Cənnət görmək istəyən Ordubada gəlsin - FOTOLAR

Və ya Pəzməriyə gedən yol…

A- A A+

Təxminən 6 il öncə çəkiliş heyəti ilə birgə dağların qoynuna sığınmış, gözəlliyi dillər əzbəri olan Pəzməri şəlaləsini görmək və tamaşaçılara göstərmək məqsədilə yola çıxdıq. Eyniadlı kəndlə şəlaləyə qədər məsafənin çox və çətin olacağını öncədən bilirdik. Dağların arası ilə, daşlı, çınqıllı yolda bir qədər getdikdən sonra piyada yola davam etdik. Yol nə qədər narahat olsa da, təbiət gözəlini görmək eşqi bizi bu yoldan döndərə bilmədi.

Qeyd edək ki, Pəzməri rayon mərkəzindən 30, Naxçıvan şəhərindən 84 km məsafədə yerləşir. 206 nəfər əhalisi var. Kənd əhalisinin əsas məşğuliyyətini arıçılıq, heyvandarlıq və bağçılıq təşkil edir. Kiçik yaşayış məntəqəsi olsa da, özündə təbii zənginlikləri qoruyur: əzəmətli dağlar, çaylar, dumduru bulaqlar və şəlalələr. Pəzməridə hündürlüyünə və su sərfinə görə bir-birindən fərqlənən bir neçə şəlalə var. Unusla Pəzməri arasında Gərdəni şəlaləsi, Pəzməri şəlalələri və Ağyurd şəlaləsi. Bu şəlalələr içərisində daha çox tanınan və səyahətsevərləri cəlb edəni Pəzməri şəlalələridir. Pəzməri şəlalələrindən biri su sərfi, axınının sürəti, kinetik enerjisi və gücünə görə hətta ölkə üzrə ən böyük şəlalələrdən sayılır.

Təqribən 25-30 metr hündürlükdən tökülüb gələn uzun saçlı bir gözəli xatırladan şəlaləyə heyran olmamaq mümkün deyil. Səs-küylü bu gözəl tamaşaçısını bəzən yaxınına belə buraxmır. Şəlalənin dörd bir yanı sıldırım qayalar və əzəmətli dağlarla mənzərəlidir. Son illər bu dağlar gözəlini görmək eşqilə muxtar respublikanın bütün bölgələrindən insanlar axın edir, turlar təşkil olunur. Bir növ buraların təbiəti özü turizmin inkişafı üçün zəmin yaradıb. Turizm məhsulu kimi olduqca cazib olan bu şəlalə insanlara estetik zövq bəxş etməklə yanaşı, həm də sərinlik və enerji bəxş edir. Bir sözlə, bu yerlərin füsunkar təbiəti və gözoxşayan təbiət abidələri insanın mənfi enerjisini alır, yerini müsbət aura ilə doldurur. Bu şəlalədən bir qədər yuxarıda yerləşən digər Pəzməri şəlaləsinin ziyarətçiləri isə daha çox olur. Kənddən təqribən 4 km məsafədə yerləşən şəlalə yayın cızhacızında sərinlik və gözəllik axtaranların, istirahətini təbiətlə vəhdətdə keçirmək istəyənlərin sevilmli məkanıdır. 

Hər dəfə bu şəlaləyə gəldikcə, onun enerjisindən faydalandıqca, kaş ki hər kəs gəlib bu gözəlliyi görə bilə deyə ürəyimdən bir istək keçib...

Bir qədər Ordubadın turizm imkanları haqqında

Ordubad özündə tarixin ən dərin qatlarını necə hifz edib saxlayırsa, təbiətinin füsunkarlığı bir o qədər üzdədir. 43 kənd, 3 qəsəbə, 1 şəhəri özündə birləşdirən qədim Ordubad turizm üçün çeşidli məhsullar təqdim edir: özünəməxsus mətbəx, yüksək qonaqpərvərlik, tarix və mədəniyyət abidələri, təbiət abidələri. Ekoturizm, onun bir qolu olan kənd turizmi və tarixi-mədəni turizmin inkişafı baxımından Ordubadın imkanları böyükdür. Maraqlı burasıdır ki, Ordubadın müxtəlif istiqamətlərdə yerləşən kəndləri əhalisinin məşğuliyyəti, təbii zənginliklərinə görə fərqlənir. Məsələn, limon yetişdirməkdə əndəmiclilər daha səriştəli hesab olunur. Ordubad zonasında bu işlə daha çox əndəmiclilər məşğul olur. Zoğal, xurma, nar kimi bitkilərin yetişdirilməsinə kotamlılar daha çox maraqlıdır. Üstüpülülərin yetişdirdiyi lobya, kartof və kələm məhsullarının dadına isə dad çatmaz.

Məscid, çinar, kəhriz kimi üçlüyü özündə birləşdirən Ordubadın qədim məhəllələri, tarixi Qeysəriyyə binasında zəngin eksponatları ilə fəaliyyət göstərən Tarix-Diyarşunaslıq muzeyi, milli yeməklərin təqdim olunduğu buzxana, hamam, məbəd və daha sadalamadığımız onlarla abidələr tarixi-mədəni turizm həvəskarları üçün ideal sayıla bilər.

Ordubadın Sabirkənd-Nürgüt, Düylün-Məzrə, Xanağa-Pəzməri qolları isə ekoturizm və kənd turizm həvəskarları üçün tapıntıdır, desək, yanılmarıq. Şair burda təbiət gözəli Göy gölü belə vəsf edir:

Gözəllik bəxş olub binadan sənə,

Özü də heyrandır yaradan sənə.

Baxır min göz ilə ucadan sənə,

Vətənin lacivərd səması Göy göl!

Sabirkənd-Nürgüt qolunda yerləşən, dörd fəsli özündə birləşdirən, fotoqrafları, səyyahları özünə məftun edən dağlar gözəli Göy gölümüz hansı turisti özünə heyran etməz ki?! Bu qolda yerləşən, yazın ilk aylarında coşub-daşan çayları-məşhur Gilançayı, Əyriçay, Sakkarsu, buz kimi bulaqları, Tillək meşəsi, Babək qalası daha nələr, nələr, kimə etməz əsər?! Parağaçay qəsəbəsi isə yayı bir mənzərədir, qışı bir mənzərə.

Düylün-Məzrə qolunda yerləşən Çənnəbi demirəm hələ. Çənnəb deyil, cənnətdir. Dəniz səviyyəsindən təqribən 1300 metr yüksəklikdə yerləşən  kəndin adamlarının "Bədərək" adı verdiyi bir bulaq da var. Günün hansı saatında getsəniz, əlində su qabı bulaq başına gəlmiş qız-gəlinlərlə rastlaşacaqsınız. Bir parç ürəksərinlədici bulaq suyundan verib,  ürəkdolusu da tərif edəcəklər. Deyilənə görə, suyun tərkibi zəngindir və zob xəstəliyinə qarşı olduqca təsirlidir. Böyrək və öd xəstəliklərində də əhali arasında geniş istifadə olunur. Onun üçün həyətlərində içməli su olsa da, məhz bu bulağın suyundan istifadə etmək  üçün evlərə daşıyar, süfrələrinin əsas nemətinə çevirərlər.

Kəndin içərilərinə doğru getdikcə maraq adamı  daha çox bürüyür. Elə uzaqdan tarixin izlərini özündə yaşadan evlər diqqətini cəlb edəcək. Öyrənirik ki, burada əksər evlər 19-cu əsrin əvvəllərindən qalmadır. Yəni yaşı 200 ilə qədərdir.  Canlı tarix yaşanır bu kənddə. 

Bu qolda ən sonuncu kənd Məzrədir. Ordubadın kiçik yaşayış məntəqələrindən olan Məzrə məzrəlilərin sanki daş vannalarla əhatələndiyi və bir növü dərinliyi və çevrəsi ilə qazanı xatırlatdığı üçün  Qazan göl adı verdikləri ərazi son vaxtlar yerli turistlərin diqqətini cəlb edir. Ordubadın turizm imkanları qısa şəkildə sadaladıqlarımızdan qat-qat genişdir və biz növbəti yazılarımızda hər biri haqqında ətraflı məlumat verəcəyik.

Ordubadın Anaqutu, Dırnısı

Gözəlliyə dəvət edir hər kəsi.

Ötən il Anaqut-Dırnıs yolu gedərkən facebook sosial şəbəkəsi üzərindən canlı yayıma qatılanlar bu yolu Quba yoluna bənzədərək çoxsaylı suallar ünvanladılar. Yaşıllıqlarının sıxlığına və təbiətinin əsrarəngizliyinə görə Ordubadın Xanağa-Pəzməri qolu xüsusilə fərqlənir.  Bu qolda Xanağa, Ağrı, Vələver, Qoruqlar kimi yaşayış məntəqələri də var. Lakin turizm nöqteyi-nəzərindən dəyərləndirsək, Anaqut, Dırnıs, Unus və Pəzməri sərgilədiyi imkanlarına görə daha cazibədardır.

2020-ci il ərzində dünyada sürətlə yayılan pandemiya ölkə iqtisadiyyatının bir çox sahələrinə, o cümlədən, turizm sektoruna öz mənfi təsirlərini göstərdi. Mənfi təsirləri minimuma endirmək və inkişaf perspektivlərinin qorunması məqsədilə turizmlə məşğul olan sahibkarlıq subyektləri fəaliyyətini daxili turizmə yönəltdi. “Gəzməyə Vətən yaxşı”,-deyib istirahətlərini muxtar respublika daxilinə yönəldən yerli turistlər özləri üçün bir çox yerləri kəşf etdilər. Elə ötən ildən üzü bəri Anaqut-Pəzməri istiqaməti üzrə hərəkət edən  turlar da az deyil. Yaz-yay fəslində demək olar ki, kirayə ev tapmaq hətta müşkülə çevrilir. Tələbat və ərazinin turizm imkanları nəzərə alınaraq Anaqutda tikintisi davam edən “Xan Çinar” istirahət mərkəzi turistlərin istirahətlərini daha xoş və mənalı keçirmək baxımından əhəmiyyətlidir.

Pəzməriyə getmək daha çətin olmayacaq

Və bundan da əsas əhəmyyətli və vacib məsələ yol infrastrukturunun müasirləşdirilməsidir. Yazımın əvvəlində Pəzməri şəlaləsinə gedib çatmağın çətinliklərindən bəhs etdim. Bəs bundan sonra necə olacaq? Artıq  çətinliklər dövlətin bu sahəyə ayırdığı diqqət və qayğı nəticəsində aradan qaldırılır.

Vənənd-Pəzməri avtomobil yolu yenidən qurulur. Ümumi uzunluğu 20 kilometr olan yolun eni 8 metrdir. Yolda 3 körpü əsaslı təmir olunub, yoldakı qayalar texnika vasitəsilə dağıdılaraq yol yatağı genişləndirilir. Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri kənddaxili yollarına isə qum-çınqıl qatı verilir.

İyulun 13-də Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində həyata keçirilən kompleks quruculuq tədbirləri ilə tanış olan Ali Məclisin Sədri demişdir: "Kəndlərdə quruculuq işləri ona görə aparılır ki, insanlar rahat və firavan yaşasınlar. Həyata keçirilən tədbirlər məskunlaşmanı da artıracaqdır. Artıq Pəzməri turistik bölgəyə çevrilir. Kəndə turist axını sakinlərin istehsal etdiyi məhsulların alınmasına da səbəb olacaqdır ki, bu da əhalinin güzəranının daha da yaxşılaşması ilə nəticələnəcəkdir".
Ali Məclisin Sədri gözəlliyi ilə turistləri cəlb edən Pəzməri şəlaləsinin yerləşdiyi ərazidə olmuş və Pəzməridən şəlaləyə gedən yolun yenidən qurulması barədə tapşırıq vermişdir.

Turizm həvəskarlarını sevindirən bu xəbər həmin gün sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə paylaşıldı. Bəli, artıq bu dağlar gözəlini görmək o qədər də çətin olmayacaq. Hər kəs uşağını da, yaşlı valideynini də rahatlıqla bu gözəllik məskəninin qonağı edə biləcək.

Bildirək ki, hazırda Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində kompleks quruculuq tədbirləri davam edir. Kənd və xidmət mərkəzləri tikilir, müasir təhsil ocaqları ucaldılır. Beləliklə, turizmdə önəmli faktorlardan sayılan xidmətin keyfiyyəti yüksəldilir, müasir infrastruktur yaradılır. Aparılan quruculuq işləri adıçəkilən kəndlərin təbii gözəlliyinə gözəllik qatacaq, bu yaşayış məntəqələrini həm yaşamaq, həm istirahət baxımdan daha da əhəmiyyətli edəcəkdir. Digər tərəfdən Zəngəzur dəhlizinin də yaradılması istiqamətində görülən işləri nəzərə alsaq, perspektivdə bu yerlərin turizm zonasına çevriləcəyi istisna deyil.

Ekspertlərin fikrincə, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq ki, Ordubad da buradan öz payını alacaqdır.

Bu günümüzə xidmət edən və gələcəyə hesablanan genişmiqyaslı və çoxşaxəli quruculuq tədbirləri bir çox sahələrin, xüsusilə də turizmin inkişaf perspektivlərini hədəfləyir. Bizə isə yaradılanlardan, qurulanlardan səmərəli istifadə etmək və muxtar respublikamızın turizm imkanlarını təbliğ etmək düşər. Bu işdə hər kəsə uğurlar arzulayırıq!

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: