Bal kimi şirin Nehrəm qarpızı... - FOTOLAR

A- A A+

Nehrəm dadlı-tamlı pendiri, barlı torpağı və bu torpağı qiymətə mindirən şirin ləhçəli insanları, bir də qarpızı ilə tanınır. Səhər saatlarında Naxçıvan şəhərindən Nehrəm qəsəbəsinə gedən avtobusa tələsik minirəm. Sərnişinlərin hamısı qəsəbə sakinləridir. Səhərin mehi avtobusun pəncərəsindən içəri daxil olur. Naxçıvan-Culfa-Ordubad magistral avtomobil yolunun sağ tərəfindəki qarpız-qovunla dolu piştaxtalar göz işlədikcə uzanır.  Bu yerlərin hər bucağı zəhmət qoxuyur. Yol kənarlarında sahələrdə biçilən otun, samanın ətri üzümə vurur.  İlin-günün bu çağında kəndli tarlada, çöldə torpağa tər axıdır. Gecəsini gündüzünə qatıb torpaqla ülfət bağlayan insanlar üçün gün günəş doğmadan-səhər üzü saat 5-dən başlayır.

Əmək insanı ucaldar deyib müdriklərimiz. Əkin-biçin işlərində böyük hünər sahibi olan nehrəmlilər də sözün həqiqi mənasında əməyi ilə, zəhməti ilə ucalan insanlardır. Aqrar sahəyə qayğı isə onları daha da ürəkləndirib. Belə insanlardan biri fermer Cəmşid Həsənovdur. Bizi kənd mərkəzində qarşılayır. Deyir ki, səhər saat 5-dən oyaqdır.  İşlərinin  bir qismini (qovun-qarpız yığımını) yekunlaşdırıb. Geniş bostan sahələrini görmək  üçün tarlaya gedirik. Cəmşid Həsənov bizi   becərdiyi bostana  aparır.  Qarşıdan görünən mənzərə torpağa axıdılan alın tərinin, qabarlı əllərin bəhrəsidir.  Sahələri gəzirik. Kolların arasında sapsarı qovunlar  və  ləklərdə isə yaşılzolaqlı qarpızlar gözə dəyir. Fermer gördüyü işdən həvəslə danışır: Zəmiyə düşmən kimi girib, dost kimi çıxmalısan. İşlərimizi planlı şəkildə qururuq. Payızda əkəcəyimiz sahələri şumlayır. Yazda yenidən pərşumlayıb şırım salırıq,  təbii kübrələr sahələrə verildikdən sonra mart ayının əvvəllərindən  bostan sahəsini politilen altında əkirik.  Mərhələ-mərhələ iyunun 10-na kimi əkin işləri gedir.  İlk əkdiyimiz bostan sahəsinin məhsulu 120 günə, ikinci mərhələdə əkdiyimiz məhsul isə 40 günə yetişir. Bu da təbii ki,  temperaturla əlaqədardır. Qovunun, qarpızın yaxşı göyərməsi üçün ən azı 15 dərəcədən artıq istilik olmalıdır.

İldən ilə təsərrüfatını böyüdən Cəmşid Həsənov qonşu kəndlərdə də  əkilməyən torpaq sahələrindən icarəyə götürür və necə deyərlər, onu gülüstana döndərir. Bu il əkdiyi 18 hektar  bostanın  10 hektarı  Yarımca kəndinin ərazisində icarəyə götürdüyü torpaqlardadır. Hazırda həmin ərazidən məhsul yığılır.

Təsərrüfat tək adamın işi deyil. Ona görə biz ailəliklə bu işləri  görür, həm də əlavə işçi qüvvəsi cəlb edirik. Bitki də canlıdır. Qayğı, diqqət tələb edir. Hər şey vaxtı vaxtında olmalıdır. Belə olmasa yaxşı məhsul olmaz. Məhz buna görə Nehrəmin əkin sahələrindən bazara çıxardığımız qarpızlar əla dada və keyfiyyətə malikdir. Yaxşı məhsul  həm də keyfiyyətli toxumdan ərsəyə gəlir. “Naxçıvan Toxumçuluq Mərkəzi” bizi keyfiyyətli toxumlarla təmin edir. Gördüyünüz sahələrdəki qovun qarpızlar  Hollandiya, Adana və Sabirabad sortlarıdır.  Həm də bostan iki il dincə qoyulmuş torpaqda əkilməlidir. Bostanı vaxtı-vaxtında suvarmaq da əsas şərtdir. Qovunu 3, qarpızı 4 dəfə suvarmaq kifayətdir. Qumsal torpaqlarda 15, lil torpaqlarda bostan 25-30 gündən bir suvarılmalıdır. Bunu sınaqdan keçirmişik. Bostana suyu çox versən,  rütubətdən çor xəstəliyi əmələ gəlir  və tağı yatırdır. Lil torpaq bostan  üçün daha əlverişlidir. İnanmıram ki, qarpız əkini və məhsul erimin sirləri barədə mənim qədər bilən ola”.

Qarpızın arağını, doşabını istehsal edən, qarpız qurusunu bazara çıxaran, bu il isə ilk dəfə olaraq qarpız sirkəsi də hazırlayan ailə təsərrüfatçısı işinin peşəkarıdır. Babası da, atası da  bostan əkib. Bu gün isə atasından qalma ənənəni o davam etdirir. 

Ailə təsərrüfatçısı deyir ki, o  vaxtlar babam Pircüvar  meşəsi deyilən ərazidə 3 put, 4 put əkərdi.  Su olmurdu. Sel, yağış suları ilə qidalanırdı bostan. Amma indi  ən son texnikalarımız var, sahələrimizdə qapalı suvarma sistemləri, hidratlar quraşdırılıb. Bir necə saata 1 hektar sahəni rahat suvarırıq. Həm də suda itki olmur. Əvvəllər isə 10 gün  gecə-gündüz çöldə olurduq ki, bostanı suvaraq.  Torpağı  cana gətirən su, bir də insan əməyidir. Amma su əsas şərtdir. Suyu olmayan torpaqda ha çalış, nə xeyri. İndi əkinçinin işi çox rahatdır. Bu il Naxçıvan Aqrolizinq” ASC-dən götürdüyüm dərman səpən texnika vasitəsilə bostan sahəsini dərmanladım. Nə qarpızda, nə də qovunda heç bir qurd xəstəliyi olmadı.

Sahələrdən ilk məhsulu nə vaxt dərdiyini soruşuram.

-İyun ayının əvvəllərindən. Neçə illərdi bostan əkirəm, bu il ilk dəfə belə bir halla qarşılaşıram.  Qarpız vaxtından  15 gün tez yetişdi.  Hər halda bu hava şəraiti  və suyun bol olması ilə  əlaqədar  oldu.  

Bostandakı qarpızlar günəşin şəfəqlərindən işıq saçır.  O isə sözünə davam edir: Bostanlarda hər gün 15-20 nəfər işçi çalışır, gündəlik  2 t, 3 t məhsul yığılır.  Bu ilki qarpız daha dadlıdır.  İndi birini kəsəcəyəm, dadına özünüz də baxasınız.  

Qıpqırmızı qarpıza bıçaq dəyən kimi suyu töküldü. Cəmşid Həsənov “bax, suyu vaxtı vatında verildiyinə görə belədi” deyib onu səliqə ilə  dilimlədi. Bal kimi qarpız isti havada ürəyimizə bir sərinlik bəxş etdi. Yediyimiz qarpız “Sabirabad” sortu qarpız idi. Cəmşid Həsənov belə deyir. “Qarpıza şirinlik verən Nehrəmin torpağı, bir də o camaatdır” deyib bostan sahələrində çalışan insanları işarə edir və kənd təsərrüfatına göstərilən dəstəkdən ağız dolusu danışır. Az sonra əlini kolların arasındakı qarpızların birinə uzadıb yetişmiş qarpızı  seçəməyin yollarını da bizim üçün izah edir: Qarpızın saplağı quru olmalıdır, əgər yaşdırsa, deməli o vaxtından əvvəl dərilib. Əlimizlə vuran zaman boşluqdan gələn səs varsa, qarpız tam yetişib.

Muxtar respublika sakinlərinin qarpız, qovun məhsullarına olan tələbatının ödənilməsində  onun  əməyi  də var. Bu günə kimi satışa 500  ton məhsul çıxarıb.

 Ailə təsərrüfatçısı deyir ki, vaxtilə bostan sahələrimdə çalışan gənclərin indi özləri də ailə təsərüfatçısı kimi məhz qarpız əkib becərir. Deməli Nehrəmdə qarpız həmişə becəriləcək. Çünki şərait, diqqət var təsərrüfata. Əvvələr qarpızı bir  sezonluq əkirdik. Ancaq indi suyumuz bol olduğuna görə  ikinci əkini həyata keçiririk.  Ona deyərlər “Ərəzən bostanı”. Noyabrın sonuna qədər  bazarlarımızda  qarpız, qovun olacaq. Hətta əvvəllər “çillə qarpızı”nı da xüsusi qayda ilə samanın arasında hava girməyən yerdən çilləyə saxlayardıq. Amma indi “Çillə qarpızı”nı  cəmi 20 gün  normal temperaturda saxlayıb bazara çıxarırıq. Nehrəmin məşhur qarpız turşusunu da əsasən bostan sovuşan vaxtı hazırlayırıq. Dədə-babadan hazırladığımız bu turşuya da tələbat çoxdur. Azərbaycanın hər bölgəsinə, hətta İrana, Türkiyəyə də göndəririk.

Ailə təsərrüfatçısı hər il Naxçıvanda keçirilən  ailə təsərrüfatı məhsulları festivalında iştirak edərək qarpızdan hazırladığı məhsulları alıcılara tanıdır və satır. Zəhmətkeş qarpızdan hazırladığı növbənöv məhsullara görə 2019-cu ildə keçirilən  “Ailə təsərrüfatı məhsulları” festivalında birinci yerə layiq görülüb. 2020-ci ilin dekabrın 30-da Prezident İlham Əliyevin Sərəncamı əsasında üçüncü dərəcəli “Əmək” ordeni ilə təltif olunması isə, sözün əsl mənasında, zəhmət adamının əməyinə verilən  qiymətdir.

Yay mövsümünü qarpızsız təsəvvür etmirik. “Yay ola, pendir-çörək qarpızla” deyimi  buna görə deyilib. Yayın isti günlərində qarpız ən ağır xəstəyə də dərmandı. Bostançılıqda böyük təcrübəyə malik olan  nehrəmlilər ta qədim zamanlardan bu məhsulu əkib becərir. Yay gəldimi, onların zəhməti hesabına ərsəyə gələn qovun, qarpız bazarları yol kənarlarını bəzəyir. Məhəllələrdə səhər-axşam qarpızla dolu maşınlarda “Qarpız var, qarpız gəldi, bal kimi şirin Nehrəm qarpızı” sözlərini deyən qarpız satanların səsi insanları həmin qarpızla dolu maşının başına toplayır.  Bu gün nerəmlilər yerli istehalın çoxaldılması, əhalinin ekoloji cəhətdən təmiz bostan, tərəvəz məhsulları ilə təmin olunması, həm də firavan həyat üçün, sözün əsl mənasında, birlik nümayiş etdirirlər. Bu birliyi  biz bu gün tarlada da gördük. Yazın ilk çağından ta payızın sonunadək qocalı-cavanlı hər kəs həvəslə çalışır, torpağa sığal çəkir. Torpağınsa onlara verdiyi bolluq və üzağlığıdır.

                                                                 Türkanə Əmoyeva

                                                                  “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: