Hüseyn Cavid - Naxçıvan haqqında şeir

A- A A+

Bu gün gəncliyə baxsan,

Bir sel kimi hər an

Sağlam, yeni məfkurələr izlər.

Bizlər?

…Bizlər yeniləşsək belə, daim,

Bir əskilik az-çox bizə hakim…

…Onlar qoşacaq, çarpışacaqlar,

Bir çox uçurumlar aşacaqlar.

Lazımsa cəhalətlə güləşmək,

Bir çarə var: ancaq yeniləşmək!

 

Bu şeir parçasını nə zaman oxusan, yenidir. Yüz il, bəlkə də ondan çox qabaq yazılıb. Cavid yazıb… Bizim Cavid!  Təkcə “İblis” əsəri ilə bizdən çıxıb bəşərə meydan oxuyan Cavid. Məddahlığa boyun əymədiyi üçün uzaq Sibirə sürgün edilib, buzlaqlarda qərib ölən, qırx bir ildən sonra Naxçıvanda anadan olduğu evin qarşısında ikinci dəfə məzara qoyulan Ustad Cavidimiz…

Ədəbiyyatdan az-çox anladığım üçün bəzən başqa peşə sahibləri  bir məlumatı dəqiqləşdirmək üçün mənə üz tutar. Bildiyimi əminliklə deyirəm, bilmədiyimi yox. Amma bu dəfə verilən sual qarışısında çaşıb qaldım:

-Hüseyn Cavidin Naxçıvan haqqında yazdığı şeiri bilirsinizmi?

Bir anlığa mənə elə gəldi ki, həqiqətən belə bir şeir var, mənim xəbərim yoxdu. Sual verənin üzünə sualla baxanda gülümsünüb davam etdi:

-Naxçıvanlı olduğu üçün deyirəm. Bütün naxçıvanlı şairlərin bu mövzuda çoxlu şeiri var. Necə ola bilər ki, Cavid yazmasın.

Müsahibimin dərdini başa düşüb, dərindən köks ötürdüm:

-Cavid dünyanı məhv edən İblisləri özünə dərd etdiyi üçün, Naxçıvanı düşünməyə, onu vəsf etməyə vaxtı olmayıb.

Ardınca əlavə etdim:

-Yəni bəşəri şair olmaq bu deməkdi. Doğulub böyüdüyü torpaq da bəşərin bir parçası olduğu üçün yazdıqlarından, sözsüz, Azərbaycana, Nəqşi-cahana da pay düşür. Əksər yazdıqlarında da mövzuya əsil azərbaycanlı missiyası ilə yanaşıb. Dünya bir azərbaycan şairinin gözündə necə görünür, elə baxıb. “Azər” poeması buna misal ola bilər. Azər obrazı şairin özüdü, müasiridi.  O, dünyanın gedişatına yeni düşüncə, təfəkkürlə yanaşır. Qərblə Şərqi müqayisə edir. Əsərdə bir parça var. Qulaq as, Cavid deyir ki:

Şərq elləri əlçatmaz “xəyal” üçün yaşarkən,

Qərb aləmi az da olsa həqiqətdən xoşlanır.

Şərqin sönük duyğusuna afyon ruhu qoşarkən,

Onlar yeni bir silah kəşfini səadət sanır.

Şərq uğraşır yalnız “ölməyim” deyə,

Qərb elləri maildir öldürməyə.

Ya o, ya bu qoşar durar hər bir dilək peşində,

Məqsəd ancaq yarışı yok, bir həyatı xoş bulmaq.

Şərqə görə o diyarda azad ikən düşüncə,

Yazıq!.. Yenə mümkün deyil didişmədən qurtarmaq.

 

Bu bəşəri müqayisə bu gün də keçərli deyilmi, sizcə?

Qarşımdakı insan:

-Mən heç burasını düşünməmişdim. Gedirəm Cavidi təzədən oxumağa.Yəqin ki, hələ Ustadın anlamadığımız çox fikirləri var. Biz beləyik də, özümüzünkünü qoyub başqalarını pəh-pəhlə oxuyuruq.

- Çox təəssüf… Ömrü faciə olan Hüseyn Cavidin istər tarixi dram əsərlərini, istərsə də faciələrini oxusanız, nəinki dünya klassiklərindən geri qalmadığını, hətta fəlsəfi fikirləri ilə onları kölgədə qoyduğunu görərsiniz…

Mənə primitiv bir sualla müraciət edənin ürəyində sönməyəcək bir Cavid işığı yandırdığıma əmin olduqdan sonra fikirlərimlə baş-başa qaldım.

Bir xörəyi birinci dəfə yeyəndə çox ləzzətli olur. Hələ hər ədvası yerindədirsə, o ayrı bir zövq verir. Təkrar qabağına gələndə, (gündə gəlirsə, lap pis) miciliyirsən, yəni iştahasız yeyirsən. Sonra da adı gələndə üz çevirirsən. Eyni adam tərəfindən bir mövzuda yazılan əsərlər də belədi. Bir də görürsən,  biri bağı tərif edir:

Bağ gözəl görünür dağlar qoynunda,

Bülbül tora düşüb ağlar qoynunda.

Keçirsən o biri  şeirə:

Dağların qoynunda bağ da gözəldir,

Bülbülü öldürmə, sağ da gözəldir. ( sovet psixologiyası, üslubu da üstündə!)

 

Bilirsiniz də, (bəlkə də bilmirsiniz) mən Naxçıvan radiosunda əsasən, poeziya ilə bağlı verilişlərlə çıxış edirəm. Həsən keçəl, ya da keçəl Həsən mənasını verən şeirlər təsadüfən ard-arda düşəndə rejissorum da dillənir:

-Elə bil təkrar oldu axı?

Təkrarçılıq, təkrarçılıq, yenə də təkrarçılıq. Şairin özü-özünü təkrar etməyi bir yana, şair şairi bilərəkdən təkrar edəndə, onda vay düşür ürəyimə. Kənara çıxmıram, Naxçıvan ədəbi mühitində sözə sahiblik edəcək şairlər var. Əvvəllər də olub, indi də var. Naxçıvan haqqında şeir yazmayan,

-İblis nədir? Cümlə xəyanətlərə bais,

Ya hər kəsə xain olan insan nədir?- İblis!-

 deyən Ustad Cavid, qələmindən başqa heç bir söykənəcəyi olmayan,

-bir qayaya söykənmişəm,

deyirəm kaş, daşa dönəm

yavaş-yavaş..-

deyən Məmməd Araz, doğma yurdu haqqında sözün əsil mənasında bir-birindən fərqli poeziya nəğmələri yaradan,

-Dünyada hər yerdən xoş gəlir mənə

bu Şərqin qapısı, Şərqin gu şəsi…deyən İslam Səfərli, bu dünyanın ağzındakı hansı daddı bilməyən,

Dönüm azad bir qartala,

Vəzifəm, çinim olmasın...-arzusuyla şərəfli bir ömür qoyub gedən Vaqif Məmmədov, eyni anda üç missiyanı- şair, əsgər, ziyalı missiyasını yerinə yetirən,

Söz karvanım yola çıxdı yaz ilə,

Sinəmdəki həsrət ilə, köz ilə,

Ayrılığın köklədiyi saz ilə,

Axtar məni, soruş məni, tap məni. – sorağı ilə bu gün xəstə yatağında gözünü qapıya tikib, qələm dostlarından bir salam gözləyən, Səhlab Məmmədov, bir gün vətəndən vətənə vətən aparmaq istəyən,

Mən nə sonun başlanğıcı,

nə başlanğıc sonundayam.

Kainata nur çiləyən

bir nöqtənin donundayam.- düşüncəsi ilə dünyanı ovcuna alan Xanəli Kərimli, yerdəkilərlə işi olmayıb, ömrü boyu göy üzü ilə danışan,

-Nə yaxşı udmayıb gecə gündüzü,

Nə yaxşı göydədi hələ göy üzü..- deyə yavaş-yavaş özünü oxuyan Hüseyn Bağıroğlu, xoşbəxtliyi sabun kimi sürüşüb əlindən çıxan, torpağı öpüb-qoxlayıb əyninə geyən,

-Elə düyünlər var açmayaq deyə,

Allah düyün vurmuş düyün üstünə. –deyib, qaşlarını düyünləyən Rahil Tahirli, təkliklərdən yorulub, adamsızlığa üz tutan,

-Hamıya həbs olunsan da,

Hamıdan azadsan mənə… -misraları ilə yoluna davam edən Elxan Yurdoğlu, Yer üzünü külək qanadlarına yığıb Tanrıya əmanət edən, yol boyu özünə məzar qazıb özünü öldürərək diri qayıdan,

Üzür ruhun gəmisi
dünyanın boş üzünə,
Qəddarlıqla yoğrulmuş
bir az da xoş üzünə...-
deyib, ömrünü sonsuzluğun sonunu görməyə bağışlamış bəndəniz və bu kimi söz sahibləri var.

Hə, bir də, Naxçıvanın tarixi yerlərinə poeziya dililə səyahət etmək istəsəniz,

Tanrının ərki insafa,
Yoxsulun ərki azadır.
Buludun ərki yağışa,
Şairin ərki kağızadır.
Zəngin insafını,
Yoxsul azını,
Bulud yağışını,
Şair kağızını
Zümzümə edir hər gün sakitcə.
Ən gözəl xorunu oxuyur bəşər,
Xor oxuyur beləcə
…-deyən Muxtar Qasımzadəni oxuyun.

Adını çəkdiyim bu və bu kimi şairləri oxumaq, sizi bilmirəm, mənə çox şey qazandırır. Amma təkrar biliyin anasıdır deyimini yanlış anlayıb, cild-cild, kitab-kitab beynimizi döyənək edən şeirlər də çoxdu.

Sözsüz ki, qeyd etdiyim və etmədiyim (üzrlü sayın, ancaq yaddaşımda olanları mətnə gətirdim) şairlərin hər birinin yaradıcılığı haqqında geniş mətnlər yaza bilərəm. Amma bu gün mövzu o deyil. Cavidin yeniliyə səsləyən misraları ilə başlamışdım. Tanrısı gözəllik, sevgi olan şairim… Həyatdan əsərlərinə, əsərlərindən həyatına gətirdiyi İblislərlə ömrü boyu savaşan, bəşəriliyi ilə sonunda bütün mənfi tiplərə qalib gələn Ustadım… Kaş bu gün Naxçıvanda olub, onun bu gününü bir nəzmə çəkəydin. Tarixi dramları, faciələri- bütöv külliyatı ilə Şərqin qapısından dünyaya günəş kimi boylanan Söz aynasının əsərləri onu hələ də başa düşməyənlər tərəfindən vaxtilə çox tənqidə məruz qalmışdı. Yadıma sadə bir aktyorun dediyi fikir düşür:- “Cavidi tənqid üçün ikinci bir Cavid lazımdır ki, o da bizdə yoxdur”

Bir status paylaşmışdım keçənlərdə: Oxuyub düşündüyüm, oxuyub güldüyüm, oxuyub ağladığım, oxuyub öldüyüm, oxuyub dirildiyim şeirlər var. Hüseyn Cavid Naxçıvan haqqında ürək yanğısı ilə, qürurla oxuyub dirildiyim şeirdi. Ustad Naxçıvan haqqında şeir yazmasa da, Cahanın oxuyub bitirə bilmədiyi Cavid şeiri var… Bir də dünyanın ən zərif canlısı olan qadınlara böyük sayğısı vardı Ustadın:

Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Bu misraları oxuyub dərindən gülümsəyirəm. Ustadın sözündən çıxmaq olmaz axı...

                                                                                      Təranə Arifqızı

                                                  Naxçıvan radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: