Muxtar respublikada qayğıya ehtiyacı olan 22 nəfərə aktivlər təqdim olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirlik tərəfindən iyul ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib.
Sosial qayğıya ehtiyac olan ailələrdən 22 nəfərin hər birinə 2 baş iribuynuzlu, 3 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 2 nəfərə odunkəsən və otbiçən aparat, 1 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə isə otbiçən aqreqat verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 12 nəfərini əlilliyi olan şəxs, 6 nəfərini şəhid ailəsi, 1 nəfərini müharibə veteranı, 1 nəfərini isə ailə üzvündə qazi olan şəxslər təşkil edib.
Eyni zamanda təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər bu mərhələdə həvəsləndirmə tədbirlərinə cəlb edilib və ona arpa-buğda qıran aqreqat verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” sosial qayğıya ehtiyacı olan ailələrin, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.