Bu il muxtar respublikada 26 qadına sərmayə kapitalı verilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi “İcma Quruculuğu Təşəbbüsləri” proqramı çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində tədbir keçirilib. 

Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə Komitə sədri Ramilə Seyidova adıçəkilən layihənin icrasının muxtar respublikada qadınların məşğulluqlarının artırılmasına xidmət etməklə yanaşı, ailə təsərrüfatlarının, həmçinin gələcəkdə mikro və makro biznes sahələrinin inkşafına kömək etmək məqsədi daşıdığını deyib.

Layihə çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır”, biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında keçirilən təlimlərdə Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli rayonlarının hər birindən 2, Culfa, Sədərək rayonlarından 3, Naxçıvan şəhərindən isə 12 nəfər olmaqla, ümumilikdə 28 sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadının iştirakı təmin olunub.

Təlimlərin sonunda ən uğurlu biznes planı hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilib. 2021-ci ilin aprel-avqust ayları ərzində həyata keçirilən layihə çərçivəsində 20 nəfərə maksimum 500 ABŞ dolları sərmayə kapitalı verilməsi nəzərdə tutulsa da, qadınların maraqları, müraciətləri və ehtiyacları nəzərə alınaraq 26 qadına sərmayə kapitalı verilib.

Qeyd edək ki, sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ tətbiqi sənət, silahsazlıq, toxuculuq sahəsi ilə məşğul olmaları üçün verilib.

Ümumilikdə layihə çərçivəsində verilən sərmayə kapitallarının dəyərinin 17 min manat  olduğunu deyən Komitə sədri  bildirib ki, sərmayə kapitalı almış qadınlar üçün ilk öncə VÖEN-lər açılıb və alacaqları vəsaitlər bank hesablarına köçürülüb.

Həmçinin layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən bağlanmış müqavilələr Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib.

Layihə iştirakçılarından Tovuz Məhərrəmova, Səkinə Qarayeva və Reyhan Salmanova onlara və ailələrinə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə qadınlar arasında bağlanmış müqavilələrin təqdim olunma mərasimi keçirilib.

Komitənin foyesində qadınlara verilmiş sərmayə kapitalının dəyərində alınmış aktivlərin bəziləri nümayiş edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: