İkinci Qarabağ müharibəsi tariximizin şanlı səhifələrinə ünyetməz qəhrəmanlıq salnaməsi, əlçatmaz şərəf dastanı kimi yazıldı. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz erməni qəsbkarlarının heç bir ağıla və məntiqə söykənməyən saxta torpaq iddialarını puç edib, əzəli-əbədi torpağımız olan Qarabağımızı öz sahiblərinə qovuşdurdu. Bu müharibədə şücaətli ordumuz, cəsur əsgər və zabitlərimiz öz canı, qanı bahasına əbədi zəfər bayramını xalqımıza bəxş etdi. Şübhəsiz ki, torpaqlarımızın düşməndən azad olunması uğrunda misilsiz qəhrəmanlıq göstərən şəhidlərimizin, qazilərimizin, hərbi qulluqçularımızın ailələri isə bu gün dövlətimiz tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunub. Bunun nəticəsidir ki, 26 İyun – Silahlı Qüvvələr Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov şəhidlərimizin ailələri ilə görüşüb, 13 şəhid ailəsinə yeni mənzillərin açarlarını təqdim edib. Həmin şəhid ailələrindən biri də Bağır Ələkbərovun ailəsidir.
Bağır Ələkbərov 1995-ci ildə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində hərbçi ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvan şəhər 705 nömrəli tam orta məktəbdə alıb, atasının xidməti ilə əlaqədar Culfa şəhərinə köçdüklərindən orta təhsilini şəhər 3 nömrəli tam orta məktəbində başa vurub. 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib.
2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasına qarşı ermənilərin növbəti təxribatı zamanı Xüsusi təyinatlı qüvvələrin tərkibində olan Bağır Ələkbərov Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq yüksəkliyinin, Qızılqaya, Qaraqaya dağlarının azad olunmasında, Dərələyəz mahalının Arpa kəndinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi üçün gedən döyüşlərdə fəallıq göstərir.
Bağır Ələkbərov 44 günlük Vətən müharibəsində Şuşanın, Xocavəndin, Hadrutun düşməndən azad olunmasında böyük şücaət göstərib və oktyabrın 15-i Hadrut uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.
Şəhidimizin ailəsi ilə həmsöhbət olmaq üçün biz də bir ünvanın yolunu tutduq. İlk getdiyimiz ünvan şəhidimizin doğulub boya-başa çatdığı Əliabad qəsəbəsindəki evi oldu. Bu ev kiçik olsa da, ümman qədər kədəri var, dağlar qədər vüqarı, fərəhi göylər qədər fəxri var. Evin hər küncü, bucağı ondan danışır. Hər yerdə onun adı çəkilir, onun xatirələri anılır. Sanki ev də onsuzluğa öyrəşməyib.
Şəhidimizin otağında əyləşmişik... Ortalığa sükut çöküb... Kim bilir, bəlkə də bu lal sükut bir zamanlar nə xoşbəxtliklərə, nə sevinclərə şahid olub. Otağın bir güncündəki rəfin hər tərəfi onun xatirələri ilə doludur. Bir tərəfdə ailəsi ilə çəkdirdiyi, bəlkə də həyatının ən xoşbəxt anlarını yaşadığı şəkilləri, keçmiş gözəl günlərinə boylanan xatirə əşyaları dayanıb. Digər tərəfdə isə Vətən göylərinin ənginliklərinə yüksəltiyi, şəhid tabutunun üstünü bəzəyən o üçrəngli, ay-ulduzlu bayraq asılıb. Rəfin üzərinə düzülmüş şəkillər izləyir bizi, çöhrəsindəki təbəssümlə, süzgün baxışlarla bizə elə baxır ki, sanki hiss edib onun üçün gəldiyimizi.
Gəldiyimizdən bəri ortalığa çökmüş bu sükutu pozmalıyam axı. Nə danışım? Kimdən soruşum onu? Kimi dindirim? Ürəyi övlad həsrəti ilə yanıb, qovrulan Ələviyyə ananı, yoxsa oğul dağından üzünə qəm çökmüş Əsəd atanı? Bilmirəm...
Ortalığa hakim kəsilən bu səssizliyi şəhidimizin atası Əsəd əmi pozur. Gözlərindəki oğul yanğısı hiss olunsa da, məğrur dayanıb, qürur hissi ilə deyir: “1995-ci ilin fevral ayında ailəmiz daha da böyüdü, ocağıma isti nəfəs olan Bağırım dünyaya gəldi. Elə körpəlikdən hər şeyə can atmağı, ürəkli, qorxmaz davranışı, şirin-şəkər şıltaqlığı ilə seçilirdi məhəllədəki həmyaşıdlarından. Hərbçi ailəsində doğulduğu üçün lap kiçik yaşlarından hərbiyə böyük həvəsi var idi. Elə bu arzusu, xəyalı əlindən tutub onu Vətənin keşiyində durmaq kimi çətin və şərəfli bir işin ardınca apardı. 2013-cü ildə Xüsusi Təyinatlı Qüvvələrdə snayperçi kimi hərbi xidmətə başladı. Xidmətini qurtarmağa 3 ay qalmış nizam-intizamını, qabiliyyətini nəzərə alaraq ona gizir rütbəsi verilibdi, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə və nümunəvi davranışına görə fəxri fərmanla təltif edilibdi. Bağır arzularının ardınca getməkdən heç vaxt bezməzdi, yorulmazdı. Kollektivində həmişə sayılıb-seçilərdi, hər kəsin hörmətini qazanıbdı. Buna görə də, dövlət tərəfindən ixtisasını təkmilləşdirmək üçün Türkiyəyə göndərildi, burada “Özəl qüvvət kəskin nişancı”, sonra isə “Özəl qüvvət uzman nişancı” kurslarını uğurla başa vuraraq sertifikat aldı. Bu gün mən onunla fəxr edirəm. Fəxr edirəm ki, oğlum torpaqlarımızın düşməndən azad olunması uğurda vuruşaraq şəhidlik məqamına yüksəlib. İndi ondan geriyə iki övladı yadigar qalıb. Onlara da dövlətimiz tərəfindən böyük diqqət, qayğı göstərilir.”
Əsəd əmiylə başladığımız söhbətə şəhidimizin anası ilə davam edirəm. Vüqarını oğlunun müqəddəs məqamından alan Ələviyyə ana deyir ki, müharibənin ən şiddətli anında belə onunla danışarkən bizə təskinlik verərdi. O, xalqını, millətini, Vətənini hər şeydən, hər kəsdən üstün tutardı. Vətən dara düşəndə onun qeyrətli oğulları ondan ötrü can verməli, qan tökməli, onun sipəri olmalıdır. Bağır da belə oğullardan idi. O, torpağa bağlılıq, Vətənə sədaqət ruhunda böyümüşdü. Elə bil torpaq üçün yaranmışdı. Bəlkə də, qismət, məsləhət belə imiş. Ölüm sevinməsin! Çünki o ölmədi. Əksinə, ölməzlik qazandı.
Evdən ayrıldıqdan sonra bir ünvana gəlib dayanmışam. Şəhidimizin müqəddəs məzarı başında.
Şəhidim, qəlbimizdə Bağır adlı bir dünya var, o dünyada Bağır kimi oğullar böyüyəcək, adı dillərdə deyiləcək, neçə-neçə gəncə örnək olacaq, yurduna xoşbəxtlik, sevinc bəxş edəcək. Məzarında rahat uyu. Hələlik, Şəhid qardaşım, hələlik...
Məcid Əkbərov
Naxçıvan Dövlət Universiteti
Jurnalistika ixtisası II kurs tələbəsi