Kəngərli rayonunda badam bağlarının sahəsi genişlənir

A- A A+

Naxçıvan Muxtar Respublikasında son illərdə aqrar sektorla bağlı çoxsaylı dövlət proqramları qəbul olunub,  torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılıb. Bu sahədə diqqət mərkəzində olan amillərdən biri də meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsidir. Son illərdə meyvəçilikdə diqqət çəkən sahələrdən biri də badamçılıqla bağlıdır. Kəngərli rayonunda da bölgənin torpaq-iqlim şərtlərinə uyğun  badam bağlarının salınması diqqət mərkəzində saxlanılır.

Belə ki, 2017-ci ilin noyabr ayında Naxçıvan-Sədərək magistral avtomobil yolunun kənarında, rayonun Xok kəndinin ərazisində 6 hektar ərazidə yeni badam bağı salınıb. Növbəti dəfə isə əlavə olaraq 4,8 hektar sahədə badam tinglərinin əkini aparılıb. Sonrakı dövrlərdə də rayonun müxtəlif ərazilərində badam bağlarının salınması davam etdirilib. Ümumilikdə, bu gün rayonun Qabıllı kəndinin ərazisində 20 hektar, Xok kəndinin ərazisində 15,6 hektar, Böyükdüz kəndi ərazisində, təqribən, 6 hektardan artıq sahədə, əlavə olaraq, Qabıllı kəndinin pay torpaqlarında 3 hektar, Çalxanqala kəndinin çöl torpaqlarında isə 1 hektar sahədə badam bağı salınıb. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilib, ümumilikdə rayonun müxtəlif yerlərində 3,8 hektar sahədə yeni badam bağı salınıb, həmin ərazilərə 2 min 496 yerli badam tingi əkilib.  

Bundan əlavə, fərdi torpaq mülkiyyətçiləri də özlərinəməxsus torpaq sahələrində badam bağı salıblar. Əsas məqsəd daxili bazarın tələbatını ödəmək, eyni zamanda bu məhsulun ixrac imkanlarını artırmaqdan ibarətdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı cənab İlham Əliyev böyük ixrac potensialı olan badamın Azərbaycanda az istehsal edildiyini bildirərək  bu sahədə dönüş yaradılmasının vacibliyini vurğulamışdı. Bu da qeyd olunmuşdu ki, həmin dövrdə ölkəmizdə mövcud olan 1000 hektar badam bağlarının 900 hektarı Naxçıvan Muxtar Respublikasının payına düşüb. Bu gün isə ölkəmizdəki badam istehsalının 83 faizinə sahiblik edən muxtar respublikamız yaxın gələcəkdə bu məhsulun ixracına da öz töhfəsini verəcək.

                                                                                 “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: