AMEA Naxçıvan Bölməsində və Ordubad rayonunda muxtar respublikanın aparıcı mətbuat orqanının yubileyi qeyd olunub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən mətbu orqanın yubiley tədbirləri keçirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti tədbir AMEA Naxçıvan Bölməsində və Ordubad şəhərindəki Mədəniyyət Sarayında keçirilib.

AMEA Naxçıvan Bölməsində "“Şərq qapısı” qəzeti və Naxçıvanda mətbuatın inkişafı” mövzusunda keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, qəzet bütün dövrlərdə muxtar respublikada elm, təhsil, maarifçilik, ədəbiyyat sahəsində gedən inkişaf proseslərinin güzgüsünə çevrilib və bu gün də bu yöndə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

"“Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın söz, qələm əhli ilə yanaşı ziyalı fikrinə, elm adamlarına da verilən böyük önəm olduğunu vurğulayan akademik diqqətə çatdırıb ki, təsdiq olunan tədbirlər planına uyğun olaraq bölmə və qəzetin əməkdaşları tərəfindən artıq kitabın hazırlanmasına başlanılıb. Tədbirlər Planına əsasən silsilə yubiley tədbirləri keçirilir ki, məhz bu gün təşkil olunan konfrans da onlar arasında mühüm əhəmiyyəti ilə seçilir.

Elm adamlarının, ziyalıların kənar müəllif kimi qəzetlə müntəzəm əməkdaşlığı üçün göstərdiyi təşəbbüsə görə  “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

“Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova "“Şərq qapısı” qəzeti milli müstəqillik və dövlətçilik ideyalarının yorulmaz təbliğatçısı kimi” mövzusunda çıxış edib.

Konfransda Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov "“Şərq qapısı" qəzetinin muxtar respublika mətbuatının inkişafında rolu”, Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya elmləri doktoru Yusif Səfərov “Şərq qapısı” qəzetində folklorun nəşri və tədqiqi (1969-2020)”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Yeni nəsil jurnalistlərin yetişməsində “Şərq qapısı” qəzetinin rolu”, Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva "“Şərq qapısı” qəzetinin tarixi inkişaf yolu”, “Naxçıvan” Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Məmmədova “Naxçıvan ədəbi mühitinin inkişafında “Şərq qapısı” qəzetinin rolu” mövzularında çıxış ediblər.

Sonda  “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən AMEA Naxçıvan Bölməsinin əməkdaşları Aytən Cəfərova, Eltun İbrahimov və Naxçıvan Müəllimlər İnstitutunun dosenti Qızıltac Şahbazovaya Fəxri fərman, digər elm adamları və ziyalılara yubiley hədiyyələri təqdim olunub.

Qeyd edək ki, "Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı Ordubad rayonunda da tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, "Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov  “Şərq qapısı” qəzetinin mətbuat tariximizdəki əhəmiyyətindən, Ordubad rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsində böyük rolundan bəhs ediblər.

Digər çıxış edənlər də “Şərq qapısı” qəzetinin fəaliyyətindən, milli mətbuatımızın inkişafındakı rolundan ətraflı söhbət açıblar.

Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini, eləcə də Ordubad rayonunun qədimliyini, müasir görkəmini, rayonla bağlı qəzetdə dərc olunan materialları əks etdirən videoslayd nümayiş olunub.

Tədbirin sonunda “El həyatı” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Abbas Seyidə “Şərq qapısı” qəzetinin Fəxri fərmanı və hədiyyəsi verilib. Qəzetlə yaxından əməkdaşlıq edən digər qələm sahiblərinə də hədiyyələr təqdim olunub.

 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: