Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında ümumilikdə 8 qadının 392 manat dəyərində 9 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunub. “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsində sərmayə kapitalı verilmiş qadınlardan 5-nin təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilib.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair yaradılmış elektron məlumat bankına 312 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 2 uşağın evində monitorinq keçirilib.
Hesabat dövründə valideyn himayəsindən məhrum uşaqların, şəhid, təkvalideynli və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqlarının yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə 4 dəfə ekskursiyası təşkil edilmişdir. Ekskursiyalarda ümumilikdə 99 uşaq iştirak edib. Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda filmlər nümayiş olunub.
2021-ci ilin 21-23 iyul tarixlərində Ağbulaq İstirahət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş və tək valideynli uşaqlar, eləcə də şəhid uşaqları olmaqla, ümumilikdə 49 uşağın iştirak etdiyi “Yay məktəbi” təşkil olunub.