Ordubad XVIII əsrin ikinci yarısı və XIX əsrin əvvəllərində Naxçıvan xanlığının əsas şəhərlərindən biri olubdur. 1828-ci il Türkmənçay sülh müqaviləsinə görə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və əvəzində bu ərazilər İrəvan vilayəti, 1840-cı ildən isə İrəvan quberniyası adlandırıldı. Bununla da Ordubad şəhəri quberniyanın qəza mərkəzlərindən biri kimi bölgənin ictimai-mədəni həyatının mühüm iştirakçısı oldu.
Çar hökuməti bölgədə təhsil siyasətini həyata keçirmək məqsədilə Zaqafqaziya məktəblərinin 2 avqust 1829-cu il tarixli Nizamnamə sənədini elan etdi. Nizamnaməyə əsasən bütün Zaqafqaziyada 20 tədris müəssisəsi fəaliyyət göstərməli idi. Onlardan biri də Ordubad şəhərində açılması nəzərdə tutulmuş qəza məktəbi olmalı idi.
Lakin, təəssüf ki, Qafqazın yüksək çinli dövlət məmurları şəhər əhalisinin azlığını bəhanə gətirərək məktəbin fayda verməyəcəyi haqqında fikir formalaşdırmağa çalışıb və buna nail ola biliblər. Qafqazın baş hakimi baron Rozenin bir neçə məktəbin hansı səbəblərdən açılmaması haqqında rəyi Zaqafqaziya məktəblər direktoruna göndərdiyi əmrdə aydın görünürdü. O yazırdı: “Sizin ötən iyun ayının 13-də 596 saylı raporta görə Dərbənd, Naxçıvan, Şamaxı və Quba, Külpə və Cəlaloğlu, Ordubad və Qazax distansiyasında mənə aydınlaşdırdığınız kimi hər hansı binanın olmaması, həmçinin bu yerlərdə əhalinin azlığı üzündən və ölkədə tədris hissəsinin yeni layihəsi işləndiyindən nəzərdə tutulmuş məktəbləri açmağın mümkünsüzlüyü ilə sizinlə razılaşıram”.
Zaqafqaziya məktəblərinin ikinci (1835) və üçüncü (1848) nizamnamələri də Qafqazın yüksək idarəçilik orqanlarının məmurlarının mövqeləri və məqsədlərindən asılı olaraq Ordubad qəza məktəbinin yaradılması yenə də təxirə salındı. Baxmayaraq ki, hər iki nizamnamə Ordubad qəza məktəbinin yaradılması vacibliyini təsdiq və təsbit edən rəsmi dövlət sənədləri idi.
Ordubad əhalisinin hələ həmin əsrin 30-cu illərindən dövlət məktəblərində təhsilə maraqlı olmasına baxmayaraq, onların “rus təhsilinə” meyil və istəkləri yalnız Qafqaz Tədris Dairəsinin nizamnaməsi (1853-cü il) əsasında həqiqətə çevrildi. Nizamnamədə Ordubad ibtidai məktəbi birsinifli tədris müəssisəsi kimi nəzərdə tutulurdu. Müəyyən hazırlıq işləri başa çatdıqdan sonra məktəbin açılışı 1854-cü ilin 24 noyabrında baş tutdu.
Məktəb il ərzində gümüş pulla 200 rubla kirayə edilmiş binada yerləşirdi. Bütün məktəb binası beş otaqdan və iki dəhlizdən ibarət olmuşdur. İki otaqda nəzarətçi-müəllim yaşayır, qalanları isə sinif otaqları kimi istifadə olunurdu. Məktəbdə aşağıdakı fənlərin öyrədilməsi nəzərdə tutulubdu: 1) Müsəlman əhalinin şəriət qanunları, 2) Rusca oxu və yazı, rus dilinin praktik öyrənilməsi, 3) Azərbaycan dilinin oxusu və yazısı, şəriət dərsləri, 4) Hesabdan ilk dörd əməliyyatlar, adlı və adsız ədədlərin öyrədilməsi.
