Dağ kəndinin dağ vüqarlı igidi - FOTOLAR

A- A A+

Şahbuz rayonunun Biçənək kəndində yaşayan Kamal Rəhimovla telefon danışığımız olur:

- Salam, Vətənimin igid oğlu, sənin kimi oğullarla tək mən yox, xalqımız fəxr edir.

- Çox sağ olun. Bu bizim illərlə ürəyimizdə gəzdirdiyimiz torpaq həsrəti idi. O həsrətə son vermək üçün səfərbər olduq. Düşünürəm ki, bu, hər bir Azərbaycan əsgərinin, gəncinin vətəndaşlıq borcu idi.
Özümü təqdim etdikdən sonra gənc nəslə örnək olacaq bu gənci oxucularla görüşdürmək istəyimi bildirirəm.
- Siz əziyyət çəkməyin, maşınım var, mən özüm şəhərə gələrəm.

Bildirək ki, bu il mayın 7-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudlaşan 2 nəfərə, hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlıq imkanları məhdudlaşan 2 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirən 1 nəfərə "Xəzər-LX" markalı minik avtomobili təqdim edilib. Avtomobillə təmin olunanlardan biri də İkinci Qarabağ müharibəsinin I qrup əlili Kamal Rəhimovdur.

Qısa telefon danışığının səhərisi günü təbiətin qoynunda, Əcəmi seyrangahında müsahibimin yolunu gözləyirəm. Təyin olunan saatdan müəyyən səbəblərə görə bir qədər gecikən müsahibim üzr istəyir.
- Biz sizin yolunuzu 44 gün gözlədik, 44 dəqiqə nədir ki?!
Beləcə söhbətə körpü salıb hal-əhval tutduqdan sonra özünü oxuculara təqdim etməsini istəyirəm.

- Mən Kamal Famil oğlu Rəhimov 2001-ci il avqustun 5-də Şahbuz rayonunun Biçənək kəndində anadan olmuşam. Orta təhsilimi Biçənək kənd tam orta məktəbində almışam. Vətən, torpaq sevgisi ilk olaraq ailədə aşılanıb. Atam Famil Rəhimov 1990-cı illərdə ermənilərin Naxçıvana hücumları zamanı Sədərək və Şahbuz istiqamətində gedən döyüşlərin iştirakçısı olub. O dövrün hadisələrini atamdan, məktəbdə isə müəllimlərimdən öyrəndikcə, oxuduqca, kadrlardan izlədikcə düşmənə nifrətim artıb. Məni ağrıdan daha çox Xocalı faciəsi olub. Düşməndən qisas almaq mənim ən böyük arzum idi. Arzumun bu qədər tez reallaşacağını, doğrusu, gözləmirdim. Lakin cərəyan edən hadisələr, 27 sentyabr 2020-ci il tarixdə düşmən təxribatlarının qarşısının alınması məqsədilə Vətən müharibəsinin başlaması və həmin ərəfədə Naxçıvanda "N" hərbi hissəsində xidmət etməyim mənim də yolumu o torpaqlardan saldı. Heç görmədiyim, havasını udub, suyunu içmədiyim o nabələd, nabələd olduğum qədər də ürəyimizə, ruhumuza doğma torpaqlardan. Bir əsgər kimi mən də bu döyüşlərə könüllü qatıldım. Bakıya çatanda ailəm mənim döyüşə yollandığımı öyrəndi. Düzü, atam biləndən sonra məni dəstəklədi, ot kökü üstə bitər, dedi. Atamın dəstəyi mənə daha da qol-qanad verdi. Beləcə, döyüş yolum Hadrutdan başladı. Artıq məqsədimin, arzularımın astanasında idim. Ayağımızı o torpaqlara basdıqca sanki torpaq gücümüzə güc qatırdı.

- 19 yaşlı bir gənc üçün müharibənin dəhşətlərini, ağrı-acılarını dadmaq necə bir hiss idi?

