FHN-in qüvvələri tərəfindən Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Fövqəladə Hallar Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Köycegiz, Pınar, Karayer, Kavacık, Çayhisar, Otmanlar rayonu, Kavaklı dərə bölgəsinin Hüseyn Yayla rayonu və Məntəşə bölgəsinin Yılanlı rayonunda yanğınlarla mübarizə aparıblar. Bu rayonlarda müvafiq olaraq yanğınların kəşfiyyatı, söndürülmə və soyutma tədbirləri həyata keçirilib, yanğınların yayılması və infrastruktur obyektlərinə keçməsinin qarşısı alınıb.
Yanğınsöndürmə əməliyyatlarının mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində yanğınsöndürmə və xilasetmə bölmələri gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər. FHN-in yanğın-xilasetmə qüvvələri türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.
Bundan başqa, Köycegiz istiqamətində yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi ötən sutka ərzində 6 dəfə uçuş həyata keçirməklə 57 ton, helikopter isə 21 dəfə uçuş həyata keçirməklə 53 ton su töküb.
Bölgə üçün strateji əhəmiyyət kəsb edən Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının FHN qüvvələri tərəfindən sutkalıq fasiləsiz mühafizəsi davam etdirilir.