Ordubad ibtidai məktəbi həm də İrəvan Müəllimlər Seminariyasının baza ibtidai məktəbi hesab olunurdu. Xəzinədən maliyyələşən məktəbin ilk dövrlərdə illik xərci 850 manat hesablanıb.
Ordubad ibtidai məktəbi fəaliyyətinin ilk dövrlərindən şagird kontingentinin milli tərkibinə görə azərbaycanlıların üstünlük təşkil etdiyi tədris müəssisələrindən biri olubdur. Əhali arasında məktəbin nüfuzunun gündəngünə artması, tədris-tərbiyə işlərində müəyyən uğurlar əldə olunması XIX əsrin 90-cı illərində Ordubad ibtidai məktəbinin əsaslı şəkildə yenidən qurulmasını gündəmə gətirdi. Məktəbin struktur-məzmununun kökündən dəyişdirilməsi məqsədilə 2 dekabr 1896-cı ildən 1 iyul 1897-ci ilədək aparılan müzakirə və tövsiyələr əsasında Ordubad birsinifli ibtidai məktəbi 1872-ci il Nizamnaməsinə əsaslanaraq ikisinifli şəhər ibtidai məktəbinə çevrildi. Bu dövrdə də azərbaycanlı şagirdlərin sayında artım dinamikası müşahidə olunur.
Məktəbin əsaslı şəkildə yenidən qurulması şagird heyətinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərirdi. Belə bir cəhəti qeyd edək ki, əgər XIX əsrin son illərində məktəbdə şagirdlərin ümumi sayı 50-60 nəfərdən yuxarı deyildisə və bunlardan yalnız 30-35 nəfərini azərbaycanlı uşaqlar təşkil edirdisə, XX əsrin əvvəllərində əksinə, bu sahədə dinamikanı açıq-aydın şəkildə görmək mümkün idi. Bu cəhət bir də onunla əlaqədar idi ki, 1902-ci ildə məktəb bir daha dəyişilərək, yeni məzmun, quruluş xüsusiyyəti qazandı: ikisinifli şəhər ibtidai məktəbindən üçsinifli şəhər ibtidai məktəbinə çevrildi. Belə bir mahiyyətə və məzmuna malik məktəbə şagird axınının güclənməsi təbii sayılmalıdır. Ordubad ibtidai məktəbi şəhərin və ümumən bölgənin mədəni həyatının inkişafında, əhali arasında maarifin yayılmasında, dünyəvi təhsilin və yeni, mütərəqqi baxışların meydana gəlməsi və inkişafında özünəməxsus yerə, mövqeyə malik olmuş tədris müəssisəsidir. Məktəb dövrünün ictimai- mədəni tədbirlərində, maarifçi-xeyriyyəçi və ictimai faydası olan işlərində lazımi səviyyədə iştirakçı olmuşdur. Şəhərin meteoroloji stansiyasının yaradılması da bu təhsil müəssisəsinin pedaqoji heyətinin əməyi sayəsində mümkün olubdur. Arxivlərdə və dövri nəşrlərdə məktəbin həyatında xüsusi əhəmiyyə malik ictimai-faydalı və mədəni tədbirlər haqqında maraq doğuran faktlar, statistik məlumatlar vardır. Quberniyanın digər tədris müəssisələrində olduğu kimi Ordubad ibtidai məktəbi də dahi şairlərin abidə-heykəllərinin yaradılması məqsədilə ianə toplanışına qoşulubdur. Azərbaycanlılar həm iştirakçı kimi, həm də ianə olunan vəsaitin çoxluğuna görə fərqləniblər. Azərbaycanlı ianəçilər Paşa bəy Cavanşir, Səməd Sultanov, Şükürulla Abdulla oğlu, Həsən Babayev, İbrahimbəyov, Nəcəfbəy Budaqov, Mirzə Məmməd Ağasıyev, Ağalar Əhmədbəyov, Ağa Heydərxan oğlu İbrahimov, Məmməd Heydərxan oğlu İbrahimov, Cəlil Hüseynov, Mehti ağa Razi oğlu Ağasiyev olublar.
Məktəbin fəaliyyət göstərdiyi müddətdə şagirdlərin təlim-tərbiyəsi ilə bir çox qabaqcıl müəllimlər məşğul olubdur. Ordubad ibtidai məktəbində Azərbaycan dili və şəriət fənni üzrə müəllim vəzifəsini ilk illər (1854-cü ildən 1855-ci ilə qədər) Molla Mirzə İsmayıl Axund Mirzə Sadıx oğlu aparmışdır. 1856-1857-ci illər ərzində isə məktəbdə bu fənn üzrə müəllimlik ştatı boş qalmışdır. Azərbaycan dili və şəriət fənninin tədrisi daha çox iki müəllimin-Mirzə Əliməmmədbəy Mirzə Ağa oğlu Əlixanov və Mir Yəhya Səməndərovun adı ilə bağlıdır. Bu müəllimlərin məktəbin azərbaycanlı şagirdlərinin təhsil və tərbiyəsi işində xidmətləri böyük olmuşdur. Hər iki müəllim uzun illər daşıdığı vəzifədə qüsursuz işləmişlər. Arxiv sənədlərindən aydın olur ki, 1857-ci ilin 21 dekabrından şəriət və Azərbaycan dili fənni üzrə müəllim vəzifəsini Mirzə Əliməmməd bəy Mirzə Ağa oğlu Əlixanov tutmuşdur. O, bu vəzifədə fasiləsiz olaraq 30 il (1887-ci ilə qədər) çalışmışdır.
Arxiv sənədləri əsasında müəyyənləşdirmək olur ki, Əliməmməd bəy Əlixanov 1808-ci ildə anadan olubdur. İrəvan quberniyasının bəylərindəndir. 21 dekabr 1857-ci ildən Ordubad ibtidai məktəbində şəriət və Azərbaycan dili müəllimi işləyib.
Ordubad ibtidai məktəbinin şəriət və Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərmiş şəxslərdən biri də Mirzə Yəhya Səməndərov olubdur. O, bu vəzifəni icra edən üçüncü azərbaycanlı müəllim idi. Onun müəllimlik fəaliyyəti 1888-1903-cü illəri əhatə edir. Mir Kərim Əbdüləziz oğlu şəriət və Azərbaycan dili fənnini tədris edən sonuncu müəllimdir. O, 1905-ci ildən 1916-cı ilə qədər böyüyən nəslə doğma dilimizi və şəriət qaydalarını öyrədibdir.
Məktəbin ilk müdiri P.L.Georgiyev olub. O, bu vəzifəni 1854-cü ildən 1861-ci ilə qədər icra edib. Məktəbin ikinci müdiri Andrey Mixayloviç Bezkrovnı olub. A.M.Bezkrovnı əvvəllər Yeni Bayazit birsinifli ibtidai məktəbinə müdirlik edib. Onun 1861-ci ildən 1866-cı ilədək məktəbə rəhbərliyi dövründə tədris müəssisəsində təlim-tərbiyə, maddi-təchizat sahəsində diqqətçəkən uğurlar əldə olunub. A.M.Bezkrovnı sonralar Bakı Mixaylovski ikisinifli ibtidai məktəbində nəzarətçi işləyibdir. Tədris müəssisəsinin ikisinifli (1897), üçsinifli (1903) daha sonralar ali ibtidai şəhər məktəbinə çevrilməsi (1912) nəticəsində tədris fənlərinin sayı artmış, nəticədə ayrı-ayrı fənlər üzrə müəllim və müəllim köməkçisi ştatları da açılmışdır. Məktəbdə Abbas bəy Minasazov (Hüseyn Minasazovun qardaşı), Mir Kərim Mir Abdulla oğlu, D.Q.Yenukidze, V.İ.Muradov, K.S.Çexanov, Q.A.Romanenko, Q.F. Çaladze, K.S.Saruxanov, A.E.Zadelava, M.Ç.Kotiyev, M.Q.Akritov, İ.Q.Didya və başqaları ayrı-ayrı tədris fənləri üzrə müəllim kimi fəaliyyət göstərmişlər. Bu pedaqoqların əksəriyyəti özləri haqqında yaxşı xatirələr qoyub getmişlər.
Məktəbin şərəfli tarixinə adı düşmüş müəllim-pedaqoqlardan biri inquş xalqının ilk görkəmli maarifçilərindən biri Maqomet Çoriyeviç Kotiyevdir. M.Ç.Kotiyev 1886-cı ildə İnquşetiyanın Barsuki kəndində anadan olub. Geniş təhsilə, yüksək səviyyədə dil mənimsəmə qabiliyyətinə malik olub. Beş Avropa dillərini, rus, gürcü, bir çox türk dillərini öyrənmişdir. Qori Müəllimlər Seminariyasını bitirmişdir. 1907-ci ildən 1915-ci ilədək İnquşetiyada, Azərbaycanda (Ordubadda), Dağıstanda müəllim işləmişdir. Tədqiqatçı Yalxaroyeva Marem Axmetovna digər bir tədqiqatçıya əsaslanaraq Maqomet Kotiyevin 1 oktyabr 1909-cu ildən Ordubad ibtidai şəhər məktəbinə müəllim təyin edildiyini göstərir.
Tədqiqat zamanı öyrəndiyimiz problemlə bağlı arxiv sənədlərinin araşdırılması isə daha dəqiq məlumatlar əldə etməyə imkan verdi. Muxtar Respublikanın Dövlət Arxivində Ordubad şəhər ibtidai məktəbinin fəaliyyəti haqqında mühafizə olunan sənədlər tədqiqatçı M.A.Yalxaroyevanın fikrini təsdiq edir. Maqomet Kotiyevin 1912-ci ilin sonunadək bu tədris ocağında işlədiyini müəyyənləşdirmək mümkün oldu. “Culfa müəssisələrinə Ordubad şəhər məktəblilərinin ekskursiyası haqqında qısa hesabat” adlı sənəddən aydın olur ki, Ordubad şəhər məktəbinin Pedaqoji Şurası şagirdlərin ekskursiyasına xüsusi əhəmiyyət verdiyindən yuxarı şöbələrin şagirdlərinin Culfa şəhərinə ekskursiyasını təşkil etməyi qərara almışdır. Ekskursiyaya rəhbərlik Pedaqoji Şura tərəfindən Maqomet Çoriyeviç Kotiyevə tapşırılmışdır. İrəvan Xalq Məktəblər direktorunun razılığı əsasında furqonlar sifariş etmək üçün hər şagirddən bir rubl toplanmışdır. Ekskursiyada 38 şagird iştirak etmişdir. Ekskursiya iştirakçıları 8 noyabr 1912-ci ildə saat 11-də Ordubaddan yola düşmüşdülər. Arxiv sənədində məktəblilərin Culfa şəhərinə ekskursiyasının gedişi və yekunları haqqında məlumat M.Ç.Kotiyev tərəfindən hazırlanmış geniş hesabatda saxlanılır.
Maqomet Kotiyev Rusiyada bolşevik hakimiyyəti dövründə adı kommunist rejiminin təhlükəli siyasi düşməni siyahısında olduğundan 1821-ci ildə Türkiyəyə mühacirət edir. Yaxşı təcrübəyə malik publisist kimi “Yeni Qafqaz” jurnalını (İstanbul, 1930-1950-ci illər) nəşr etdirir. M. Kotiyev Türkiyənin ali hərbi ordeni “İstiklal medalyonu”na layiq görülmüşdür.
Türkiyədə Mehmet Ketey kimi tanınmış inquş xalqının böyük oğlu, maarifçisi və ictimai xadimi Maqomet Kotiyev 1973-cü ildə İstanbulda vəfat edib.
“El həyatı” qəzeti