Kəngərli rayonda “Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonda “Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına uyğun olaraq keçirilən yubiley tədbirində Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova qəzetin mətbuat tariximizdəki rolundan, muxtar respublikanın, o cümlədən də Kəngərli rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsində əhəmiyyətindən bəhs edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru, əməkdar jurnalist Mehriban Sultanova 100 yaşlı mətbu orqanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, müstəqillik illərində milli mətbuatımıza göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, “Şərq qapısı” qəzeti müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb. 

Bildirilib ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında mətbuatın cəmiyyətin, ictimai-siyasi fikrin formalaşmasında oynadığı roldan bəhs edib, “Yeni həyat” qəzeti əməkdaşlarının fəaliyyətindən söhbət açıb, yeni dövr muxtar respublika mətbuatının inkişafından danışıb.  

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva, “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi Həsənov, “Yeni həyat” qəzetinin redaktoru Babək İsmayılov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Etimad Məmmədov, “Yeni həyat” qəzetinin məsul katibi Anar Qasımov çıxış edərək “Şərq qapısı” qəzetinin Kəngərli rayonunun ictimai-siyasi, mədəni, sosial həyatını geniş şəkildə işıqlandırmasında, milli mətbuatımızın inkişafında, jurnalist kadrların hazırlanmasındakı rolundan ətraflı söhbət açıblar. Tədbir ərzində qəzetin tarixi inkişaf yolu və iş prinsipini, 100 illik yubileyi ilə bağlı keçirilən tədbirləri əks etdirən, son illərdə Kəngərli rayonunun müxtəlif sahələrdə qazandığı uğurlardan bəhs edən videoslayd nümayiş olunub.

Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən “Yeni həyat” qəzetinin redaktoru Babək İsmayılova fəxri fərman və hədiyyələr, digər qələm sahiblərinə hədiyyələr təqdim olunub.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: