İqlim dəyişməsi planetin bütün bölgələrində müşahidə olunur, bu proses getdikcə daha da intensivləşir, yaranan tendensiyalardan bəziləri isə bu mərhələdə artıq geri dönməzdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə BMT-nin İqlim üzrə Hökumətlərarası ekspertlər qrupunun hesabatında qeyd olunub.
Dünyanın 66 ölkəsindən olan 234 ekspert hesab edir ki, bəşəriyyət iqlim dəyişməsinin miqyasını məhdudlaşdırmaq gücünə malikdir. Atmosferə atılan zərərli tullantıları, o cümlədən istixana qazlarını əhəmiyyətli dərəcədə azaldaraq, qısa müddətdə havanın keyfiyyətini yaxşılaşdırmaq və qlobal temperaturu sabitləşdirmək olar.
BMT-nin Baş katibi Antonio Quterreş qeyd edib ki, noyabr ayında Qlazqoda keçiriləcək iqlim konfransı ərəfəsində bütün ölkələr, xüsusən G20-yə daxil olan ölkələr, “sıfır emissiya” koalisiyasına qoşulmaq da daxil olmaqla, iqlim dəyişməsi ilə mübarizəyə sadiq olduqlarını bir daha təsdiq etməlidirlər.
Hesabatda göstərildiyi kimi, insan fəaliyyətinin nəticəsində istixana qazı tullantıları, 1850-1900-cü illərdə qlobal iqlimin selsi şkalası ilə təxminən 1,1 dərəcə istiləşməsinin əsas səbəbi olub. Bu səviyyənin önümüzdəki 20 ildə orta hesabla 1,5 dərəcəyə çatacağı və ya onu keçəcəyi gözlənilir.
Ekspertlər hesab edir ki, iqlim dəyişikliyinin səbəb olduğu quraqlıq, sel, qida çatışmazlığı kimi amillərlə əlaqədar 2020-ci ildə 94 ölkədə 25 milyon insan köç etməli olub.