Şəhərin işıqlarından uzaqda...

A- A A+

Yola çıxmaq... Bəzən şəhərin səs-küyündən, bəzən insanlardan uzaqlaşmağa çalışmaq. Bəzən sadəcə, təbiət qoynunda, təbiətlə iç-içə qalmağı arzulamaq. Bu, biz insanların ən təməl ehtiyaclarından və bəzən arzularından biri olur. Bəlkə də bizi buna məcbur edən genetik kodumuzdur. Müasir sivilizasiyanın formalaşması, şəhərtipli sıx yaşayış məntəqələrinin meydana gəlməsi, burada minlərlə, yüz minlərlə, milyonlarla insanın yaşaması son 100 ilin əsəridir. Bundan əvvəl insanoğlu hər zaman təbiətlə iç-içə, onu yox etmədən, onun bir parçası olaraq yaşayıb. Buna görə də genetik kodumuzda bizi şəhərin işıqlarından uzağa – təbiətə və torpağa səsləyən amil hələ də çox güclüdür.

İyul yazın yaşıl zəmilərinə qızılı donu geyindirdiyi aydır. Biçilən taxılzəmilərinin kəhrəba rəngi ərazidəki tək-tük ağacların yaşıllıqları ilə birlikdə xoş mənzərə yaradır. Biçilmiş zəmilər günəşin şüaları altında qızıl kimi parlayır. Məhsulu toplanmış və biçilməyə davam edən zəmilərin sərhədində cərgə ilə düzülmüş ağacların yaşıllığı iki kəskin fərqli rəngin həm də bir-birinə uyğunluğunu göz önündə canlandırır. Bəlkə də yaşılın sonu sarı olduğuna görə sarı tarlalar da sanki öz gənc yaşıllığına can atırmış kimi görünür. Göz işlədikcə uzanıb gedən bu mənzərə insan zəhmətinin, əməyinin, alın tərinin əsəridir.

Şəhərdən uzaqlaşdıqca bərəkətli zəmilər, bol məhsullu bağlar, bozqır çöllər bir-birini əvəzləyir. Torpağın ağdan qırmızıya, bozdan qəhvəyiyə qədər dəyişən rəngləri burada bitən bitki örtüyünə də təsir edir. Günəş işığı ilə dəyişən rənglər, üfüqdə çiyin-çiyinə düzülmüş sıra dağların zərif duman örtüyü arxasında görünən siluetləri ecazkar mənzərələr yaradır. Bu mənzərələrin hər birini yaradan, insan gözü ilə görünən hala gətirən məhz işıqdır; ana torpağı qızdıran, həyat bəxş edən Günəş işığı...

Mars planetini xatırladan qırmızı torpaqlar, dağ-kserofit bitkiləri ilə örtülmüş dağlar, dik qayalar, dağların rəngarəng geyimləri arasında görünən kəndlər insanı şəhər sivilizasiyasından ucqarlara doğru müşayiət edir. Böyük sivilizasiyanın ucqarlara doğru insanı müşayiət edən faktorları da var: asfalt döşənmiş geniş yollar, elektrik naqilləri, qaz boruları və təbii ki, irəli və geri şütüyən avtomobillər. Yanından, içindən və ya yaxınlığından ötüb keçdiyimiz müasir kəndlər insanların yeni həyatı haqqında xeyli təsəvvür yaratmağa imkan verir. Kəndlərdəki müasir quruculuq insan amilinə  verilən dəyərin, qazanılan uğurların və müasir inkişafın mənzərəsini gözlər önünə sərir.

Bu torpağın insanları öz yurd-yuvalarına, ata ocaqlarına bağlıdırlar. Doğma torpaqlarında qurduqları gün-güzəran, müasir inkişafın onlara yaratdığı şərait bu yerlərin yenidən qurulmasına, sürətli tərəqqisinə imkan verir.

Günəş üfüqün arxasında gizləndikcə buludların aldığı al-əlvan rənglər, qızaran üfüq və çökən qaranlıq insan ruhunda başqa bir ab-hava yaradır, yeni bir dünyanın qapısını açır. Sanki bu qaranlıq dünyanı ilk dəfə görürmüşsən kimi bir hiss yaranır. Hər nə qədər qaranlıq şərin təzahürü kimi dəyərləndirilsə də, gündüzün şəri axşamın xeyrindən üstün tutulsa da, ruhumuzun ən dərin qatlarında bizi bu qaranlığa hazırlayan, bu qaranlığı bizə doğmalaşdıran bir duyğu baş qaldırır: ətraf mühiti bir də bu qaranlıqda, təbiətin, dağların qoynunda, şəhərin işıqlarından uzaqda hiss etmək, duymaq və yaşamaq.

Gecənin qaranlığı artdıqca gündüz gördüyümüz mənzərə və eşitdiyimiz səslər bizə daha fərqli təsir göstərir. Yaxınlıqdan axan dağ çayının gur səsi, gecənin qaranlığında arxayın-arxayın oxuyan cırcıramanın nəğməsi, ağacların sıx budaqları arasında özünə yuva etmiş quşların ara-bir çıxardığı səslər, uzaqda bir yerdə çaqqalların ulaşması, yaxınlıqda işıqları sayrışan kənddə itlərin hürüşməsi insanı təbiətin bir parçasına çevrilməyə, onunla bütövləşməyə çağırır. Düzdür, insan hər zaman təbiətin parçası olub və həmişə də onun hissələrindən biri olmağa davam edəcək. Amma təbiəti onun içində, onunla birgə duymaq, hiss etmək, böyük şəhərlərdən uzaqda təbiəti yaşamaq bu hissi daha da gücləndirir. Yəqin ki, bu da bizim genetik kodumuzla bağlıdır. Min illər keçsə də, o bizi həmişə təbiətə səsləyir.

Dağların qoynunda gecənin qaranlığı daha fərqli, daha cəlbedici, daha xoş, bəlkə də bir az daha qorxuducu görünür. Daha xoş görünür, çünki məhz buradan gündüzün maviliyindən əsər-əlamət qalmayan qaranlıq səmadakı ulduzları daha aydın görmək olur. Kainatın qaranlıq dərinliklərində parlayan saysız-hesabsız ulduzlar bizə həyatın yaranışından bu günədək olan zaman kəsimi haqqında danışmağa qadirdir. Sayrışan ulduzlar bizdən əvvəl nə qədər insanın həyatına şahidlik edib. Bizdən sonra nə qədər həyata şahidlik edəcək? Konkret bir rəqəm demək çətindir. Gecənin özünəməxsus sakitliyi və səsləri içində keçmiş və gələcəyi düşünmək xəyallarımda fərqli obrazlar, xatirələr, arzular canlandırır. Bu məqamda ən yaxşısı həyat, yaşanmışlar və yaşanmamışlar, bəlkə də heç vaxt yaşanılmayacaqlar haqqında düşüncələrdən ayrılıb, hər şeyi unudub kəhkəşanın dərinliyini və möhtəşəmliyini seyr etməkdir. Bu qədər ulduzlar içində insanoğlunun tək olduğunu düşünmək və ya əksi, eyni dərəcədə ürpədicidir. Bu, gecənin qaranlığını bir az da qorxuducu edir.

Ətrafdan gələn və qulağın artıq alışdığı səslərdən fərqli bir səs, şıqqıltı məni bir  anlıq düşüncələrimdən ayırır. Buraların sakini olan, özünə yem axtaran balaca bir gəmiricinin hərəkəti nəzərimi ulduzlu səmadan çəkməyə vadar edir. Gözümü uzaqdan parlaq boyunbağı kimi görünən şəhər işıqlarına dikirəm. Şəhərdə doğulub böyümüş və ya kiçik yaşlarından şəhərə köçüb burada yaşamış adamlar çoxdur. Bütün ömrünü gündüz günəşin, gecələr isə lampaların işıqlandırdığı şəhərdə keçirmiş insanlar var. Yəqin gecələr altında gəzdikləri işığın uzaqdan bu qədər heyrətamiz, cəlbedici və əsrarəngiz göründüyünü əksəriyyəti bilmir. Yerdəki ulduzlara bənzəyir şəhərin işıqları. Səmadakı ulduzlardan sonra yerdəki ulduzlara çevrilir nəzərlərim. Düşüncələr bu dəfə məni başqa tərəfə aparır.

Müxtəlif istiqamətlərdə qarşıma çıxan, böyük şəhəri, kəndləri, qaranlıq yolları işıqlandıran qara günəş panelləri, ağ külək turbinləri, çayların qarşısı kəsilərək və ya axını dəyişdirilərək yaradılan nəhəng güzgü kimi dəryaçaların üzərindəki elektrik stansiyaları canlanır gözümdə. Təbiətin gücünü ram etməyə çalışan, onun potensial enerjisini məharətlə istifadə edən insanların əsəridir bunlar. Qaranlıqları işıqlandıran bu texnikalar insan zəkasının məhsuludur. Bəlkə də insanoğlunun qaranlıqla mübarizəsində qələbəsinin simvoludur işıq. Bu həm də təbiətin verdiklərindən məqsədəuyğun şəkildə yararlana bilməyin nəticəsidir.

Bu gün üz tutduğumuz ən fərqli ünvanlarda – bəzən bir təpənin üzərində, bəzən düzənlikdə, bəzən dik yamaclı dağların arasında bu “enerji fabriklərini” – Günəş, külək və su elektrik stansiyalarını görə bilərik. Alternativ və bərpaolunan bu enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi, yəqin ki, odun kəşfindən sonra bəşəriyyətin ən böyük ikinci kəşflərindən biri ola bilər. Bir düşünün, ən nəhəng zavodlardan tutmuş məişətdə istifadə etdiyimiz ən kiçik alətlərə qədər həyatımızın, demək olar ki, hər bir sahəsində mütləq şəkildə elektrikdən istifadə edirik. Əgər elektrik enerjisi olmasaydı, bugünkü nəhəng şəhərlər inşa oluna bilərdimi, insanoğlu fəzanın dərinliklərinə qədər gedə bilərdimi? Çətin sualdır.

Şəhərin parlaq işıqlarını, boyunbağının dənələri kimi şəhərin ətrafını dövrəyə almış küçə lampalarını izlədikcə bir az da keçmiş yadıma düşür əslində. Elektrik enerjisi problemi ilə yaşadığımız, az qala sutkanın yarısından da az bir müddətdə enerjinin verildiyi, dərslərimizi neft çırağının işığında yazıb-oxuduğumuz, bugünkü mənzərəni xəyalımızda heç cür canlandırıb təsəvvür edə bilmədiyimiz günləri xatırlayıram. Tarixin qısa zaman kəsiyində yurdumuz nə qədər də inkişaf edib, böyüyüb, dəyişilib. Düşünürəm ki, bunu hansısa rəqəmlərlə, faktlarla ifadə etməyə gərək yoxdur. Çünki bu dəyişikliyi hər kəs öz gündəlik həyatında müşahidə edir, görür və birbaşa yaşayır.

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Ona görə də günəş enerjisindən, eləcə də mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, dağ çaylarında yeni su elektrik stansiyaları tikilir, Günəş və külək elektrik stansiyaları qurulur. Ekoloji və iqtisadi cəhətdən daha səmərəli olan bu elektrik stansiyalarının tikilib istifadəyə verilməsi həm ətraf mühitin qorunmasına, həm də daha az xərclə çox mənfəətin əldə olunmasına imkan verir. Enerji təminatında bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verilməsi diyarımızı regionda alternativ enerji  istehsalı sahəsində liderə çevirib. Təbii ki, bu qürurun bir parçası olmaq, bu qüruru yaşamaq bizim üçün də şərəfdir.

Yaxınlıqdakı kəndə tərəf çevirirəm nəzərlərimi. Bütün evlərdə, həyətlərdə elektrik lampaları yanır. Mərkəzdən xeyli uzaqda yerləşən kənd yaşayış məntəqələrinin hər birinin enerji təminatı şəhərlərdən heç nə ilə fərqlənmir və fasiləsiz şəkildə həyata keçirilir. Çünki bu yaşayış məntəqələrinin bir çoxunun enerji ehtiyacı yaxınlıqlarında olan mənbələr – Günəş və ya su elektrik stansiyaları vasitəsilə ödənilir. Artıq keçmişin qaranlığından heç bir iz qalmayıb. Səmadakı ulduzların əksi kimi hər yerdə işıqlar parlayır.

Hər yerdə yanan işıqlar isə mənə həmişə babamı xatırladır. Çünki elektrik enerjisindən qənaətlə istifadə olunması, israfçılığa yol verilməməsinin də enerji təminatı baxımından vacib məsələ olduğunu ondan öyrənmişəm. Heç bir otaqda, həyətdə və yardımçı binalarda boş yerə işıqların yanmasına razı olmurdu. Hətta lampası çox olan çilçıraqlarda o lampaların bir neçəsinin eyni vaxtda yanmasından narazı qalardı və bunun qarşısını almaq üçün özünəməxsus çarələr axtarardı. Onu başa düşməkdə çətinlik çəkirdim həmişə. Düzdür, enerjinin olmadığı günlərdəki çətinlikləri mən də xatırlayıram. Amma o, bu çətinlikləri həyatının daha çox hissəsində yaşamışdı. Yəqin ki, buna görə də indiki şəraitin verdiyi rahatlıqdan əlavə, bunu qoruyub daimi etmək üçün qənaətcil olmağın da nə qədər əhəmiyyətli olduğunu daha yaxşı bilirdi. Hərdən düşünürəm, kaş ki, qənaətcillikdə hər kəs babam kimi olardı...

Gündüz yolboyu bizi müşayiət edən elektrik dirəkləri indi gecənin qaranlığında görünməsə də, uzaqdakı şəhərdə sayrışan işıqlar, yaxınlıqdakı kənddən görünən işıqlar o dirəklər vasitəsilə yanır. Ona görə də, indi o naqillər də, onları daşıyan dirəklər də gözümdə və xəyalımda daha möhtəşəm, daha heyrətamiz görünür.

Gün ərzində səmadan bizə tamaşa edən Günəşin də, indi bir az aralıda sularını iri daşlara çırparaq üzü arana doğru qəzəblə, gurultulu şəkildə axan bu dağ çayının da, həm gündüz, həm də gecə həsrətlə gözlədiyimiz sərinlik gətirən küləyin də bu enerjinin istehsalında öz payı var. Şəhərin işıqlarından uzaqda olsam da, şəhəri də, kəndi də uzaqdan mənə görünür edən elə bu işıqlardır. Dörd ünsürdən üçünün – Günəşin (odun), suyun və küləyin işıqları dördüncü ünsürü – torpağı bizim üçün aydınladır və daha yaşanılacaq vəziyyətə gətirir. Onu müasir üsullarla əkib-becərməyə, daha çox məhsul istehsal etməyə və həyatın davamlılığını təmin etməyə şərait yaradır. Bu dörd ünsürün harmoniyasını həyatımızın hər anında bu və ya digər şəkildə hiss etməyə, yaşamağa davam edirik. Daha işıqlı sabahlara doğru...

Məmməd Babayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: