Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan 49 uşaq "yay məktəbi"nə cəlb edilib - VİDEO
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Komitə və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “yay məktəbi”nə xüsusi qayğıya ehtiyacı olan ailələrin, şəhid və çoxuşaqlı ailələrin övladları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, o cümlədən tək valideyn himayəsində yaşayan uşaqlar olmaqla, ümumilikdə 49 nəfər uşaq iştirak edir.
Bu münasibətlə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov artıq ənənə halını almış “yay məktəb”lərinin uşaqlar üçün əhəmiyyətinə toxunublar. Bildiriblər ki, uşaqların mənəvi – psixoloji inkişaflarına xidmət edən bu cür tədbirlər onlara yeni dostluqlar qazanmağa, muxtar respublikanın təbiəti ilə yaxından tanış olmağa, dünya görüşlərini artırmağa, asudə vaxtlarını səmərəli keçirməyə əlavə imkanlar yaradır.
Şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimova onlara bu imkanı yaradan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinə uşaqlar adından minnətdarlıq edib. Sonra uşaqlar Ağbulaq İstirahət Mərkəzində onlar üçün ayrılmış otaqlarda yerləşdirilib və təşkilatçılar tərəfindən uşaqların istirahəti üçün lazımi ehtiyaclar yerinə yetirilib.
Qeyd edək ki, “yay məktəbi”nin proqramına uyğun olaraq uşaqlar hər gün səhər gimnastikası, əlavə olaraq Ağbulaq kəndinin ekskursiyası, müxtəlif idman və əyləncəli oyunlar, intellektual yarışlar, diskussiyalar, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsi keçiriləcəkdir. “Yay məktəbi”ndə Azərbaycan filmlərinin nümayiş olunması və Şahbuz Rayon Kolanı kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə konsert proqramının təşkil edilməsi də nəzərdə tutulub. İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəal olan uşaqlar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla mükafatlandırılacaq.
“Yay məktəbi”nə cəlb olunmuş uşaqlara nəzarət etmək üçün 4 nəfər Komitə əməkdaşı və istirahət müddətində uşaqların sağlamlıqlarının qorunması, onlara ilkin tibbi yardımın göstərilməsi məqsədilə 1 nəfər həkim təhkim olunub.
“Yay məktəbi” 23 iyul tarixinədək davam edəcəkdir.