Milli mətbuatımızın “Şərq Qapısı” və ya Naxçıvan tarixinin 100 illik salnaməsi

A- A A+

Azərbaycan üçün, eləcə də bütün Şərq aləmi üçün yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması və formalaşması ölkəmizdə XIX əsrin ortalarına təsadüf edir. XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın da yaranmasını zəruri edib. Məlumdur ki, hələ 1832-ci ildə “Tiflis əxbarı” qəzeti və 1845-ci ildə “Zaqafqazski vestnik” qəzetinin “Qafqazın bu tərəfinin xəbəri” adlı azərbaycanca əlavəsi milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olub. Lakin bülleten xarakterli həmin nəşrlər hələ qəzet adlandırıla bilməzdi. “Tiflis əxbarı” və “Qafqazın bu tərəfinin xəbəri”, bu mənada, milli Azərbaycan mətbuatının rüşeymi olmuşdur. Milli mətbuatımızın bünövrəsi isə 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan “Əkinçi” qəzetinin ilk nömrəsi ilə qoyuldu. Bu qəzet milli mətbuatımızın ilk nümunəsi və Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşdü. Daha sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verərək milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük rol oynadı. Qədim və zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvanda da mətbuatın yaranması milli mədəniyyət və ictimai fikir tariximizdə mühüm mərhələ təşkil edir. Məlum olduğu kimi, Naxçıvan ziyalıları hələ XIX əsrin ikinci yarısından etibarən Azərbaycan, Rusiya və Şərq mətbuatında dəyərli yazıları ilə çıxış edirdilər. Mətbuatla əlaqələrin yaranması və genişlənməsi burada milli maarifçilik hərəkatının inkişafına da müsbət təsir göstərmişdi. Həmin dövrdə yerli ziyalıların təşəbbüsü ilə dünyanın müxtəlif yerlərindən alınan “Tərcüman”, “Sürəyya”, “Pərvəriş”, “Əxtər”, “Novoye obozreniye” və sair qəzetlər Naxçıvan maarifçiləri arasında geniş şəkildə oxunub müzakirə olunubdur. Daha sonra Naxçıvanda müxtəlif qəzetlərin xüsusi təmsilçilərinin fəaliyyət göstərməsi mətbuat orqanları ilə əməkdaşlığın və əlaqələrin genişlənməsinə səbəb olub, həmin qəzetlərdə Naxçıvana dair xəbərlərin, maraqlı məlumatların dərc olunmasına şərait yaranıbdı. Aparılan araşdırmalardan aydın olur ki, həmin dövrdə milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzeti də mütəmadi olaraq Naxçıvan ziyalıları tərəfindən alınıb oxunubdur. Naxçıvanda ilk mətbu orqan isə XX əsrin 20-ci illərində yaradılıbdır. 1921-ci il noyabrın 1-də Naxçıvan Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə burada qəzetçiliyin təməli qoyulub, obrazlı desək, mətbuatımızın Şərq qapısı yaradılıbdır. “Cavanlar həyatı” qəzetində ancaq Naxçıvan diyarında baş verən ictimai proseslərə dair məlumatlar öz əksini tapıbdır. Ərəb əlifbası ilə kiçik həcmdə, vərəqə kimi çap olunan, tirajı 100-150 nüsxədən artıq olmayan “Cavanlar həyatı” qəzeti mətbəə avadanlığı və müxbir çatışmazlığı səbəbindən cəmi iki ay fəaliyyət göstəribdir. Həmin ilin dekabr ayından etibarən Naxçıvanda, həftədə bir dəfə olmaqla, “Füqəra səsi” adlı yeni bir qəzet çap olunubdur. Mətbuat tarixçiləri “Füqəra səsi” qəzetini “Cavanlar həyatı”nın davamçısı olan mətbuat orqanı hesab edirlər. Hər ikisi həftədə bir dəfə çap olunan bu qəzetlərin fərqi yalnız onda idi ki, onlar ayrı-ayrı rəsmi təşkilatlar tərəfindən təsis edilmişdi. “Cavanlar həyatı” adından da göründüyü kimi, Naxçıvan Gənclər İttifaqının orqanı, “Füqəra səsi” qəzeti isə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin rəsmi mətbuat orqanı olmuşdur. Cəmi bir neçə sayı çap olunan “Füqəra səsi” qəzetinin indiyədək heç bir nüsxəsi əldə edilməmişdir. Bu qəzet