Arzusu Kəlbəcərə bayraq sancmaq olub - Qızı şəhid polkovniki xatırlayır - FOTOLAR

A- A A+

"Atam hər zaman mənim qəhrəmanım olub, indi də belədir. O, mehriban və qayğıkeş insan idi. Şəhidlik xəbəri gələndə çox pis olduq. Çox istərdim ki, indi o, yanımda olsun. Amma təəssüf ki, yoxdur".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə II Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva deyib.

- Müharibədən əvvəl atam evə gec-gec gəlir, bəzən heç gəlmirdi. - Deyir şəhidimizin qızı - Onunla axırıncı dəfə görüşəndə bilməzdik ki, son görüş olacaq. Atam bizimlə sağollaşanda hər şeyin yaxşı olacağını, narahat olmamağımızı dedi. Hətta anamla son dəfə danışanda “uşaqlar daim mənimlə fəxr etsinlər, ataları ilə qürur duysunlar”,- söyləmişdi.

Nigar atasının ona hər zaman dərslərini yaxşı oxumağı və xarici dillər öyrənməyi tövsiyə etdiyini xatırlayır. "Özü rus və ingilis dillərini yaxşı bilirdi. Mənim də mükəmməl öyrənməyimi istəyirdi. Ya həkim, ya da ingilis dili müəlliməsi olmağımı məsləhət görürdü. İnşallah, atamın istəyini yerinə yetirəcəyəm”,- deyən şəhid qızının sözlərinə görə, atasının arzusu doğma yurdu Kəlbəcərə bayraq sancmaq idi: "Təəssüf ki, ona qismət olmadı. Amma biz bilirik ki, indi o, cənnətdədir, ruhu şaddır”.

Ailəsilə sonuncu dəfə görüşəndə Anar Əliyev günorta vaxtı evə gəlib və tez gedib. Atasının “axşam ya gələrəm ya da yox" sözlərinə baxmayaraq, Nigar narahatlıq keçirməyib, çünki qayıdacağından əmin olub: "Son dəfə görüşdük, bərk-bərk qucaqladım. Bizə dedi ki “ananızı yormayın və dərslərinizdə hər zaman yaxşı olun”. Axşam zəng elədi, anamla danışanda bildirdi ki, hava limanındadır və döyüşə gedir. Biz onu qələbə ilə gözləyirdik, qələbə ilə qarşılayacaqdıq”.

Qeyd edək ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri Anar Əliyev döyüşlərə 2020-ci ilin 11 oktyabrdan qoşulub. İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə şəhid olub. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırıb.

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev “Vətən uğrunda”, “Şuşanın azad edilməsinə görə”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: