Ölkənin ən böyük buzxanası Naxçıvanda yerləşir - FOTOLAR
Naxçıvan şəhərindəki “Buzxana” tarixi memarlıq abidəsi 2013-cü ildə bərpa işlərindən sonra istifadəyə verilib. NUHÇIXAN xəbər verir ki, XII-XIV əsrlərə aid olan bu abidə Azərbaycanda ən böyük buzxanadır. Ötən əsrin əvvəllərinə qədər isti yay aylarında Naxçıvan sakinləri məişətlərində burda saxlanan buzdan istifadə ediblər. Buzxana həm də mətbəx mədəniyyətimizin bir parçasını özündə yaşadan maddi mədəniyyət nümunəsidir. Bərpa edilən yaraşıqlı abidə hazırda ictimai iaşə obyekti kimi fəaliyyət göstərir. Məqsəd həm qədim memarlıq nümunəmizi , həm də milli mətbəximizi təbliğ etməkdir. Ona görə də bura turist və yerli sakinlərin ən çox üz tutduğu ünvanlardan biridir. Qonaqlar qədim memarlıq üslubunda inşa edilən otaqlarda milli mətbəximizin ləziz təamları olan dolma, plov, piti, növbənöv kabablar, salatlar, isti və soyuq içkilərin dadına məmnuniyyətlə baxırlar.
Milli mətbəxdə eyni vaxtda 80 nəfərə xidmət göstərmək mümkündür və burada 9 nəfər işlə təmin olunub.
Cavid Səfərli