Ələyəz, əvəlik, yemlik, turşəng, quzuqulağı, çiriş, cacıq, baldırğan, çaşır, əməköməci, qazayağı, rəvənd, dağ kəvəri, yarpız, nanə, kəklikotu və adlarını saymaqla bitməyən, dad-tamı, ləzzəti, keyfiyyəti ilə seçilən bu bitkilərdən insanlar yaz ayları boyunca yararlanır, hətta qış üçün də tədarük edirlər. Ana təbiətin mineral gübrəsiz, dava-dərmansız yetirib-bitirdiyi, insan sağlamlığı üçün möcüzəvi faydaları olan bitkilərdən hazırlanan müxtəlif çeşiddə yemək nümunələri mətbəx mədəniyyətimizi zənginləşdirməklə yanaşı, uzunömürlülüyün sirrini də özündə qoruyub saxlayır. Dağlarımızda, yaylaqlarımızda bitən solmazçiçəyi, yarpız, ətirsünbül, dağ nanəsi, çobanyastığı, boymadərən, batrınc, qantəpər kimi bitkilərin dəmləmələri, gümrahlıq və xoş əhvali-ruhiyyə yaradan təbii çaylarımız isə sağlamlıq, enerji mənbəyidir. Belə bitkilərdən biri olan dağ nanəsi dodaqçiçəklilər fəsiləsindən olub, efir yağlı bitkidir. Dağ nanəsinin bu günlərdə yığım vaxtıdır. Bitki tam çiçək açan zaman toplanılır və kölgədə qurudulur. Qurudulmuş dağ nanəsi ədviyyat kimi ət, balıq, quş və tərəvəzlərdən hazırlanmış müxtəlif xörəklərə xoş ətir verir və vitaminlərlə zənginləşdirir.
Ətirli ədviyyat bitkisi kimi nanənin 3 növündən-dağ nanəsi, sünbülvari nanə, bağ nanəsi və yaxud ətirli nanədən istifadə edilir. Analarımız, nənələrimiz dağ nanəsindən süfrələrimizi bəzəyən, milli xörəklərimizin dadını, tamını artıran ən yaxşı ədviyyat kimi hər zaman istifadə ediblər. Dadına, tamına görə yabanı halda bitən dağ nanəsi həyət nanəsindən fərqlənir. Təkcə ədviyyat kimi deyil, kosmetologiyada da geniş istifadə olunan bu bitki bir çox xəstəliklərin müalicəsində məlhəm kimi də qiymətlidir. Həzm sistemi üçün çox faydalı olan nanə əhval-ruhiyyəni və beynin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını aradan qaldırır, arterial təzyiqi aşağı salır. Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içməklə onun faydasını görərlər. Ona görə də mövsümündə bitkidən yığıb sonrakı aylar üçün tədarük edənlər həm də sağlamlıqlarının qayğısına qalırlar.
“Oğuz səsi” qəzeti