- Müharibə fəlakətdir, silahdaşlarını itirirsən, hər anı ölümdür. Şəhid olan, yaralanan  yoldaşlarımız da oldu yanımızda. İtkilərimizə sarsılsaq da, bu, bizim irəli getməyimizə mane olmadı. Şəhid qardaşlarımızın qisası alınmalı, torpaqlarımız işğaldan azad olunmalıydı. Bu amalla Şuşaya qədər irəlilədik. Müharibədən həm sağ çıxmalı, həm də qalib olmalısan. Vətən sevgisi, torpaq həsrəti hər birimizə güc verir. Yaralananlar belə döyüşü tərk etmək istəmirdi. Hamı qalibiyyət şərbətini içməyə can atırdı, canı bahasına olsa belə, vücudunun bir hissəsini itirsə belə. Azərbaycan əsgərinin əzmini düşmən də yaxşı görürdü. Ona görə onlar geri çəkilməyə məhkum idi. Bu gücün, bu iradənin qarşısında nəinki canlı qüvvə, heç texnika da dayana bilməzdi. Digər tərəfdən Ali Baş Komandanın qətiyyətli çıxışları, xalqın dəstəyi, Azərbaycan əsgərinin gücünə olan inamı bizi irəli aparırdı. Biz bu qələbəni haqq edirdik. Qarabağ əzəli və əbədi ata-baba torpağımızdır.
Noyabrın 8-i mən Şuşada yaralandım, gözümü açanda özümü xəstəxanada gördüm. Qəlpə onurğa nahiyəmdən dəymişdi. İndi sağ ayağımı hiss etməsəm də, özümü qalib Azərbaycan əsgəri kimi çox məğrur və güclü hiss edirəm. Mən fəxr edirəm ki, adım qalib əsgərlər sırasında, siyahısındadır.

Kamal Rəhimov döyüşdə göstərdiyi şücaətə görə "Döyüşdə fərqlənməyə görə", “Xocavəndin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Vətən qarşısında xidməti olanlara avtomobillərin verilməsi mərasimində iştirak edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov deyib: "Vətənpərvərlik olan yerdə ölkə inkişaf edir, müstəqillik qorunur, dövlət-xalq birliyi yaranır. Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda 10 minlərlə könüllünün iştirakı və ordumuzla həmrəylik nümayiş etdirməsi bu birliyin nəticəsidir. Vətənpərvərlik nümunəsi göstərərək xidməti vəzifələrini layiqincə yerinə yetirmiş insanlar isə hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Avtomobillərin təqdim olunması bu kateqoriyadan olan şəxslərin həyatına rahatlıq gətirəcəkdir. Dövlətin qayğısı və sizin vətənpərvərliyiniz gənclərimizə örnəkdir. Bu da onu göstərir ki, hər bir gənc, hər bir vətəndaş öz ölkəsinə xidmət etməli, vətənpərvər olmalıdır".

Kamal Rəhimov dövlətimizin Vətən müharibəsi iştirakçılarına, qazi və şəhid ailələrinə  olan diqqət, qayğısını da xüsusilə vurğuladı: "Bu, biz gənclərə olan diqqət və qayğı ilə yanaşı, həm də dövlətimiz tərəfindən müharibə iştirakçılarına göstərilən dəstəkdir, dövlət-xalq-ordu birliyinin ifadəsidir".

Dağ kəndinin dağ vüqarlı igidi əvvəlki 19 ildən fərqli olaraq bu ilin avqustunda 20 yaşını Şuşa fatehlərindən biri kimi qeyd edəcək: alnıaçıq, üzüağ. Şahbuzun dilbər guşəsi olan  gözəl Biçənək kəndində, ailəsi ilə birlikdə. Biçənək təbiətinə görə, Batabat yaylağına gedən  yolun üzərində yerləşən kənd olduğuna görə məşhurdur. Bu yerlərdən kimlər keçməyib ki, təbiətin sehrinə dalmaq üçün?!

Ey bu yoldan ötən yolçu, bil ki, Biçənək yalnız təbiəti ilə deyil, vətənpərvər, cəsur insanları ilə də sevilməyə layiqdir. Bil ki, bu torpağın gənc və gələcək nəsillərə örnək olan, yüzlərlə gənc kimi sağlamlığını qurban verərək bizi Qarabağa qovuşduran 20 yaşlı Şuşa fatehi  Kamal Rəhimovu var.

                                                                     Ruhiyyə Rəsulova

                                                   Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: