Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında şeir müsabiqəsi keçirilib - FOTOLAR
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərə görə, müsabiqə nazirliyin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında təşkil olunub. 1 avqust – Azərbaycan Dili və Əlifbası Günü münasibətilə baş tutan tədbirdə müvafiq kateqoriyadan olan uşaqlar tərəfindən bu mövzuda şeirlər səsləndirilib. Müsabiqənin yekununda münsiflər heyətinin qərarına əsasən, ən yaxşı nəticə göstərmiş üç iştirakçıya diplomlar, ümumilikdə bütün iştirakçılara isə “Oxunması zəruri olan kitablar” təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən mart ayının 15-də təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində, müvafiq kateqoriyadan olan uşaqların iştirakı ilə müxtəlif yaradıcılıq tədbirlərinin, bilik müsabiqələrinin təşkili, onların cəmiyyətə daha fəal inteqrasiyası ilə yanaşı, həm də istedadlarının üzə çıxarılması istiqamətində müxtəlif tədbirlər görülür.