyüşlərə yollanır. Dörd gün sonra Tuğ kəndi istiqamətində yaralanır, hospitalda müalicə alarkən Elməddinlə telefonla danışanda onun da Zəngilan istiqamətində gedən döyüşlərdə olduğunu öyrənir. Sonuncu dəfə oktyabrın 27-si qardaşı ilə danışa bilir. Bir neçə saat sonra isə Elməddin şəhid olur. Səhəri gün ona qardaşının şəhid olması xəbəri verilir. Üçrəngli bayrağa bürünmüş Elməddinin nur üzlü simasını, cismini son dəfə görən də Saleh olur. “Qardaşımın üzü hər zamankı kimi gülürdü. Biz ağlasaq da, o sevincli idi sanki. Döyüşə getməmişdən əvvəl ona “sənin xəstəliyin var, qardaş, getməsəydin” deyəndə Elməddin “nə danışırsan, mənim zabit kimi xidmət etdiyim dövrdə müharibə olacaq və mən o müharibədə iştirak etməyəcəm? Sonra uşaqlarıma nə deyəcəm? Mən nə vaxtdır bu anı gözləyirəm” dedi.
Müharibədən ata ocağına qəhrəman qardaşı ilə qayıdan Saleh Vətən müharibəsi qazisidir, Elməddin isə şəhid.
“Vətənim Sağ olsun” söylədim hər an,
Bir oğlum şəhiddir, bir oğlum qazi.
Azad torpağımdır dərdimə dərman.
İgidlər, ərənlər yazır tarixi,
Bir oğlum şəhiddir, bir oğlum qazi.
Bir oğlu şəhid, bir oğlu qazidir Bahəddin kişinin. Elməddinin yoxluğu ona bir az da şair təbi verib. Hisslərini misralara çevirərək ağ vərəqlərə yazıb.
Özü 90-cı illərin Sədərək döyüşlərinin iştirakçısıdır. Yəqin ki, atalarından keçib onların qanına bu Vətən sevgisi. “Vətənə, torpağa sevgi uşaqlıqdan oğullarımın canına hopmuşdu. Onları bu ruhda böyüdüb tərbiyə etmişəm. Elməddin 8-ci sinifdə oxuyanda mənə dedi ki, ata, zabit olacağam, vətənə xidmət edəcəyəm. Öz istəyi ilə seçdi bu sahəni. Həmişə deyirdi, düşməndən qisasımızı biz alacağıq, bu işi övladlarımıza qoymayacağıq. Xidmətinin ikinci ilində baş leytenant, 6-cı ilində kapitan olub. Gələcəyin generalı da olacaqdı. Mən buna əmin idim. Çünki o, çox savadlı, bacarıqlı bir zabit idi”.
Sözləri boğazında düyünlənən ata söhbətinə davam edir: “Oğullarım döyüşdəki qələbə sevincini bizimlə bölüşürdülər. Elməddin ölümündən bir gün qabaq mənimlə danışanda dedi, ata, Zəngilanda 132 km-lik ərazini aldıq, qələbə bizimdir. Zəngilanın Ağbənd qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
90-cı illərin döyüşlərində biz ov tüfəngləri ilə vətəni qoruduq. Ancaq Vətən müharibəsində iştirak edən oğullarım ən müasir silah və texnikalarla o dövrdə itirilmiş torpaqlarımızı geri aldı. Qəzəbləri, nifrətləri o qədər çox idi ki, hətta düşmənlə əlbəyaxa da döyüşdülər. Bu müharibə ilə biz ordumuzun bugünkü gücünü, qüdrətini bir daha gördük. Oğlum Elməddin Zəngilandakı zirvə uğrunda gedən döyüşlərdə 3 saat mübarizə aparıb. Zirvə alındıqdan sonra atılan minomyot zərbəsi onun şah damarından dəyib. İndi Zəngilandakı o zirvə oğlumun soyadını daşıyır- Meydan zirvəsi.
Elməddin sərhədçi idi. Xidmət etdiyi 10 illik bir zaman kəsiyində, kim bilir, neçə dəfə üzünü o torpaqlara tutub “Vətən, səni azad edəcəyik!” demişdi. O, sözünü tutdu. Zəngilandakı zirvəni alıb şəhidlik məqamına yüksələn an vətənə, torpağa olan borcunu verdi. Döyüş yoldaşları deyir ki, Elməddin elə ayaqüstə o zirvəyə söykənərək şəhid olub, üzündəki təbəssüm gələcək qalibiyyətimizdən doğan sevinc imiş”.
Şəhid atasının bu həyatda iki böyük arzusu var. Canı sağ olduqca Elməddinin iki balasına onun adına layiq böyüməsi üçün həm maddi, həm mənəvi dayaq olmaq və Zəngilana gedib oğlunun uğrunda şəhid olduğu zirvəni görmək.
28 yaşı var mətanətli, dəyanətli şəhid xanımının - Səmanın... Onunla danışmaq, nələrisə soruşmaq mənim üçün bir qədər çətindir. Amma o qəhrəman həyat yoldaşından qürurla danışır: “Elməddin xalamoğludur. Cəlilabadın müxtəlif yerlərində xidmət edib. Onunla çox çətin şəraitlərdə yaşamışıq. Ancaq sevgimiz hər çətinliyə sinə gərib. Xoşbəxtliyimizin bir gün müharibə ilə bitəcəyini bilməzdim. Amma bilirdim ki, müharibə olsa, ilk gedənlərdən biri mənim həyat yoldaşım olacaq. Sentyabrın 15-i gəldi evə. Dedi, Bakıya əmrim çıxıb, gedirik. Çox sevindim. Həmişə istəyirdi, biz Bakıda yaşayaq, uşaqlar yaxşı təhsil alsın. Dedi, müharibə təliminə gedirəm. Həmin vaxt təlimə getdi. Sentyabrın 27-si bir günlüyünə evə gəldi. Mənə dedi: “Sən çox güclü qadınsan. Hər şeyin öhdəsindən gəlmisən, mənə bir şey olsa, inanıram ki, bunun da öhdəsindən gələcəksən. Sənə haqqımı sonuna qədər halal edirəm”. Evdən çıxanda dedim ki, gəl bir şəkil çəkdirək. Həmişə xoşlamırdı şəkil çəkdirməyi. Dedi, hə, uşaqları da oyat, çəkdirək. Son şəklimiz bu şəkil oldu”,- deyib əlini masanın üstündəki bir ailə tablosuna uzadır Səma. Elməddinin ailəsinin yanında olduğu son şəkil, -“Oktyabrın 27-i mənimlə danışdıqdan 3 saat sonra şəhid olub. Axşam hər zaman zəng vurduğu vaxtı gözlədim. Zəng etdim, açmadı. İkinci dəfə zəng vuranda qapım döyüldü. Çox yaxın ailə dostumuz idi onun şəhid xəbərini mənə gətirən.
Döyüşdə olarkən deyib ki, qayıtmasam, oğlum məndən telefon istəyib, onu alıb verərsiz. Sağ olsun döyüş yoldaşları, onun bu arzusunu yerinə yetirdi. Mənə həmişə deyirdi, hər şey yaxşı olacaq, amma hər şeyə də hazırlıqlı ol. Uşaqları ilə ata kimi yox, dost kimi rəftar edirdi. İşdən yorğun gəlsə də, onlarla vaxt keçirirdi.
9 illik ailə həyatımda heç vaxt ondan incimədim. Sevərək ailə həyatı qurmamışıq. Sonradan böyük sevgimiz olub. Çox istəyirdi ki, uşaqları xarici dil bilsin, idmanla məşğul olsun. Əli və Yusifi onun adına layiq böyüdəcəyəm.
Emindən nə qədər danışsam, azdır. Həyatımın ən gözəl günləri onun ölümü ilə bitdi. İndi uşaqlarım üçün yaşayıram. Ətrini onun şəkillərindən, geyimlərindən alıram. Yuxularımda da tez-tez görürəm. Həmişə yanımdadı. Mənə deyir ki, biz ora getməliydik, mən şəhid olmuşam, ölməmişəm, sizi həmişə görürəm. Həmişə yanınızdayam.
Oğullarının da adını özü qoymuşdu Elməddin. Əli və Yusif onun bu vətənə əmanətləridir. Onlar qəhrəman ataları ilə hər zaman fəxr edəcəklər. Axı ataları demişdi, mən döyüşə getməsəm, gələcəkdə Əli və Yusifə nə cavab verəcəyəm. Onlar bilməlidir ki, ataları bu torpaqları azad edən minlərdən biridir”.
Zəngilan uğrunda mərd-mərdanə döyüşən kapitan Elməddin Meydanov ölümündən sonra “Zəngilanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medallarına layiq görülüb.
Əbədi qəhrəman, sən təkcə övladlarına yox, bütün vətən övladlarına ən gözəl cavabı verdin. Böyüyəndə atalarının vətən əmanətini qorumaq üçün oğulların da sənin kimi mərd, qəhrəman olacaqlar. Gözün arxada qalmasın, ataları həyatda olmasa da, dövlətimiz onlara hər zaman bir ata qayğısı ilə yanaşır. Elə bu günlərdə - 26 iyun Silahlı Qüvvələr Günündə mənzillə təmin olunan 13 şəhid ailəsindən biri də Sərhədçi kapitan şəhid Elməddin Meydanovun ailəsi oldu. Bu isti ocaq sənin onlara verdiyin qazancındır... Adın təkcə Zəngilandakı o zirvəyə yazılmadı, daşlara, sərhədlərə, qəlblərə də yazıldı. Sən qədrini canından artıq bildiyin bu vətənin, bu elin qəhrəman oğlusan!
Türkanə Əmoyeva
“NUHÇIXAN”