FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri Köyceğiz rayonunda yanğınların qarşısının alınması işlərini böyük əzmkarlıqla davam etdirirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan yanğınsöndürənləri Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərirlər. Qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Bu qüvvələr Muğla vilayətinin Köyceğiz rayonunun Pınar və Çayhisar kəndlərində yanğınların yayılmasının qarşısını alırlar. FHN-in əməkdaşları həmin kəndlərdə dağlıq ərazilərdə yanğınların söndürülməsi və alovun evlərə yaxınlaşmasının qarşısını fədakarlıqla alırlar. Yerli əhali azərbaycanlı yanğınsöndürənlərin bu ərazilərdə göstərdiyi şücaətə görə minnətdarlıqlarını ifadə edirlər.
Xatırladaq ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola düşüb. Yanğınsöndürənlərimiz təyinat nöqtələrində yanğınların söndürülməsində fədakarlıqla çalışırlar. İyulun 31-də FHN-in 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salınıb. Qrup Gürcüstandan keçməklə iki sutka ərzində Marmarisə çataraq birinci qrupun üzvlərinə qoşulub. Avqustun 5-də səhər saatlarında FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi qardaş ölkəyə yola düşüb. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola salınıb. Avqustun 6-da axşam saatlarında FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salınıb.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə qardaş ölkədədir.