Gömrük orqanlarında payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru Rahil Tahirli NUHÇIXAN-a bildirib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Bu məqsədlə keçirilən iclası giriş sözüylə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov hər il payız-qış mövsümünə hazırlıq işlərinin əvvəlcədən görülməsinin soyuq aylarda yarana biləcək çatışmazlıqların qabaqcadan aşkarlanaraq aradan qaldırılmasına imkan yaratdığını deyib. Vurğulanıb ki,  avqust ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Dövlət Gömrük Komitəsinə Fövqəladə Hallar Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə birgə standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verilməməsi, bununla əlaqədar istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılması ilə bağlı tapşırıq verilib.

Komitə sədri qeyd edib ki, qanunvericiliyə əsasən elektrik və qazla işləyən qızdırıcı cihazların muxtar respublikaya idxalına malın üzərində istifadə qaydalarına dair Azərbaycan dilində təlimat və standartlara uyğunluqla bağlı xarici sertifikat tələb olunmaqla, həmçinin, standartlara uyğunluğu yoxlanılmaqla icazə verilir.

Tədbirdə çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli müşavirədə verilmiş tapşırıqların icrasının təmin olunmasıyla əlaqədar görüləcək işlərdən danışarkən vurğulayıb ki, aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış tədbirlər planına əsasən standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının satışının qarşısının alınması və gətirilmə yollarının müəyyən edilməsi məqsədilə reydlərin təşkili, istehlakçılar və sahibkarların əvvəlcədən məlumatlandırılması, kütləvi informasiya vasitələrində maarifləndirici verilişlərin və materialların hazırlanması nəzərdə tutulub.

Sonra iclasın gündəliyində duran məsələlərlə bağlı tabeli gömrük orqanlarının rəislərinin çıxışları olub.

Gömrük orqanlarında payış-qış mövsümünə hazırlıqla bağlı işlərin qısa vaxta başa çatdırılması və Dövlət Gömrük Komitəsində yaradılmış müvafiq komissiya tərəfindən hazırlıq işlərinin yerindəcə yoxlanılması qərara alınıb.

Tədbirə yekun vuran Komitə sədri qeyd edib  ki, gömrük orqanları verilən tapşırıqların icrasını daim diqqət mərkəzində saxlamalı, muxtar respublikada təhlükəsiz həyatın təmin edilməsinə öz töhfəsini verməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: