Faydaları ilə zəngin giləmeyvələr

A- A A+

Böyürtkən: Tikanlı kollarda yetişən min bir dərdin dərmanı. İnsan orqanizmi üçün faydalıdır. Yarpaqları və kökləri qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunub. Giləmeyvə E, PP, C, B qrup vitaminləri və minerallarla-dəmir, kalsium, maqnezium, fosfor, orqanik turşularla zəngindir. Bitkinin cavan zoğları əyilib torpağa toxunduğu yerdən yeni bitki yaratmış olur. Beləliklə, böyürtkən bitkisi zoğ bığcıqları ilə özündən bir neçə metr kənarda çoxalıb kollana bilir. May ayından başlayaraq avqust ayına kimi çiçəkləyir. Çəhrayı və ağ rəngdə olan çiçəkləri həm də çox ətirli olur. Bitki çiçək açdıqdan bir ay sonra meyvəsi yetişir. Meyvələri əvvəlcə qırmızı olur, tam yetişdikdən sonra isə qaralır. Gülçiçəklilər fəsiləsindən olan böyürtkən bir çox bölgələrlə yanaşı, rayonumuzun ərazisində bağçalarda, arx və yol kənarlarında, həyətyanı çəpərliklərdə geniş yayılmışdır. Bitki özü yayılan, yabanı çoxillik kol bitkisidir. İndi elə bir həyətyanı sahə tapılmaz ki, orada böyürtkən becərilməsin. Hər kəsin bağçasında bir neçə kol da olsa bu giləmeyvədən əkilib. Yerli əhali tərəfindən Tülkü üzümü, Aran böyürtkəni və ya Qanşirəli böyürtkən adları ilə tanınır. Bitkini digər meyvələrdən fərqləndirən əsas cəhət isə odur ki, eyni vaxtda giləmeyvənin kollarında həm təzə açılmış çiçək, həm də yetişmiş meyvə görmək olar. Təbabətdə meyvəsindən, yarpaqlarından, həm də zoğlarından geniş istifadə edilir. Meyvələri soyuqdəymə zamanı çox yaxşı təsirə malikdir. Hərarəti salır, ümumi vəziyyəti yüngülləşdirir, iltihabı azaldır, sağlamlığı tezləşdirir. Belə hesab olunur ki, bitki iltihab əleyhinə xüsusiyyətlərinə görə bir çox meyvələrdən öndədir. Böyürtkən sinir sistemi üçün çox faydalıdır, stressi azaldır, beyində qan dövranını yaxşılaşdırır, yaddaşı möhkəmləndirir. Antioksidantlarla olduqca zəngin olan böyürtkən orqanizmdə gedən qocalma prosesini ləngidir, bir çox xroniki xəstəliklərin, ürək xəstəliklərinin qarşısını alır. Qan təzyiqinin tənzimlənməsinə kömək edir. Onun yarpaqları və zoğları qaynadılıb içilsə, diş və diş əti xəstəliklərinə, böyrək daşlarının tökülməsinə kömək edər. Meyvəsi əsasən təzə halda yeyilir. Ondan cem, mürəbbə, kompot hazırlanır. Bəzən bu giləmeyvəni yığaraq qurudurlar da. Qurusundan həm çay dəmlənilir, həm də çərəz kimi istifadə edilir. Bu giləmeyvə əsasən təzə halda yeyilir.

Moruq: Olduqca faydalı giləmeyvələrdəndir və əsl təbii dərmandır. Bu meyvəni uzun müddət qeyri-adi dada, gözəl, parlaq və şəfalı xüsusiyyətlərinə görə meyvələrin şahı adlandırmışlar. Tərkibi 3-11 faiz şəkər və bir sıra aktiv maddələrlə zəngindir. Bitki ən çox meşələrdə, kolların altında, çay kənarlarında, boş ərazilərdə bitir. Hər kəs bu bitkini həyətyanı sahəsində yetişdirə bilər. Bitkiyə erkən yazdan başlayaraq həftədə bir dəfə olmaq şərtilə bol-bol su verilməli, saralmış yarpaqlardan tez-tez təmizlənməlidir. Moruq bitkisi iyun ayının əvvəllərindən çiçəkləməyə başlayır. Çiçəkləri ağ, çox balaca ölçüdə olur. Onun kiçik və dadlı meyvəsi olur. Çiçəkləmə dövrü isə 2 həftəyədək davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqust aylarında yetişir. Meyvəsinin rəngi tünd-qırmızı, açıq qırmızı, ağımtıl-sarı, bəzən də çox yetişdikdə qara rəngdə olur. Bu bitkinin meyvələri tam yetişəndə yığılsa, daha yaxşı olar. O zaman meyvə özündə cəmləşdirə biləcəyi bütün vitaminlərlə zəngin olur. Milli mətbəximizdə ondan mürəbbə, kompot, şərbət, spirtli içkilər və şərab da hazırlanır. Moruq qurusundan çay dəmlədikdə soyuqdəymədə tərlədici və ödqovucu vasitə kimi də geniş istifadə edilir. Meyvəsi ilə yanaşı, bitkinin yarpaqları və zoğları da faydalıdır. Bitkinin tərkibi insan orqanizminə lazım olan maddələrlə zəngindir. Belə bir fikir də var ki, moruq həm də bol bar verən bitkidir. 1 hektar moruq sahəsindən arılar 100 kiloqram bal hasil edə bilirlər.

Qarağat: Günəşli yerlərdə, yumşaq rütubətli, məhsuldar, gillicə torpaqlarda bitir. Bu bitki tez, bol və sabit məhsul verən qiymətli kol bitkilərindəndir. Susuzluğa, xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsilə çoxalır. Yazda və payızda onun şivindən kəsərək 5-10 santimetr torpağa basdırıb və tez-tez suvararaq inkişaf etdirmək olur. Çalışmaq lazımdır ki, bitki cərgə formasında, ara verilməklə əkilsin. Qiymətli bitki may ayından etibarən çiçəkləyir. İyul-avqust aylarında yetişən meyvəsi yumru və oval formada, qırmızı və qara rəngdə olur. Dadı şirin, turşaməzə, qabığı nazik olur. Meyvənin çoxlu xırda toxumları olur. Qarağatın yarpağı və toxumları insan orqanizmində çatışmayan qida mənbəyini bərpa etməyə qadirdir. Onu çox az bitkilərin tərkibində olan sink maddəsinin anbarı hesab etmək olar. İmmun sisteminin zəifləməsi zamanı bu giləmeyvə olduqca xeyirlidir. Bitkidə B qrup vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var. İştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Bitkinin meyvəsindən çox dadlı mürəbbə bişirilir və kompot hazırlanır. Həmçinin meyvələri tam yetişdikdən sonra yığılaraq qurudulur və bu da bir çox xəstəliklər zamanı istifadə edilir. Qırmızı qarağatın tərkibində C vitamini az olsa da, yod çoxdur. Xalq təbabətində meyvələri tərlədici, hərarətsalıcı, mədə və bağırsaqların fəaliyyətini normallaşdıran vasitə kimi istifadə olunur. Böyrək və sidik kisəsi xəstəlikləri zamanı çox yaxşı müalicəvi təsirə malikdir. Qara qarağatda olduğu kimi, qırmızı qarağatdan da çox dadlı mürəbbə və kompot hazırlanır.

                                      “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: