NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı ümummilli lider Heydər Əliyevin siyasi hakmiyyətə gəlməsinin 52-ci ildönümü münasibətilə “1969-cu ildən başlanan Zəfər yolu” mövzusunda elmi konfrans keçirib.
Tədbirdə YAP Şərur Rayon Təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Əmir Babayev bildirib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilməsi ilə ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində həyata keçirilən tədbirlərin başlanğıcının bünövrəsi qoyuldu. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda iqtisadi tənəzzül aradan qaldırıldı, dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin, ümumilikdə həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazanıldı, coşqun bir tərəqqi dövrü yaşandı. Məhz bu illərdə milli-mənəvi dəyərlərin, dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində əməli addımlar atıldı, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradıldı.
Vurğulanıb ki, ümumilli liderimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın mütəqilliyinin möhkəmləndirilməsinə və davamlı inkişafına, beynəlxalq nüfuzunun genişlənməsinə aparan işqılı yol oldu.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Yeganə Məmmədova “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz”, partiya veteranı Musa Şirəliyev “Müasir ordumuzun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”, Püsyan kənd ərazi ilk partiya təşkilatının sədri Tacir Rəcəbov “Təhsilimiz ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub”, gənc partiya üzvü Həcər Əsgərova “Müasir Azərbaycan mədəniyyətinin inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzularında çıxış edərək dahi şəxsiyyətin rəhbərliyi ilə həmin illərdə Azərbaycanda ayrı-ayrı sahələrin inkişafından danışıblar.
Tədbirdə Yeni Azərbyacan Partiyası sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Gənclər ulu öndərin işıqlı ideyalarını tərənnüm edən şeirlər səsləndirib və film nümayiş etdirilib.
Məhəmməd Fərəcov