haqqında məlumatlar ancaq “Şərq qapısı” qəzetinin ilk saylarında və sonrakı yubiley nömrələrində verilmiş materiallar, xüsusilə Lətif Hüseynzadənin məqalələri və qocaman jurnalistlərin xatirələri əsasında formalaşmışdır. “Cavanlar həyatı” və “Füqəra səsi” qəzetləri sadəcə bu qədim diyarda qəzetçiliyin ilk məşqləri kimi yadda qalıb, milli mətbuatımızın Naxçıvanda təməlini təşkil edibdir. “Şərq qapısı” qəzeti isə Naxçıvan Xalq Komissarları Şurasının dəstəyi ilə davamlı nəşr edilən, mətbuat sahəsində öz məktəbini yaratmış mətbuat orqanıdır. Bu qəzet 1922-ci ilin aprel ayından etibarən kiçik fasilələrlə bu günədək fəaliyyətini uğurla davam etdiribdir. “Şərq qapısı” qəzeti 1930-cu ilədək ərəb, 1930-40-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunubdur. Muxtar respublikamızda ana mətbuat orqanı olan “Şərq qapısı” qəzeti 2001-ci ildən etibarən latın qrafikalı əlifba ilə nəşr edilibdir. Qəzet 1979- 1989-cu illərdə “Sovet Naxçıvanı” adı ilə işıq üzü görübdür ki, bu da “Şərq qapısı” adına Şərq ölkələrinə, türk-müsəlman dünyasına meyillilik kimi siyasi don geyindiriləcəyindən ehtiyat edilməsi ilə əlaqədardır. Rus dilində çıxan “Sovetskaya Naxiçevan” qəzetindən yalnız ideoloji tribuna kimi yox, həm də muxtar respublikanın daha geniş miqyasda tanıdılması üçün istifadə edilibdir. Yerli ziyalıların səyləri ilə, nəhayət, 1989-cu ildə “Şərq qapısı” adı yenidən bərpa olunubdur. Ötən əsrin yetmişinci illərindən etibarən “Şərq qapısı” qəzetinin həyatında yeni tarixi dövr başlanıbdır. 1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlişindən sonra milli ideologiyanın inkişafı, mətbuata göstərilən qayğı “Şərq qapısı”nın da fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstəribdir. Görkəmli dövlət xadiminin Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından biri səviyyəsinə yüksəltməsi və ölkədə milli-mənəvi dəyərlərin inkişafına xüsusi diqqət yetirilməsi qəzetin ideologiyasına da öz təsirini göstəribdir. “Şərq qapısı” qəzeti ötən əsrin 70-80-ci illərində daha yüksək səviyyəli mətbuat orqanı kimi çap olunub, qəzetin gündəlik və böyük formatda nəşri təmin edilibdir. 50 illik yubileyində qəzetin ən yüksək dövlət mükafatı – “Şərəf nişanı” ordeni ilə təltif olunması da həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadiminin mətbuata böyük qayğısının təzahürü idi. Naxçıvan Muxtar Respublikasının inkişafını öz səhifələrində əbədiləşdirən “Şərq qapısı” qəzetinin tarixində 50 illik yubiley ili xüsusilə yaddaqalan olubdur. Qəzet əməkdaşlarının bu münasibətlə fəxri adlar alması da dahi şəxsiyyət Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində mümkün olubdur. “Şərq qapısı” qəzetinin nəşri tarixində daha bir tarixi addım 1990-cı ildə atılıbdır. 20 yanvar 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Bakıda baş vermiş qanlı hadisələrə etiraz əlaməti olaraq Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul edib, “Şərq qapısı” qəzeti həmin qərarı çap etməklə müstəqil Naxçıvan Muxtar Respublikasının ilk azad mətbuat orqanı funksiyasını həyata keçirmişdir. 1990-cı ilin yanvar ayında “Şərq qapısı” qəzetinin 8 sayı o zaman bütün qəzetlərdə məcburi şəkildə yazılan “Bütün ölkələrin proletarları, birləşin!” şüarı ilə deyil, “Birlik və demokratiya uğrunda” çağırışlı başlıqla çap olunubdur. Bu, təkcə “Şərq qapısı” qəzetinin yox, XX əsr sovet mətbuatının tarixində nadir hadisə idi. 1990-cı ildən etibarən “Şərq qapısı” Azərbaycanda ilk müstəqil qəzet kimi nəşr edilmiş, ölkənin və xalqın milli maraqlarına xidmət göstəribdir.

    Beləliklə, Naxçıvan Muxtar Respublikasında ilk müstəqil qəzetin nəşri birlik və demokratiya uğrunda atılmış ilk addım olubdur. Eyni zamanda, həmin dövrdə “Şərq qapısı” qəzeti Bakıda qanlı 20 Yanvar hadisələri zamanı Sovet ordusu tərəfindən susdurulub, fəaliyyətinə qadağa qoyulmuş ölkə mətbuatının da funksiyalarını yerinə yetirərək Azərbaycan həqiqətlərinin xalqa və qonşu ölkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılması istiqamətində şərəflə xidmət edibdir. Lakin daha sonra cərəyan edən siyasi hadisələr qəzetin nəşrini dayandırıb, 28 yanvar 1990-cı il Naxçıvanda ilk müstəqil qəzetin nəşr olunduğu son tarix olubdur. Həmin ilin iyulunda ulu öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışı ilə “Şərq qapısı” qəzeti öz inkişafının yeni mərhələsinə qədəm qoyubdur. Qəzet həmin dövrdə ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olub, 1990-1993-cü illərdə ulu öndərin muxtar respublikanın xilası istiqamətində həyata keçirdiyi tədbirləri, qəbul etdiyi qərarları, imzaladığı fərman və sərəncamları, apardığı beynəlxalq səviyyəli danışıqları dolğun şəkildə əks etdiribdir. Bu dövrdə böyük şəxsiyyət Heydər Əliyev mütəmadi olaraq qəzetin fəaliyyəti ilə maraqlanıb, nə qədər çətin olsa da, onun nəşrini təmin edibdir. Dahi rəhbər Ali Məclisin Sədri kimi fəaliyyət göstərdiyi dövrdə muxtar respublikada kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət verib, jurnalistlərin fəaliyyəti üçün geniş imkanlar yaradıbdır. Ümummilli lider Heydər Əliyev müstəqillik illərində qəzetin ilk yubileyi münasibətilə redaksiyaya məktub göndərib və “Şərq qapısı” qəzetinin onun həyatında oynadığı rolu yüksək qiymətləndiribdir. Onu da qeyd edək ki, qəzetin 26 noyabr 1996-cı il tarixli sayında dərc olunan təbrik Naxçıvan mətbuat tarixində ölkə başçısı tərəfindən qəzet redaksiyasına ünvanlanan ilk məktub olubdur. Naxçıvan Muxtar Respublikasında mətbuata və mətbuat işçilərinə dövlət qayğısı sonrakı illərdə də davam etdirilibdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndərin 2000-ci il 27 mart tarixli Fərmanını rəhbər tutaraq 29 mart 2000-ci ildə “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbiri haqqında” Sərəncam imzalayıbdır. Sərəncama uyğun olaraq “Şərq qapısı” qəzetinin yerləşdiyi bina əsaslı təmir edilib və 5 iyul 2000-ci ildə istifadəyə verilibdir. Redaksiyanın müasir texnoloji avadanlıqlarla təmin olunması və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin ofset üsulu ilə nəşrə başlaması qəzetin daha yüksək keyfiyyətdə çap olunmasına şərait yaradıbdır. Hələ müstəqilliyimizin ilk illərində Naxçıvan Muxtar Respublikasında ölkəmizin ən mükəmməl mətbəə-poliqrafiya bazası yaradılıb, “Şərq qapısı” qəzeti və rayon qəzetləri yüksək poliqrafik keyfiyyətlə çap edilərək oxuculara çatdırılıbdır. 2005-ci ilin iyulunda Ali Məclis Sədrinin “Şərq qapısı” qəzetinin fəaliyyətinin daha da yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı mətbuata göstərilən qayğının daha bir nümunəsi oldu. Daha sonra “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adının təsis olunması bütün mətbuat işçiləri kimi, bu qəzetin də əməkdaşlarına böyük stimul verdi. 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleksin istifadəyə verilməsi, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün müasir avadanlıqların alınması bu qayğının davam etdiyini bir daha təsdiqlədi. Medianın əhəmiyyətini hər zaman yüksək qiymətləndirən ölkə Prezidentinin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi ilə bağlı Sərəncamı müstəqilliyimizin və dövlətçiliyimizin təbliğatçısı olan “Şərq qapısı” qəzetinə göstərilən növbəti qayğının ifadəsi oldu. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, eləcə də Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması da “Şərq qapısı” qəzetinin peşəkarlıq fəaliyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynayıbdır. “Şərq qapısı” qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur. “Şərq qapısı” qəzeti bu gün də Naxçıvan Muxtar Respublikasının canlı salnaməçisi rolunu oynayır. Qəzetdə inkişaf edən, yeniləşən, müasirləşən Naxçıvan diyarının bu günü aydın şəkildə əks olunur. Artıq 100 yaşına gəlib çatan, keşməkeşli və şərəfli yol keçən “Şərq qapısı” gündəlik həyatın nəbzini tutan və daha işıqlı gələcək barədə düşündürməyi bacaran böyük mətbuat orqanı kimi milli mətbuatın inkişafı yollarında inamla irəliləyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı da bu mətbu orqanın muxtar respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində, mədəni inkişafındakı yerini bir daha təsdiq edir. İnanırıq ki, 100 yaşını qeyd etdiyimiz “Şərq qapısı” qəzeti bundan sonra da muxtar respublikamızın güzgüsü rolunu oynayacaqdır.

      Şəhla Şirəliyeva

 filologiya üzrə fəlsəfə doktoru, dosent,

Naxçıvan Dövlət Universitetinin

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri

“Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: