Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin dördüncü qrupu Türkiyəyə çatıb - FOTOLAR

A- A A+

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq avqustun 6-da axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Bakı vaxtı ilə təxminən 01:15-də 200 nəfərdən ibarət növbəti yanğın-xilasetmə qrupunu bölgənin rəsmi nümayəndələri, FHN-nin əməkdaşları və KİV nümayəndələri Muğla Dalaman Hava Limanında qarşılayıblar.

Beləliklə, qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilib. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti qardaş ölkədədir.

Qeyd edək ki, Azərbaycanın yanğın-xilasetmə qüvvələri ən qaynar nöqtələrdə fəaliyyət göstərərək Türkiyə xalqının qəlbini fəth ediblər. Qəhrəmanlarımız yanğınla üz-üzə qaldıqları bütün nöqtələrdə olduğu kimi Yeniköy və Kəmərköy İstilik Elektrik stansiyalarının alovlardan qorunmasında da böyük fədakarlıq göstəriblər. Türkiyə rəsmiləri dəfələrlə göstərilən qəhrəmanlığı qeyd ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: