Azərbaycanda keçirilən IV Robot Olimpiadasının qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

Avqustun 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında IV Robot Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, IV Robot Olimpiadası Azərbaycan Respublikasının Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə iyulun 24-26-da keçirilib. Üç gün davam edən onlayn olimpiadada dörd kateqoriya üzrə 92 komanda iştirak edib.

Mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Rəşad Bayramov, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qalibləri təbrik edərək, onlara cari il noyabrın 18-21-də Kanadada təşkil ediləcək Dünya Robot Olimpiadasında Azərbaycanı uğurla təmsil etməyi arzulayıblar.

Bütün iştirakçılara sertifikatlar, qaliblərə diplom və hədiyyələr, fəal təlimçilərə diplomlar təqdim olunub.

Qeyd edək ki, Dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilmiş bu Olimpiadada 12 ölkə iştirak etsə də, bu say artıq 80-i keçib. Azərbaycan 2017-ci ildən Dünya Robot Olimpiadasının həqiqi üzvüdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: