Bu gün Aşura günüdür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.
Bu il Məhərrəm ayının 10-cu günü olan Aşura günü avqustun 19-na təsadüf edib.
Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.
Məhərrəmlik ayinləri bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində davam edib. Məcburi karantin tədbirləri virus təhlükəsinin çoxalmaması üçün insanların sıx toplaşmaması qaydalarını nəzərdə tutub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə ediblər ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir.