Muxtar respublikada yayılmış zəhərli ilanlar

A- A A+

Muxtar respublika ərazisində cəmi 3 növ zəhərli ilan yayılıb ki, bunlar da gürzələr fəsiləsinə daxil olan çöl Kiçik Asiya və Zaqafqaziya gürzələridir. Yerli əhali, adətən, zəhərli ilanlarla zəhərsiz ilanları ayıra bilmədiyi üçün ta qədimdən “ilanın ağına da lənət, qarasına da” deyərək onları vurub öldürməyə cəhd göstərib.

Yaz-yay aylarında muxtar respublika ərazisində hər il çoxlu ilan məhv edilir. Bunu uzun illər ərzində müxtəlif bölgələrdən topladığımız məlumata əsasən qətiyyətlə deyə bilərik. Ona görə zəhərli ilanlarla zəhərsiz ilanları bir birindən ayırmaq üçün bir sıra əlamətlərə diqqət etməyi lazım bilirik. Zəhərli ilanların, yəni gürzələrin başı böyük olub, bədəndən çox fərqlənir və başı üzərindəki pulcuqlar bədəndəki pulcuqlardan kiçik olur. Gürzələrin başının arxa tərəfi enlidir və ağıza doğru getdikcə nisbətən küt dairə şəklində qurtararaq üçbucağa bənzəyir. Boynu nazikdir, bədənin yoğun olması aydın şəkildə görünür. Quyruqları qısa, 6-8 santimetr uzunluğunda olub, qurtaracağı, adətən, sarımtıl-yaşıl rəngdə olur. Göz bəbəklərindəki kəsik şaquli istiqamətindədir. Nəhayət üst çənə üzərində ön tərəfdən əzələvi pərdə içərisində bir cüt ucları geriyə doğru əyilmiş qarmaq formalı diş yerləşir ki, onlar da boru şəkilli olub, gözün arxa tərəfində yerləşən zəhər vəzi ilə əlaqəli olur. Həmçinin üst çənələri qısa olduğundan ilan ağzını açarkən cüt zəhər dişləri qabağa doğru yönəlir.

Çöl gürzəsi – gürzələr fəsiləsi içərisində ən kiçiyi olub (60-70 santimetr), bütün bədən boyu belinin ortası ilə rombvari bir “zəncir” (dalğavari zolaq) uzanır ki, bu da onun xarakterik bəzəyi hesab edilir. Bu zolaq ilk baxışda bədənin ümumi rəngindən aydın şəkildə seçilir. Başın üzərində uzunsov, çoxbucaqlı, təpəsi üzərində isə böyük bir pulcuq yerləşir. Çöl gürzəsi Naxçıvanda orta və yüksək dağlıq zonalarda (dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə) yayılmışdır. Bu ilanın zəhəri digər ilanlardan çox qiymətlidir. İldə 5-15 diri bala doğmaqla çoxalır. Rüşeym ana bətnində yumurtanın içərisində inkişaf edərək hazır vəziyyətdə doğulur. Yumurta xaric olan anda qabığı çatlayır və bala dərhal xaric olaraq sərbəst hərəkət edib qidalanır. Çöl gürzəsi zəhərli ilan olsa da, zəhərinin azlığına görə insana öldürücü təsir göstərmir. Adamı çaldıqda möhkəm ağrılar, şişmə, qızartı və ümumi bədən zəhərlənməsi olsa da, ölüm baş vermir. Lakin bu ilanın zəhəri tibbi baxımdan çox dəyərli olub, qızıldan 20 dəfəyə qədər yüksək qiymətləndirilir. Qeyd etmək lazımdır ki, 1 kiloqram quru zəhərdən 20 tona qədər dərman preparatı hazırlanır.

Kiçik Asiya gürzəsi –Naxçıvan ərazisində-Biçənək kəndi yaxınlığında bu ilan növünün olması barədə məlumat 1871-ci ildə Q.Radde tərəfindən verilibdir. Sonrakı tədqiqatlar zamanı herpetoloqlar tərəfindən Soyuq dağ ərazisindən, Ordubad və Biçənək kəndi ətrafından yeni nümunələri əldə edilmişdir. Muxtar respublikada 1200-2500 metr yüksəklikdə Ordubad, Culfa, Şahbuz və Babək rayonlarının dağətəyi sahələrində yayılıbdır. Lakin bu ilanlar insanlar tərəfindən sıxışdırıldığı üçün yalnız insan ayağı dəyməyən sahələrdə qalmışdır. Sayca azalmasının əsas səbəblərindən biri yay aylarında biçənəklərdə ot tədarük edən yerli əhali tərəfindən vaxtaşırı öldürülməsidir. Dünyada sayı kəskin azaldığından nadir növ kimi Beynəlxalq “Qırmızı kitab”a salınıbdır.

Zaqafqaziya gürzəsi – Naxçıvanda yayılmış zəhərli ilanların ən irisi olub uzunluğuna (1.5 metr) və yoğunluğuna görə fərqlənir. Adətən, bədəninin rəngi yaşadığı biotopun rənginə uyğun olaraq açıq boz, tünd boz, ağımtıl və qaramtıl rəngə çalır. Hətta qəhvəyi rəngli qayalıqlarda onun rəngi qayaların rənginə uyğunlaşaraq onu düşmənin gözünə görünməkdən qoruyur. Belinin üzərindən və yanlardan dalğalı zolaqlar keçir. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının ərazisində də tez-tez təsadüf olunur. Əsasən, kolluqlarda, çay və arx kənarlarında, daşlıq, qayalıq yerlərdə və sair özünə məskən salır. Yumurta qoymaqla çoxalır. Müxtəlif növ gəmiricilər və zərərli cücülərlə yemlənirlər. Faunamızda ən zəhərli ilan olmasına baxmayaraq, ona toxunmadıqda heç vaxt insanı çalmır. Yalnız toxunduqda ayaqladıqda, vurduqda və tutmaq istədikdə insana zərər yetirir. Ona görə çöldə və bağ-bostanda çalışan bütün təsərrüfat işçiləri, çobanlar, gəzintiyə çıxan məktəblilər və başqaları zəhərli ilanlara qarşı ehtiyatlı davranmalıdırlar. Xüsusi təsərrüfat sahələrində və yaylaqlarda ilan sancmasına qarşı zərdab saxlanılmalıdır. Zərdabın vurulma qaydası və ilk yardım haqqında tələblər tibb işçiləri tərəfindən məlumatlandırılmalıdır. İlan vurmuş adamı dərhal həkim məntəqəsinə çatdırmaq lazımdır. Xəstəyə spirtli içkilər verilməsi, ilan vurmuş barmağın və sair kəsilməsi və ya yuxarıdan bağlanması xoşagəlməz hallara səbəb ola bilər. Qeyd etmək lazımdır ki, ilan zəhəri qədim dövrlərdə də böyük marağa səbəb olmuşdur. Yunan həkimləri ilanın başını əzərək müəyyən məlhəmlər düzəldiblər. Ona görə bütün dünyada təbabətin emblemi şəfa Allahı Eskulapın şərəfinə qədəhə zəhər tökən ilan təsviri qəbul edilibdir.

                                                        “El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: