Yay fəslinin ən isti dövrü - “Qora bişirən ay”

A- A A+

Ulu əcdadlarımız ilin müxtəlif dövrlərini təbiət hadisələrinə söykənərək, eləcə də tarixi, etik, dini, mifoloji və əkinçilik təcrübələrinə əsaslanaraq təqvimləndiriblər. Xalq təqvimi (yerli təqvim) adlandırılan bu bölgü nənə-babalarımıza çox zaman hava şəraitini əvvəlcədən müəyyən etməyə imkan verib və bunun əsasında da onlar məişət və təsərrüfat işlərini sistem halında yerinə yetiriblər. Məsələn, böyüklərimiz uzunmüddətli təbiət müşahidələri nəticəsində yaratdıqları təqvimlə ilin hansısa dövründə havanın necəliyini müəyyən edə bilmiş və yaxud da təsərrüfat işlərinə nə zaman başlayacaqlarını, heyvanları nə zaman yaylaqlara qaldıracaqlarını, arana geri qaytaracaqlarını və sairi qətiləşdiriblər.

Əcdadlarımız ilin müxtəlif dövrlərini təqvimlərə ayırarkən, həmçinin ayrı-ayrı bitkilərin inkişaf dövrlərini də əsas götürüblər. Bu mənada iyul ayının 15-dən avqustun 15-nə qədərki dövrü əhatə edən və xalq təqviminə “qora bişirən ay” kimi daxil edilən dövrü qeyd etmək lazımdır.

Xalq təqvimində yay fəslinin ilk ayı kimi “qora dəyən ay” (iyunun 15-dən iyulun 15-nə kimi) və bundan sonra gələn “qora bişirən ay” meyvəçiliklə məşğul olan əcdadlarımızın ili təqvimləndirməsi nəticəsində ortaya çıxıbdır. Belə ki, nənə-babalarımız üzüm tənəklərində iyun ayının 15-dən sonra qoraların (yetişməmiş üzüm gilələrinin) sulanmağa qədəm qoyduğunu, yəni qoranın “dəydiyini” (yetişməyə başladığını) müşahidə ediblər. Bu dövrə xas əlamət kimi isə havalar istiləşməyə başlayıb, temperatur yüksəlibdir. El-obaya “qora bişirən ay”ın gəlməsi ilə, həm də yay fəslinin ən isti dövrünə qədəm qoyulubdur. Hətta havalar o qədər isinib ki, üzüm tənəklərindəki qoralar “bişmiş”, istidən qovrulubdur və nəticədə xalq ilin bu dövrünü “qora bişirən ay” adlandırmağa başlayıbdır. Qeyd edək ki, əcdadlarımız meyvəçiliklə bağlı olan bu təqvimləndirmələrin yanında, yay fəsli ilə əlaqədar bir də əkinçilik təqvimindən istifadə ediblər. Belə ki, nənə-babalarımız yay fəslinin ilk ayını əkin-biçin işlərinin başlanması ilə bağlı olaraq “biçin ayı”, son ayını isə sərin küləklərin tez-tez müşahidə olunduğu “elqovan” adlandırıblar. Amma yayın ortancıl ayına əkinçilər meyvəçiliklə bağlı olan insanlar kimi “qora bişirən ay” deyiblər. Bundan başqa, “qora bişirən ay”ın ikinci on beş günlüyünin bir hissəsi isə xalq təqvimində “quyruq dondu” (“quyruq doldu”) adlandırılıbdır. Bu isə maldarlıqla məşğul olan əcdadlarımızın avqust ayının 5-dən sonrakı mərhələdə dağ yerlərində kəsdikləri heyvanların quyruqlarını əritdikləri zaman ondan alınan yağın açıq havada donduğunu müşahidə etmələri ilə ortaya çıxmış təqvimləndirmədir. Xalq təqvimində “quyruq doğdu” sözünün işlənməsini astronomiya ilə bağlayanlar da var. Bunun da səbəbi kimi avqust ayının 5-dən etibarən səmada quyruqlu ulduzun görülməsi hesab edilir. Ulularımız xalq təqviminin ən isti dövrü kimi qəbul etdikləri “qora bişirən ay”a məxsus bir sıra məişət və təsərrüfat işləri də yerinə yetiriblər. Bir çoxunun bu gün də davam etdirildiyi ənənələr kimi ata-babalarımız ilin bu ayında əkin-biçinlə məşğuliyyətlərini sürdürüb, soyuq günlərin tədarükünü elə bu zamandan etibarən görüblər. Xüsusilə də ilin bu dövründə heyvandarlıqla məşğul olan insanlar heyvanların qışa yem tədarükünə daha çox diqqət yetirib, biçin mövsümündən əldə etdikləri məhsulları lazımi yerlərə yığaraq soyuqlu-şaxtalı günlərə saxlayıblar. Ana və nənələrimiz, qız gəlinlər isə “qora bişirən ayı”nda müxtəlif meyvə və tərəvəzlərdən mürəbbələr, kompotlar, turşular hazırlayaraq soyuq qış günlərində istifadə olunmaq üçün ehtiyat ediblər. Göründüyü kimi, xalq təqvimində xüsusi mərhələ olan “qora bişirən ay”da əcdadlarımız məişət və təsərrüfat işlərini əvvəlcədən planlaşdırdıqları kimi davam etdirib, əsasən qış azuqəsi üçün hazırlıq görüblər.

Anar Qasımov

“Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: