Vətən səninlə fəxr edir, Güloğlan - VİDEO

A- A A+

Azərbaycan ordusunun ən şanlı tarixini böyük ruh yüksəkliyi ilə yazan igidlərimiz Vətən müharibəsində böyük rəşadət nümayiş etdirdi, düşmənə layiqli cavab verdi. 

Müzəffər ordumuzun Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən, torpaqlarımızın yağı düşməndən təmizlənməsi yolunda əzmlə vuruşan mərd oğullardan biri də Kəngərli rayon Qıvraq qəsəbəsindən olan şəhid leytenant Güloğlan Qədimov olub. Uşaqlıq arzusunu reallaşdıran Güloğlanın  hərb sənətinə olan marağı Vətənə olan sonsuz sevgidən yaranıb. Elə bu istəklə də 2011-ci ildə yolunu Heydər Əliyev adına Hərbi Liseydən salıb.

Güloğlan Qədimov 2018-ci ildə Heydər Əliyev adına Ali Hərbi Liseyi başa vurduqdan sonra Beyləqan rayonunda şərəfli hərbi xidmət yolunu davam etdirib. Bir gənc zabit kimi nümunəvi xidməti ilə vətənə sədaqət andına sadiq olub. Qanlı-qadalı müharibə günləri digər qəhrəmanlarımız kimi Güloğlanın da vətənpərvərlik hisslərini daha da alovlandırdı. İllərdi qəlbində yaşatdığı qisas və torpaqlarımızın azadlığı arzusu ilə odlu-alovlu səngərə atıldı.Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidliyi ilə fərqləndi, Qarabağ dastanının qəhrəmanlarından biri də Güloğlan oldu.

Xalqın inamını doğrultmaq, Vətənin dar günündə onu mənfur düşməndən qorumaq şəhid Güloğlan Qədimovun əsas missiyası idi. Elə bu şərəfli yolda da ölümsüzlük qazandı. 2020-ci il sentyabrın 30-da  canını Vətən yolunda sipər edərək şəhidlik zirvəsinə ucaldı.

Güloğlan Qədimov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidlik əbədiyyət zirvəsi, şəhidlər isə həmin zirvələrdən yolumuza işıq saçaraq Vətəni necə sevməyin, torpağı necə qorumağın yolunu göstərən vətənpərvərlik rəmzidirlər. Güloğlan kimi qəhrəmanlar yetirən bu torpaq heç vaxt yağı tapdağı görməz. Xalqımız Vətən müharibəsi qəhrəmanları ilə fəxr edir. Belə fəxarət ünvanlarından biri kimi şəhid leytenant Güloğlan Qədimovu da unutmayacaq.

Ruhun şad olsun, şəhidim!

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: