Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Örl Litzenberqer Naxçıvanda sahibkar qadınlarla görüşüb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, səfir Örl Litzenberqerin Naxçıvana səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin iştirakçısı olmuş qadınlarla görüşü keçirilib.

Görüşdə Komitə sədri Ramilə Seyidova layihənin icrası ilə əlaqədar ətraflı  məlumat verib. Bildirib ki, layihənin icrası 2021-ci ilin aprel ayında başlanılıb, avqust ayında isə yekunlaşıb. Layihə çərçivəsində 20 qadına maksimum 500 ABŞ dolları dəyərində sərmayə kapitalı verilməsi nəzərdə tutulub. Lakin qadınların  sahibkarlığa maraqları nəzərə alınaraq 26 qadına sərmayə kapitalı verilib. Ümumilikdə verilən sərmayə kapitallarının dəyəri 17 min manat təşkil edib.

Layihə çərçivəsində keçirilən təlimlərdən danışan Ramilə Seyidova  vurğulayıb ki, layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən müqavilələr bağlanılıb və bu müqavilələr Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib. Əlavə olaraq, ümumilikdə 26 qadına sərmayə kapitalı verilib. Verilən sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 30 faizi isə dərzilik, xalçaçılıq, dekorativ tətbiqi sənət, silahsazlıq, toxuculuq sahəsi ilə məşğul olmaları üçün verilib.

Tədbirdə çıxış edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Örl Litzenberqer Layihənin icraçılarına təşəkkür edib. Bildirib ki, bu layihənin icrasında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin mühüm rolu olsa da, ən böyük məsuliyyət və zəhmət layihə iştirakçısı olan qadınların üzərlərinə düşür. Səfir bəzi qadınların fiziki imkanlarının məhdud olmasına, ailə başçısını itirməsinə, düşdüyü çətin vəziyyətlərə baxmayaraq, böyük fədakarlıq göstərərək, daha da səylə çalışmalarına hörmətini ifadə edib, bu fəaliyyətləri yüksək qəhrəmanlıq adlandırıb.

Komitənin foyesində layihə  çərçivəsində keçirilən  tədbirlərdən, sərmayə kapitalı əldə etmiş qadınların qurduqları təsərrüfat sahələrinin fotolarından,  qadınların aldıqları sərmayə kapitalı dəyərində əldə etdikləri aktivlərin bəzilərinin, qadınların əl işlərinin, o cümlədən xalçaçılıq, toxuculuq, silahsazlıq, dərzilik, arıçılıq və digər məhsullarının sərgiləndiyi sərgi Səfir və rəhbərlik etdiyi  nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Sonda qonaqlar və layihə iştirakçıları birgə xatirə şəkli çəkdiriblər. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: