Naxçıvan cinayətsiz region statusunu qoruyub saxlayır

A- A A+

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin birinci yarımilində polis оrqаnlаrının cinаyətkаrlığа qarşı mübаrizə, ictimаi qаydаnın və ictimаi təhlükəsizliyin təmin edilməsi üzrə fəаliyyətinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində iclas keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iclasda Daxili İşlər Naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, daxili işlər orqanları öz növbəsində mövcud əməliyyat şəraitindən səmərəli istifadə edərək cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunmasında qətiyyətli mövqe nümayiş etdirib, şəxsi heyət qarşıya qoyulan vəzifələrin icrası ilə yanaşı, koronavirusla mübarizə tədbirlərinə cəlb edilərək karantin qaydalarına ciddi nəzarət olunub.

Nazir diqqətə çatdırıb ki, 2021-ci ilin birinci yarımili ərzində muxtar respublika ərazisində qeyri aşkar şəraitdə törədilmiş cinayət hadisələrinin isti izlərlə açılması və cinayət törətməkdə təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması 100 faiz təmin edilib, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən və ya insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmayıb. Eyni zamanda borclu fiziki şəxslərin və cavabdehlərin axtarışının təşkili istiqamətində 116 şəxsə axtarış işi açılaraq həmin şəxslərin hamısı tutulub və axtarış işinin göstəricisi 100 faiz təmin edilib. Bildirilib ki, muxtar respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində 2021-ci ilin I yarımilində 1 cinayət və 12 inzibati fakt aşkar edilib.  Hesabat dövründə qanunsuz saxlanılan silahların yığılması istiqamətində ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlardan 130 müxtəlif növ silah və xeyli sayda döyüş sursаtı təhvil götürülüb.      

Vurğulanıb ki, muxtar respublikada vətəndaş-polis münasibətlərinin qurulmasında, eləcə də ictimai asayişin tənzimlənməsində əsas faktor olan polis sahə inspektorlarının fəaliyyəti diqqət mərkəzində saxlanılıb, işin təkmilləşdirilməsi və günün tələbləri səviyyəsində qurulması istiqamətində mütəmadi olaraq yeni metodlar tətbiq edilib. Polis sahə inspektorları ictimai şuralarla birgə ictimaiyyət arasında 20 dəfə görüş keçirərək hüquqi-maarifləndirmə tədbirlərinin effektivliyini artırmağa səy göstərib. Bunlarla yanaşı əməkdaşlar tərəfindən təhsil müəssisələrində müxtəlif mövzularda 314 dəfə profilaktiki söhbətlər aparılıb.

Qeyd olunub ki, 2021-ci ilin birinci yarısında müstəntiqlərin icraatında olan, keçmiş illərdən qapalı qalmış cinayət işlərinin açılması sahəsində müsbət nəticələr əldə olunaraq 1 cinayət işinə xitam verilib. Eləcə də cinayət işlərinin istintaqında prosessual qanunvericiliyin tələblərinə tam riayət olunub və cinayət hadisələri nəticəsində dəymiş maddi ziyan istintaq müddəti tam ödətdirilib. Şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsinin nəticəsidir ki, ötən dövr ərzində xidməti fəаliyyətin yеrinə yеtirilməsində fərqlənən əməkdаşlаrın əməyi qiymətləndirilərək 1098 əməkdаş müхtəlif mükafatlara layiq görülüb, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə intizam məsuliyyətinə cəlb edilən əməkdaşların sayı 26.7 faiz azalıb.

Nazir bildirib ki, qeyd olunanlardan əlavə, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında hüquq mühafizə orqanlarına profilaktika tədbirlərinin davam etdirilməsi, ictimai asayişin və sabitliyin qorunmasının daim diqqətdə saxlanılmasına dair verilmiş tapşırıqlar, o cümlədən yol polisinin fəaliyyətinin qanunvericiliyə uyğun qurulmasının nəzarətdə saxlanılması və bu sahədə xidmət edən əməkdaşların hüquqi biliklərinin artırılması istiqamətində Daxili İşlər Nazirliyinin qarşısına qoyulan vəzifələr həmin sahələrdə daha məqsədyönlü və effektiv tədbirlərin həyata keçirilməsini zəruri edir. Hesabat dövrünün yekunu və hərtərəfli təhlili onu göstərir ki, 2021-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin qоrunması sahəsində əldə edilən uğurlarla yanaşı, bəzi xidmət sahələrinin fəaliyyətində nöqsanlar müşahidə olunub. Daxili İşlər naziri hesabat dövrü ərzində göstəriciləri zəif olan xidmət əməkdaşlarına və sənədlərin icrası prosesində nöqsanlara yol verən strukturlara fəaliyyətlərində dönüş yaratmaları istiqamətində xəbərdarlıq edib, dövlət yol polisi əməkdaşlarının hüquqi biliklərinin artırılması üçün peşə hazırlığı dərslərinin keyfiyyətinin yüksəldilməsinə və əlavə hazırlıq kurslarının təşkil olunmasına dair tapşırıqlar verib.

Məruzə ətrafında Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, general-mayor Səlim Niftalıyev, Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov, İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov, Cinayət Axtarışı Şöbəsinin rəisi, polis polkovniki Qasım Həsənov və Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik-leytenantı Zahid Gözəlov çıxış ediblər. 

Daha sonra Nazirliyin digər xidmət rəisləri və ərazi polis orqanlarının rəisləri görülən işlərlə bağlı məlumat veriblər.

Sonda Daxili İşlər Naziri, general-leytenant Fazil Ələkbərov iclasa yekun vuraraq bildirib ki,  Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları əmin edir ki, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində qarşıya qoyulan vəzifələr, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlar bundan sonra da tam həcmdə yerinə yetiriləcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması təmin edilərək Naxçıvanın cinayətsiz region statusu qorunub saxlanılacaq.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: