Bir başqadır mənim kəndim - FOTOLAR
Həyatda nə qədər yer gəzirsən gəz, dünyanın hansı gözəl guşəsinə gedirsən get, yenə uşaqlığını keçirdiyin doğma ocağı, o ocaq başında sevincini, qayğını bölüşdüyün doğmaları axtarırsan. Həyat zirvəsinə addımladığın yollar bir gün səni illər öncəyə – ən gözəl günlərin xatirəyə çevrildiyi ocağa, doğmalarının olduğu kəndə, obaya aparır.
Dağlar ətəyində gözəl bir məkan var. Adına Xanəgah deyilir. Yaşı əsrlər olan bu kənd Culfa rayonunun 33 kilometr şimalında, Əlincə çayının sol sahilində yerləşir. Xanəgahlar, ümumiyyətlə “dərvişlərin məskəni” mənasında olub, müqəddəs yerlərin üzərində tikilib. Toponimi fars mənşəli “xanə” və “gah” komponentlərinin birləşməsidir. Ümumən, “xanəgah” sözü “ziyarətgah”, “pir” mənasını verir. Əgər bizim kəndimizə üz tutsanız, bu dünyanın çətinliklərindən, etibarsızlığından uzaqlaşıb Əlincə çayının yamacındaca saflaşarsınız. Burada hər daş-qaya, gül-çiçək başqa bir aləm, torpağı münbit və bərəkətli, havası gözəl, insanları xeyirxah, xoşməramlı, qonaqpərvər…
Bu yerlərdə dincəlib, istirahət etdikcə düşünürəm ki, bu gözəl diyarda dünyamıza göz açan bütün xeyir əməl sahibləri ehtirama layiqdir. Onların bir çoxu bədii əsərlərin qəhrəmanına çevrilməyə də layiqdir. Çünki bu qəhrəmanlar Xanəgahın hər bir yerini, qarışını gəzib, dolaşıb, gülünün, çiçəyinin, sularının dilini bilib, insanları ilə həmdərd, həmsevinc olub. Sular demişkən, Xanəgah kəndində Qızdırma bulağı adlanan bir çeşmə var. Yaşı kəndin yaşından çoxdur bəlkə də. Demək olar ki, bütün kənd sakinləri bu bulaqdan istifadə edir. Mən hər kəsi bu yerlərin mənzərəsi altında dincəlmək, mənəvi saflıq tapmağa çağırıram. Bəlkə də, özlüyündə qeyri-ixtiyari “ən xoşbəxt olduğum yerdir bura”-deyə pıçıldayarsan. İçində neçə əsrlərin sirlərinin, tarix xəzinəsinin uyuduğu Xanəgah kəndində hər narın yağışdan sonra torpaq ətri paylanar evlərə. Bacalardan tüstü uzanar kəndin o başına. Təndirin həniri qohum-qonşuları mehribanlaşdırar, kəsilən hər çörək ruzini artırar. Dağların arasında, sanki bir kasanın dibində yerləşən kəndimizdə dağlara doğru uzanan, illər uzunu harayına səs verə bilmədiyim yollar var. İnsana böyük vədlər verən, bir ucu dünyanın sirlərinə yetən, öz sehri, nağılı ilə insanın ürəyini minbir havaya kökləyən yollar. Ancaq bu yollar içərisində doğma kəndimə uzanan yollar mənim gözümdə dünyanın ən gözəl yoludur. Bunu ilk dəfə bu dolamalarda başa düşmüşəm. Yaşadığım günlərin ən şirinini axtarası olsam, həmin yollarda, kəndimizdə keçirdiyim günlərdə tapa bilərəm. Təbiət: Hər dəfə bizə nə isə öyrədən, hər fəsildə yolların nəğməsini dəyişən, torpağı, gül-çiçəyi, dağları, meşələri, çayları, daha nə bilim nələri, nələri rəngdən rəngə boyayan, mənim kəndimə gözəllik verən təbiət. Düşündükcə fikirlər, xəyallar məni qanadına alıb göylərə aparır. Kəndimizin ən çox ilk bahar və payızını sevirəm. Hər ağacın öz çiçəyi, öz rəngi, öz taleyi bu vaxtlarda görünür. Yazda ağaclar hərəsi bir cığırla gələn kənd uşaqlarına bənzəyir. Bir də görürsən, bağ-bağçalar tala-tala ağ-çəhrayı güllərə bürünüb. Baharı qarşılamağa tələsən novruzgülləri, bənövşələr güclə eşidilən nəğmələri ilə ağacları yuxudan oyatmaq istəyir. Payızda isə sarının və narıncının ən gözəl çalarlarından libas geyinmiş təbiət insanı bihuş edir. Nə vaxtsa oxumuşam: gündoğan ölkələrindən hansındasa qəribə bir rəssam ağac var. Gövdəsində ətraf mühitin şəkli yaşayır. Doğma kəndimizin – Xanəgahın əsrarəngiz, gözəl təbiətini düşünəndə yadıma həmin ağac düşdü. Bəlkə biz insanlar da beləyik. Təbiət canlı orqanizm olmaqla, insan ömrünü də, sanki özünə uyğunlaşdırıb, dörd fəslə bölüb. Uşaqlıq, gənclik, ahıllıq. Beləliklə, insanı yaradan ulu Tanrı, yaşadansa təbiətdir desək, fikrimcə, yanılmarıq.
Südabə Əlizadə
“Arazın səsi” qəzeti