Həmrəylik və xeyirxahlıq bayramı

A- A A+

Hər bir xalqın maddi və mənəvi dəyərlərinin məcmusu onun mədəniyyətidir. Mədəniyyətin vacib elementləri adət, ənənə və inanclardır. Bu dəyərlərin sosial həyatda əks olunduğu xüsusi günlər isə bayramlardır. Bayramlar ilin müəyyən bir vaxtında təqvimə bağlı olaraq qeyd edilir. Dini bayramların qeyd edildiyi vaxt ay təqviminə görə hesablandığı üçün, günəş təqviminə görə nizamlanan həyatımızda bu xüsusi günlər hər il eyni vaxta təsadüf etmir. İki təqvim arasında mövcud olan on günlük fərq səbəbindən dini bayramlar bir öncəki ilə görə on gün daha əvvəl qeyd edilir.

Dini ibadətlər insanın onu yaradana olan məhəbbətinin ifadəsidir. Bütün ibadətlərdəki qayə insanın onu xəlq edənə daha yaxın olmaq istəyi və onun himayəsində ola bilmək arzusudur. İslam dinində də ibadətlərin insana və cəmiyyətə qazandırdığı bir çox dəyər vardır. İnsanın Allah yolunda hər cür fədakarlığa hazır olduğunun rəmzi ifadəsi olan qurban ibadəti də, yaradıb, yaşadanın əmrinə razı olmağın ən ali dərəcəsini bizə göstərən ibadətdir.

Allah müqəddəs Qurani-Kərimdə “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır” buyurmaqla qurban ibadətinin qayəsini bizə bildirir və təqva anlayışı ilə öz böyüklüyünü, o gücə ehtiramla sığınmağımız gərəkdiyini ifadə edir.

Müqəddəs kitabımızda qurban kəsməyin əsas məqsədinin təqvaya çatmaq olduğu bildirilərək, İbrahim peyğəmbərin gözünün aydınlığı olan oğlu İsmayılı qurban etməyə hazırlığı və insanın belə bir imtahan qarşısında yaşadığı emosional hal çox gözəl rəsm edilir. Allah sevgisinin ən üstün dərəcəsini bizə xatırladan İsmayıl əleyhissalamın bu cür çətin imtahandakı rəftarı sədaqət nümunəsidir. Həmin rəftarın və sadaqətin sayəsində axıdılması düşünülən qan insanlığın ölümünə deyil, qurtuluşa və ilahi rəhmətə səbəb olmuşdur. Beləliklə, İbrahim peyğəmbərə verilən qurbanlıq bütün insanlıq üçün bir rəhmət və qurtuluş olmuş, insanın bağışlanmasının rəmzi halına gəlmişdir.

Qurban həm də insan və cəmiyyət üçün mühüm töhfələri olan bir ibadətdir. Beləliklə, insan ona bəxş edilən canın nə qədər qiymətli olduğunu dərk edir. Eyni zamanda, Allah yolunda kəsilən qurbanın necə dəyər qazandığına da şahid olur. Bu sayədə onun bütün yaradılmışlara qarşı məsuliyyətinin olduğu, təbiətdəki canlı və ya cansız varlıqların əslində Rəbbimiz tərəfindən nə qədər dəyərli yaradıldığını öyrənir. Nəticədə, təbiətə və digər canlılara qarşı mehriban və qayğıkeş münasibət bəsləməli olduğunu, qurbanın da buna vasitə olduğunu anlayır.

Niyyətsiz heç bir ibadətin dəyəri yoxdur. Peyğəmbərimizin “Əməllər niyyətlərə görə dəyər qazanar” sözü bunun ən gözəl ifadəsidir. Allahın razılığını niyyət edərək səmimiyyətlə edilən hər iş, eyni zamanda bir ibadətdir. Xoşbəxt bir ailə üçün səy etmək, ehtiyacı olanı sevindirmək, halal qazanc üçün çalışmaq, gözəl söz söyləmək, ticarətdə dürüst olmaq, hətta insanlara əziyyət verən bir daşı yoldan qaldırmaq da ibadətdir. Qurban bayramı bizdə bu şüuru artırması baxımından əvəzsiz nemət, məsuliyyətlərimizin yenidən xatırlanması üçün bənzərsiz fürsətdir.

Bayram könüldən-könülə körpü qurmaqdır. Dua etmək qədər dua almaqdır. İlk öncə ata-ana olmaqla, möhtacın, məzlumun duasına müştəri olmaqdır. Bu günlərdə ehtiyacı olanlara yardım etmək duyğusu daha üstün olur. Qurban bayramını bizə dəyərli və mübarək edən də qazandığımız bu gözəl xüsusiyyətlər və məsuliyyət anlayışı olsa gərək.

Azərbaycan xalqı öz milli-mənəvi dəyərləri ilə böyük inkişaf yolu keçib. Ölkəmiz müsətəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında daha sıx birləşən xalqımız adət-ənənələrinə, dəyərlərinə daha möhkəm bağlanmış, əldə etdiyi bir çox demokratik prinsiplərlə yanaşı, müqəddəs bayramlarını da azad şəkildə keçirmək hüququ qazanmışdır.

İslam mədəniyyətinin formalaşması və inkişafında özünəməxsus yeri olan muxtar respublikamızda da milli-mənəvi dəyərlərimizə daim diqqət və qayğı göstərilir, hər il müqəddəs bayramlar təntənəli şəkildə qeyd olunur. Qurban bayramı günlərində sosial qayğıya ehtiyacı olan ailələrin yad olunması, onlara bayram sovqatlarının verilməsi dinimizə olan böyük ehtiramın daha bir ifadəsidir.

Qəlbləri ilahi hikmətlə nurlandıran Qurban bayramı həmrəylik, mərhəmət və xeyirxahlıq duyğuları aşılayır, nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah ibadət və dualarınızı qəbul etsin. Qurban bayramınız mübarək olsun!

Orxan Məhərrəmov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: